Azərbaycan etibarlı beynəlxalq tranzit keçiddir

post-img

Yollar daha qısa, yükaşırımı xeyli sürətlidir

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan bu gün, həm də digər dəhlizlərlə müqa­yisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan respublikamızın tranzit po­tensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla yanaşı, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin ar­tırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində reallaşdırılan birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. 

Bu istiqamətdə həyata keçirilən təd­birlərin nəticəsidir ki, son 10 il ərzində ölkəmizin nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faizə yüksəlib, yeni inf­rastruktur qurulub, respublikamız regi­onal əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib.

Nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrin uğurlu nəticələri də bunu aydın göstərir. Məsələn, keçən ilin yanvar–noyabr aylarında dəniz nəqliyyatı ilə 1 milyard 777 milyon dollar dəyərin­də 2 milyon 425 min ton yük daşınıb və bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 38,5 faiz və 2,5 dəfə çox­dur. Həmçinin hesabat ilinin 11 ayında dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 74 min 139 ton (33,9 faiz artım), dəyəri 168 milyon 456 min dollar (2,8 dəfə çox), idxal olunan yüklərin həcmi 2 milyon 351 min ton (2,6 dəfə çox), dəyəri isə 1 milyard 608 milyon dollar (35,7 faiz artım) təşkil edib. 

Şübhəsiz ki, bu göstəricilərin əldə edilməsində Bakı Dəniz Ticarət Lima­nı əhəmiyyətli rol oynayıb. Limanda 2023-cü ilin yanvar–noyabr ayları ərzin­də 6 milyon 735 min tondan çox yük aşı­rılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqa­yisədə 15 faizdən çox artım deməkdir.

Dünyada baş verən proseslər səbə­bindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan Bakı limanı açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müa­sir mərhələsinə qədəm qoyub. 

“Bir kəmər, bir yol” meqalayihənin əsas qollarından olan bu liman dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayır. Bakı limanı üzərindən artan yük həcmlərinin qəbulu və ötürülməsi prose­sini daha rahat həyata keçirmək üçün ikinci fazanın tikintisi ilə bağlı işlər gö­rülür. Nəticədə limandan ildə 25 milyon tona qədər yük aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi gözlənilir. 

Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhliz­ləri üzərində yerləşməsi adıçəkilən liman üçün zəngin tranzit potensialı yaratmaq­la, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu kompleks, həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. Beləliklə, Şi­mal, Cənub, Şərq və Qərb istiqamətlərin­dən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının Bakı Dəniz Ticarət Limanında cəmlənərək, buradan Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamə­tində nəqlini təmin edən səmərəli və da­yanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranır.

Onu da xatırladaq ki, yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzər­də tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəa­liyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyənləşdirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb.

Ekspertlərin sözlərinə görə, adıçə­kilən bu qurum daha çox nəqliyyat, logis­tika zonasının formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması bu­rada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycana tranzit ölkə olaraq öz im­kanlarını genişləndirmək imkanı yaradır və ölkə ərazisinə daha çox yükdaşımala­rın artırılmasını şərtləndirir.

Ələt Azad İqtisadi Zonası dövlət gə­lirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, investisiyaların artımına, ehti­yatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırılmasına, bir sözlə, Azər­baycan iqtisadiyyatının inkişafına da müsbət təsir göstərib.

Hesabat ilində respublikadan avto­mobil nəqliyyatı ilə daşımalarda da müs­bət dinamika müşahidə edilib. Bu dövrdə ölkə ərazisi ilə 4 milyon 927 min ton yük (2022-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz şox) daşınıb. Həmin yüklərin dəyə­ri 18 faizlik artımla 11 milyard 669 min dollara yüksəlib. Həmçinin keçən ilin 11 ayında avtomobil nəqliyyatı ilə ixracın dəyəri 1 milyard 643 milyon dollar (2,7 faiz artım), həcmi 1 milyon 837 min ton (7 faiz artım), idxalın dəyəri 9 milyard 357 milyon 411 min dollar (21 faiz artım), həcmi isə 3 milyon 90 min 543 (11,5 faiz artım) ton təşkil edib.

Görülən işlərin nəticəsi olaraq 2023-cü ilin yanvar–noyabr aylarında Azərbaycandan xarici ölkələrə dəmir yolu nəqliyyatı ilə dəyəri 3 milyard 246 milyon dollar (11 faiz çox) olan 7 milyon 250 min ton həcmində (5 faiz çox) yük daşınıb.

Hesabat dövründə dəmir yolu nəq­liyyatı ilə ixrac yüklərinin həcmi 2 milyon 984 min ton (15 faiz çox), idxal yüklərinin həcmi 4 milyon 266 min ton (7 faiz çox), dəyəri isə 2 milyard 268 milyon dollar (7,5 faiz çox) təşkil edib. 

Bütün bu rəqəmlər, eyni zamanda, onu göstərir ki, ötən illər ərzində respub­likada nəzərdə tutulan bütün infrastruk­tur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən so­sial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurul­ması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Yüklərin sürətli daşınması üçün yolların yenidən qurulması ilə yanaşı, “icazə” blankla­rının verilməsi asanlaşdırılıb, elektron tərəzilərin sayı artırılıb, gömrük-keçid məntəqələrində əlverişli şərait yaradılıb.

Vaqif BAYRAMOV
XQ

 

İqtisadiyyat