Sahəyə dövlət nəzarətinin əsas tələbi budur
Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 4 əsas istiqamət üzrə qanunvericiliyin təkmilləşdirilməsi və funksional fəaliyyətin təşkili ilə bağlı əhəmiyyətli nəticələr əldə edib. İl ərzində ölkədə rəqabət mühitinin qorunması, dövlət satınalmalarında əlçatanlığın təmin olunması, keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Bu və digər məsələlər barədə qurumun 2023-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verildi.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurum tərəfindən ötən il rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, keyfiyyət infrastrukturu və istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar həyata keçirilən tədbirlər və maarifləndirmə işlərindən ətraflı bəhs etdi. Ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə rəqabətin qorunması istiqamətində mühüm addımlar atıldığını vurğulayan xidmət rəisi ötən il “Dövlət satınalmaları haqqında” yeni qanunun təsdiq olunduğunu, həmçinin Rəqabət Məcəlləsinin Milli Məclisdə üçüncü oxunuşda qəbul edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, bu qanunvericlik aktları sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının inkişafına, ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verəcək.
M.Abbasbəyli qeyd etdi ki, 2023-cü ildə Dövlət Xidməti tərəfindən rəqabət vəziyyətinin təhlil edilməsi məqsədilə kənd təsərrüfatı sektoru, karqo xidmətləri, dərman vasitələri və genişzolaqlı internet xidmətləri üzrə bazar araşdırmaları aparılıb, rəqabət təhlillərinin nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüb. Bildirildi ki, ötən il haqsız rəqabətə yolvermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. Bundan əlavə, 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb.
Cari ilin yanvar ayının 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanunun qüvvəyə minməsi, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldığını vurğulayan M.Abbasbəyli dedi ki, elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək. Bu sahədə əldə olunan uğurlu nəticələri xarakterik rəqəmlər əsasında diqqətə çatdıran xidmət rəisinin sözlərinə görə, ötən il ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub. Hesabat dövründə ümumi satınalmalarda elektron satınalmaların payı 22,4 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 32,9 faiz çoxdur.
Mətbuat konfransında, həmçinin “etender.gov.az” portalının funksionallığının artırılması, dövlət qurumları ilə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyasını həyata keçirib.
Keyfiyyətə nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə media təmsilçilərinə məlumat verən xidmət rəisinin dediyinə görə, ötən il “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Bildirildi ki, sözügedən sənədin icrası nəticəsində Azərbaycanda beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcək.
Son illər ölkədə yeni dövlət standartlarının qəbulu istiqamətində də uğurlu nəticələrə imza atıldığı diqqətə çatdırıldı. Belə ki, 2023-cü ildə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 139 yeni dövlət standartı qəbul olunub, ki bu da əvvəlki ilə nisbətən iki dəfədən çox artım deməkdir.
Hesabat ilində Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Qurum rəhbərinin dediyinə görə, 2023-cü ildə Azərbaycan Metrologiya İnstitutu ölkəyə idxal olunan mindən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib. Eyni zamanda, ötən il Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərinə 72 min 554 mənşə sertifikatı verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz çoxdur.
Mətbuat konfransında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən il ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə də geniş məlumat verildi. Bildirildi ki, 2023-cü ildə bu istiqamət üzrə Dövlət Xidmətində, ümumilikdə, 7597 müraciətə baxılıb. Bu isə 2022-ci ilin göstəricisindən 36,4 faiz yüksəkdir. Bununla yanaşı, ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində əvvəlki illə müqayisədə 26,6 faiz artıma nail olunub. Müraciətlərlə bağlı aparılan ciddi araşdırmaların nəticəsi olaraq il ərzində sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb ki, bu da 2022-ci illə müqayisədə 83 faiz çoxdur.
Diqqətə çatdırıldı ki, daxil olmuș vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuș sübutlara əsasən, 38 hüquqi və 15 fiziki şəxs barəsində, ümumilikdə, 83 inzibati xəta haqqında protokol tərtib edilib. Bu da 2022-ci illə müqayisədə 6 dəfə artm deməkdir. Müraciətlərdə, əsasən, istehlakçılar onların aldadılması, hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməməsindən narazlılqlarını ifadə ediblər. Həmçinin hesabat dövründə xarici ölkələrdən çatdırılma xidməti həyata keçirən 5 şirkət, təhsil xidməti göstərən 2 şirkət, MTK-larla bağlı 3 şirkət, həmçinin təmir-tikinti xidmətləri göstərən 1, sosial şəbəkə vasitəsilə məişət texnikası satışını həyata keçirən 1 fiziki şəxs tərəfindən yol verilən qanunsuzluqlar barədə istehlakçıların müraciətlərinə baxılıb. Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılması və dələduzluq əlamətləri ilə bağlı ilkin dəlillər aşkar olunduğundan həmin şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar prokurorluq orqanlarına təqdim edilib.
Sonda xidmət rəisi Məmməd Abbasbəyli, eləcə də rəis müavinləri Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırdılar.
Mirbağır YAQUBZADƏ
XQ