Bu il yanvarın 1-nə ölkəmizin valyuta ehtiyatları 67 milyard 683 milyon dollar təşkil edib. Bunun 83 faizi və yaxud 56 milyard 70 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 17 faizi və yaxud 11 milyard 613 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkəmizin valyuta ehtiyatları 2 milyard 383 milyon dollar və yaxud 4 faiz artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 546 milyon dollar və yaxud 1 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 838 milyon dollar və yaxud 19 artım olub.
Son 1 ildə Azərbaycanınn valyuta ehtiyatları 9 milyard 653 milyon dollar və yaxud 17 faiz, ARDNF-nin valyuta ehtiyatları 7 milyard 36 milyon dollar və yaxud 14 faiz, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617 milyon dollar və yaxud 29 faiz artıb.
ARDNF-nin məlumatına əsasən, 2023-cü ildə bu maliyyə qurumunun büdcə gəlirləri 21 milyard 662 milyon manat, büdcə xərcləri isə 11 milyard 833 milyon manat olub. Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 324 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 milyard 519 milyon manat, bonus ödənişləri 801 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat təşkil edib. Maliyyə qurumunun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 338 milyon manata çatıb.
Xatırladaq ki, hesabat dövründə ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 738 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bundan başqa “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 28 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 34,3 milyon manat yönəldilib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı qurumun büdcədənkənar gəlirləri isə 2 milyard 132,1 milyon manat təşkil edib.
Yeri gəlmişkən, ARDNF-nin neft–qaz gəlirlərinin formalaşma mənbələrindən ən böyük hissəni “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından əldə olunan gəlirlər təşkil edir. Bu gəlirlərin formalaşması dinamikasına həmin yataqlar üzrə hasilat göstəriciləri və enerji daşıyıcılarının dünya bazar qiymətləri kimi amillər mühüm təsir göstərir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yataqlar bloku üzrə sazişlə bağlı xarici sərmayədarlar tərəfindən Dövlət Neft Fonduna bonus məbləğinin 7-ci hissəsi–450 milyon dollar da ödənilib.
Ümumiyyətlə, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də, 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişlə yataqların 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub. Sənədin 29.2-ci maddəsinə əsasən, 2018–2025-ci illər ərzində investorlar tərəfindən, ümumilikdə, 3,6 milyard dollar məbləğində bonus ödənişlərinin ödənilməsi qərara alınıb.
ARDNF-in məlumatına görə, Dövlət Neft Fondu 2023-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 899 milyon dollar məbləğində gəlir əldə edib.
ARDNF ötən il “Şahdəniz”dən gələn gəlirləri də açıqlayıb. Belə ki, maliyyə qurumu hesabat dövründə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 308 milyon dollar həcmində gəlir əldə edib.
“Şahdəniz” layihəsinin 2-ci mərhələsinin uğurlu icrası və 2021-ci ildən etibarən Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya çatdırılması və satışı ARDNF-nin neft gəlirləri ilə yanaşı, qaz gəlirlərinin də əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnib. Son iki il ərzidə baş verən hadisələr fonunda, Avropada qazın satış qiymətinin rekord hədlərə yüksəlməsi, bununla yanaşı, qaz hasilatının artan dinamikası və nəticədə dövlətin payının artması 2022-ci və 2023-cü illərdə “Şahdəniz” layihəsi üzrə sözügedən fondun gəlirlərinin müvafiq olaraq 1,4 milyard dollar və 1,3 milyard dollar təşkil etməsinə səbəb olub və bu layihə tarixində ən yüksək gəlir göstəricisi kimi qeydə alınıb.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı il oktyabrın 17-də ratifikasiya olunub. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf edilib. 2013-cü il dekabrın 17-də isə Bakıda imzalanan sənədlərə görə adıçəkilən yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
Fondun yaxın dövr ərzində ölkədən kənarda hər hansı bir şirkət və ya layihədə pay almaqla bağlı planlarına gəldikdə isə qeyd edək ki, bu maliyyə qurumu büdcə xərcləri çərçivəsində dövlət büdcəsinə transfertlərlə yanaşı, həm də müxtəlif strateji əhəmiyyətli sosial-iqtisadi layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Geosiyasi müstəvidə baş verən münaqişələr və digər proseslər, eyni zamanda, bunun mənfi təzahürləri ilə qlobal səviyyədə neftin hasilatının həcminə dair razılaşdırılmış qərarlar “qara qızıl”ın qiymətinin proqnozlaşdırılmasında həlledici rol oynayır. Yeri gəlmişkən, ARDNF-in 2024-cü il üçün gəlirlərinin formalaşması üçün istifadə olunan neftin baza qiyməti bir barel üçün 60 ABŞ dolları təşkil edir. Belə bir qiymətin daha yüksək səviyyələrdə reallaşması nəticəsində isə xərclərin dəyişməz qalması fonunda büdcənin neft gəlirlərinin artıq icrası ilə nəticələnəcəyi, ARDNF-in büdcə balansına müsbət təsir edəcəyi gözlənilir.
Vaqif BAYRAMOV
XQ