Öz gözlərində tiri görməyənlər...

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Bircə bu oyun qalmışdı ki, başımıza açmamış ol­sunlar. ABŞ Azərbaycanı dini etiqad azadlıqla­rını pozmaqda da ittiham etdi. İndiyədək biz in­san haqlarını pozmaq, vətəndaşların toplaşmaq azadlıqlarına əməl etməmək, seçki prosesləri zamanı hansısa qanun pozuntusuna yol vermək kimi absurd ittihamları az eşitməmişik. Təbii ki, bu və ya digər iradlara dövlət orqanlarımız, ayrı-ayrı ictimai-siyasi təşkilatlarımız, eləcə də rəsmi media tərəfindən lazımi cavablar verilib. 

İndi də Azərbaycan xalqının, dövlətimizin öyünə və dünyanın bir çox ölkəsinə nümunə ola biləcək dini azadlıqlarımız, tolerantlığımız “təftiş” müstəvisinə çıxarılıb. Özü də ABŞ tərə­findən və bu ölkənin Azər­baycan–Ermənistan müna­sibətlərinin normallaşması məsələsinə vasitəçilik iddi­asından hələ əl çəkmədiyi bir vaxtda.

ABŞ tərəfindən, ona görə deyirik ki, bu ölkə insanların dini və irqi ay­rı-seçkiliyə məruz qaldığı ən böyük məkanlardan bi­ridir. Təkcə müstəqillik qa­zandığımız son illərdə bu cür halların saysız-hesabsız nümunələri ilə rastlaşmışıq. Amma bu illərdə Azərbaycanda dini və irqi zəmində heç bir insident baş verməyib. Hətta ermənilərin dini abidələrinə də toxunulmayıb. Amma ABŞ-da bu gün də heç bir günahı olmayan vətəndaşlar, sadəcə, də­rilərinin rənginə görə təqib olunur, döyülür, qəddarca­sına öldürülür. 

Təxminən, iki ay əvvəl ABŞ-da qaradərili insan cəza çəkdiyi həbsxanada kamera yoldaşı tərəfindən öldürülmüşdü. Corciya ştatının səlahiyyətli orqanları insanın “dərisinin rənginə görə” döyülərək öldürüldüyü “irqi motivli” qətllə bağlı araşdırmalara başladığını bil­dirmişdi. Bununla bağlı cinayət işində qeyd olunurdu: “Məhkum Xakes Cekson “kamera yoldaşını, sadəcə, dərisinin rənginə görə əlləri və ayaqları ilə qəddarcası­na döyüb, başını unitaza çırpıb və öldürüb”. 

İrqçilik və rasizm halları ilə bağlı bu cür cinayətlər ABŞ-da adi hal alıb. Bu ölkədə ən çox irqçilik halları qara, qırmızı dərililərə, Latın Amerikası, Meksika, Asi­ya mənşəlilərə və yəhudilərə qarşı törədilib. Amerika tarixinin “qara səhifələrini” ifşa edən, ağdərililərin Ame­rikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan Martin Lüter Kinq 1968-ci ildə məhz qaradərili oldu­ğu üçün qətlə yetirilmişdi. Bu gün də ABŞ-da rasizm “çiçəklənməkdədir”. Misal üçün, 2015-ci ilin yazında qaradərili gənc Mixael Broun ağdərili Darren Uilson tərəfindən vurularaq öldürülüb. 2020-ci il avqustun 21-də Luiziana ştatında 31 yaşlı afroamerikalı Trey­ford Pelleri polis tərəfindən saxlanılarkən güllələnərək öldürülmüşdü. Pellerinin bədəninə 10-a qədər atəş açılmışdı. 2020-ci il mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boynu burularaq öldürülüb. Bu amansız cinayətdən sonra təkcə ABŞ-da deyil, dünyanın əksər ölkələ­rində rasizmə qarşı genişmiqyaslı nümayişlər keçiri­lib. Amma görünən budur ki, özünü “demokratiya və azadlıq beşiyi” hesab edən, okeanın ortasında Azadlıq heykəli ucaldan bu ölkədə irqi və dini ayrı-seçkilik, bu xüsusda ikili standartlar hələ də hökm sürməkdədir. 

İndi bu ölkənin Beynəlxalq Din Azadlığı Komissi­yası dini etiqad azadlığına müdaxilə ilə bağlı heç bir faktın qeydə alınmadığı Azərbaycanı ittiham edir. Necə deyərlər, öz gözlərində tiri görməyənlər başqasının gö­zündə çöp axtarırlar. 

Əslində, məsələnin kökü Qarabağ ermənilərinin ya­şadıqları ərazini könüllü tərk etməsindədir. Təkcə ABŞ deyil, Qərbin bəzi ölkələri Azərbaycanın Ermənistan üzərində tam və qəti qələbəsini qəbul edə, sinirə bilmir. Tarixə qovuşmuş Qarabağ münaqişəsi dövründə oldu­ğu kimi, yenə də erməniləri dəstəkləyərək etmədiyimiz əməllərə görə bizi ittiham edirlər. Bu istiqamətdə rəsmi Paris də Vaşinqtondan geri qalmır. Fransa Azərbay­canın ərazi bütövlüyünü bərpa etməsindən daha çox rəncidə düşüb və əslində, özünün ədalətsizliyinə görə vasitəçilik missiyasından kənarda qalıb. 

İndi belə görünür ki, ABŞ da əsassız və tamamilə yersiz ittihamları nəticəsində özünü vasitəçilik şan­sından məhrum edə bilər. Bunu biz istəmirik. Amma ABŞ-ın səyləri onu bu yönə çəkir.

Bu günlər ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono faktiki olaraq regionda olub, Ermənistanın xarici işlər naziri Ara­rat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Dünən isə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji bəyan edib ki, Qafqaz danışıqları üzrə baş məsləhətçi cənab Lui Bono Va­şinqtonun sülh prosesinə dəstəyini, davamlı, ədalətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edir: “Cənab Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir neçə əsas maraqlı tərəflərlə müntəzəm olaraq danı­şıqlar keçirir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sa­bitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”. 

Ancaq bu yerdə sual yaranır: axı necə? ABŞ “ədalətli sülhə nail olmağın yollarını” bu cürmü axta­rır? Ermənistan rəhbərləri dəfələrlə müsəlman azər­baycanlılarla bir yerdə yaşamaq istəmədiklərini bəyan ediblər. İrəvan bu müsəlman ölkəsinin 20 faiz torpağı­nı 30 il işğal altında saxlayıb, 60-dan artıq məscidimi­zi dağıdıb, dini abidələrimizi donuz fermasına çevirib. ABŞ bunları görməyib və dini etiqad azadlığına qəsd kimi qiymətləndirməyib. İndi erməni əhali könüllü şə­kildə Qarabağdan gedib, Vaşinqton bunda Azərbay­canı günahlandırır. Üstəlik, məlum hesabatı erməni əsilli birisinə yazdırır. Bunu necə “ədalətli sülhə nail olmağın yolu” hesab etmək olar?!

Siyasət