Ölkəmiz rəqəmsal və kosmik inkişafda da sürətlə ön mövqelər qazanır

post-img

Bu sahədə 152 şirkət uğurla fəaliyyət göstərir

Yola saldığımız 2023-cü il Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üçün də yaddaqalan olub. İl ərzində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində regionlarda genişzolaqlı internetə çıxış imkanları xeyli artırılıb, ölkə üzrə genişzolaqlı internetə çıxışı olan ev təsərrüfatlarının xüsusi çəkisi 60 faizə çatdırılıb. Cari ilin sonunadək isə bu rəqəmin 100 faizə çatdırılacağı proqnozlaşdırılır.

Bu və digər məsələlər İKT sektoru üzrə hazırlanmış geniş icmalda öz ək­sini tapıb. Məlumatda qeyd olunur ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internet operatorlarını və provayderlərini, o cümlədən hostprovayderlərini uçota almağa başlayıb. Ötən müddətdə 152 şirkət uçota götürülüb. Hazırda bu proses davam edir.

Azərbaycanda getdikcə artan ki­bertəhlükəsizlik çağırışlarına cavab ola­raq il ərzində RİNN İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Artıq 60-dan çox vətəndaş mərkəzin mə­zunu olub.

Ötən il Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” şirkəti ara­sında əməkdaşlıq müqaviləsi imzala­nıb. Müqaviləyə əsasən, ABŞ şirkətinin “Starlink” adlı genişzolaqlı peyk internet xidməti bu ildən Azərbaycan bazarına çıxarılacaq.

2023-cü ildə Azərbaycan 50 illik fasilədən sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Sayca 74-cü olan konqres zama­nı müxtəlif ölkələrin rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, sənədlər im­zalanib. Bu baxımdan “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peykinin (“Azersky-2”) hazırlanması üzrə əməkdaşlıq müqaviləsi xüsusi əhəmiyyət daşıyır. Müqaviləyə əsasən, peyk IAI-ın dəstəyi ilə Azərbaycanda yığılacaq. “Azersky-2” peykinin isə qısa müddətdə orbitə göndəriləcəyinə ümidlər böyükdür. 

Xüsusi Rabitə və İnformasiya Təh­lükəsizliyi Dövlət Xidməti, Dövlət Təh­lükəsizlik Xidməti və RİNN birgə təşkilat­çılığı ilə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri də ilin yaddaqalan hadisələrindən biri kimi diqqət çəkir. 

Ötən ilin mühüm hadisələrindən biri də işğaldan azad olunmuş Laçın şəhərin­də “Azconnexus” platforması üzərindən internet xidməti təmin etmək məqsədilə ilk KA diapazonlu antena quraşdırılması ilə bağlı olub. Xatırladaq ki, bu antena adıçəkilən rayonda və bir sıra ətraf əra­zilərdə yüksək sürətli internetə əlçatan­lığı təmin edib. İl ərzində RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Digital.Azerbaijan” brendini təq­dim etməklə ölkəmizin bu sahədə yön aldığı istiqaməti bir daha rəsmiləşdirib.

Yeri gəlmişkən, əvvəlki ildə görülmüş işlərin 2024-cü il üçün yaxşı zəmin yarat­dığını bildirən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sə­nayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov mət­buata açıqlamasında deyib ki, ötən ilin ən əhəmiyyətli hadisələrindən biri 3 il ər­zində icrası nəzərdə tutulan, hamı üçün əlçatan internet layihəsinin ikinci ilinin uğurla yekunlaşmasıdır. Onun sözlərinə görə, layihə çərçivəsində ölkə əhalisinin 60 faizinin internetə əlçatanlığı təmin edilib. Bu il isə həmin rəqəmin 100 faizə çatdırılması planlaşdırılıb. 

Azərbaycanda “ağıllı kənd” və “ağıl­lı şəhər” konsepsiyalarının uğurla icrası da beynəlxalq reytinqlərdə ölkəmizin reputasiyasının və imicinin artmasına səbəb olub. Azərbaycan Kibertəhlükə­sizlik Mərkəzinin fəaliyyətə başlaması da ötən ilin ən mühüm hadisələrindən biridir. Belə ki, həm ölkəmizin kadr potensialı­nın artırılması, həm də kiberməkanda müdafiənin möhkəmlənməsi baxımından mərkəzin yaradılması xüsusi əhəmiyyət kəsb edir. “Ümumilikdə götürsək, 2023-cü ilin İKT sektoru üçün əhəmiyyətli dövr olduğunu qeyd edə bilərəm. Hər gün dövlət xidmətlərinin daha da rəqəmsal­laşdığının şahidi oluruq. Hesab edirəm ki, aparılan bu siyasət növbəti illərdə də davam edəcək və Azərbaycanın həm Cənubi Qafqazda, həm də Xəzər regio­nunda texnologiya habına çevrilməsi pro­sesi daha da sürətlənəcək. Bu gün bizim qarşımızda duran ən əsas məsələlərdən biri də məhz texnoloji məhsul ixracını artırmaq və bu sahədə dünyada öncül mövqeyə çıxmaqdan ibarətdir”, - deyə ekspert əlavə edib.

“Azərbaycan İnternet Forumu”nun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz ötən il ölkəmizin İKT sektorunda baş vermiş əlamətdar və yaddaqalan hadisələrə diqqət çəkərək bildirib ki, işğaldan azad edilmiş əra­zilərdə il ərzində Ermənistandan daxil olan informasiya, rabitə və internet tra­fikinin qarşısının alınması, bölgədə milli telekommunikasiya, televiziya və radio yayımı infrastrukturunun, dövlət şəbəkə­sinin qurulması istiqamətində mühüm iş­lər həyata keçirilib. Onun dediyinə görə, Qarabağda qanunsuz fəaliyyət göstərən, beynəlxalq kodlar əldə edən “Karabakh Telecom” operatorunun 20 illik fəaliyyə­tinə son qoyulub ki, bu da ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. 

Ölkə üzrə genişzolaqlı internet şə­bəkəsinin qurulmasını nəzərdə tutan “Onlayn Azərbaycan”la bağlı əldə olunan uğurlardan bəhs edən ekspert sözügedən layihə çərçivəsində son bir-iki ildə əvvəlki on illər ərzində olduğundan dəfələrlə çox işlər görüldüyünü bildirib. O.Gündüz onu da qeyd edib ki, ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi büdcədən heç bir vəsait almadan beynəlxalq qurumlardan əldə etdiyi kredit hesabına infrastrukturla bağlı nəhəng işlər görə bilib. Belə ki, il ər­zində 1 milyonadək ev təsərrüfatına fiber optik internet bağlantısı qurulub. Fiber optik bağlantı qurulan məktəblərin sayı da əvvəlki illərdən dəfələrlə çox olub. 

Ekspert ölkənin İKT sektorunda tənzimləyici funksiyanı yerinə yetirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya və Kommunikasiya Texno­logiyaları Agentliyinin fəaliyyətə başla­masını, 5G ilə bağlı Dövlət Radiotezliklər İdarəsi ilə birgə müəyyən addımlar atma­sını – televiziyaların istifadə etdiyi tezli­yin 5G üçün ayrılmasını, 150 provayderi uçota cəlb etməsini, eləcə də internetin keyfiyyətinə nəzarət məqsədilə bütün provayderləri əhatə edən mərkəzləşmiş sistemin qurulmasını da ilin yaddaqalan hadisələri kimi dəyərləndirib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat