Azərbaycanın daxili işləri siyasi oyun meydanı deyil

post-img

Belə cəhdlər Fransaya yalnız fiasko vəd edir

Fransanın Azərbaycana qarşı qərəzi davam edir. Əlbəttə, bu qərəzə layiqli cavab var. Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar açıqlamasına münasibəti bunu deməyə əsas verir. A.Hacızadə qarşı tərəfin iddialarının heç bir əsası olmadığını vurğulayıb: “Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”.

Qeyd edək ki, Fransa vətəndaşı Martin Rian ötən il dekabrın 4-də Azər­baycan Respublikasının Cinayət Məcəl­ləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsin­də şübhəli bilinərək tutulub. Daha son­ra, onunla bağlı məhkəmə qərarı çıxa­rılıb və 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Hacızadə həmin şəxs barəsində tədbirlər görülərkən, milli qa­nunvericiliyə və beynəlxalq öhdəliklərə tam riayət olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Fransa səfirliyinin konsulluq əməkdaşları M.Riana bir neçə dəfə baş çəkib və cinayət işinə dair tam məlumat­landırılıblar.

Nazirlik rəsmisi, həmçinin Azərbaycan XİN-in sözügedən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyinə dair məsələnin araşdırılması məqsə­dilə ali diplomatik missiyaya verbal nota ünvan­ladığını vurğulayıb. Lakin, qarşı tərəf mövcud istiqamətdə izahat verməyib, istintaqda əməkdaş­lıqdan yayınıb: “Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan ediliblər”, – deyən A.Hacızadənin fi­kirlərindəki ən vacib məqamlardan birincisi onun Parisin Bakı tərəfindən aparılan təhqiqat tədbir­lərinə müdaxiləyə çalışmasını vurğulamasıdır. Bu mövqe yolverilməzdir və dayandırılmalıdır. İkin­ci, ən vacib məqam isə Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Əsas məsələ də elə budur.

Bəli, Fransa Azərbaycanın daxili işlərinə müdaxilə yolunu tutub. Məsələ, kifayət qədər, ciddidir. Məlum olduğu kimi, ötən il dekabrın üçüncü ongünlüyündə ölkəmizin Dövlət Təhlükə­sizliyi Xidməti Fransanın Azərbaycandakı casus şəbəkəsini ifşa etmişdi. Bundan sonra Fransa­nın ölkəmizdəki səfirliyinin iki əməkdaşı “perso­na-non-grata” (arzuolunmaz şəxs) elan olun­muşdu. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ötən ilin sonlarına yaxın keçirdiyi mət­buat konfransında, belə demək mümkünsə, ifşa əməliyyatı ilə əlaqədar yayılmış xəbərlərin üzə­rində dayanmasa da, bildirmişdi ki, diplomatlarla bağlı qərar çıxarılmazdan əvvəl Fransa səfirliyinə “onların iki əməkdaşı barədə Azərbaycan dövlət orqanlarında ciddi faktların” olmasına dair nota verilib. 

C.Bayramov onu da vurğulamışdı ki, Azər­baycanla Fransanın bir-birinin iki diplomatını “persona-non-grata” elan etməsindən sonra iki ölkə arasında münasibətlərin hazırkı durumu pis­dir. Nəzərə alaq ki, rəsmi Paris də dekabrın 27-də Azərbaycanın Fransadakı səfirliyinin iki əmək­daşını arzu olunmaz şəxs elan edib. Fransa XİN, habelə, rəsmi Bakının fransız diplomatlarına qar­şı irəli sürdüyü ittihamları rədd edib. Buna qarşılıq Azərbaycan XİN ölkəmizin diplomatlarının “arzu­olunmaz şəxs" elan olunması üçün rəsmi Parisin heç bir əsas göstərmədiyini açıqlayıb. 

C.Bayramov deyib ki, diplomatik immunitetə sahib olan şəxslərlə bağlı araşdırma aparılması üçün həmin dövlətin razılığı tələb olunur. “Fran­sa, dedikləri kimi, əməkdaşlarının günahsızlığına əmin idisə, onlar bu araşdırmaya imkan yarada bilərdilər”, – deyən nazirin sözlərinə görə, ölkəmi­zin atdığı addımda sübut, dəlil və fakt var, qarşı tərəfdə isə yoxdur. Yəni, azərbaycanlı diplomat­lara qarşı elan olunmuş “persona-non-grata” düzgün deyil, sadəcə, kortəbii cavab tədbiridir. Yeri gəlmişkən, bu məqam Fransa XİN-in yaydı­ğı açıqlamadan da aşkar görünməkdədir: “Fran­sa Azərbaycandakı səfirliyinin iki əməkdaşının Azərbaycan tərəfindən “persona-non-grata” elan edilməsinə dair qərarını nəzərə alır. Rəsmi Paris Azərbaycan tərəfinin öz qərarına bəraət qazan­dırmaq məqsədilə irəli sürdüyü ittihamları qətiy­yətlə rədd edir. Fransa cavab tədbiri kimi Azər­baycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non grata” elan edib”. 

Göründüyü kimi, C.Bayramov haqlıdır. Fran­sa hansısa sübut təqdim etmir. Eləcə də hazırda A.Hacızadənin bildirdiyi kimi, ölkə Azərbaycanın daxili işlərinə qarışmasını heç nə ilə əsaslandıra bilmir. Daxili işlərə qarışmaq isə var və məlum­dur ki, bu, ölkənin ermənipərəst mövqeyindən qaynaqlanmaqdadır. Azərbaycan son aylarda daha tez-tez Fransanın regionda qərəzli və mili­tarizasiya siyasəti yürütdüyünü vurğulamaqdadır. Mövcud xüsusda C.Bayramovun ötənilki mətbuat konfransında Parisi həm də “Azərbaycanofob və anti-Azərbaycan mövqedə” günahlandırması da diqqət çəkməkdədir. Bu isə 2022-ci ilin oktyab-rından başlayaraq özünü daha qabarıq büruzə verən haldır. Belə ki, həmin vaxt Fransa prezi­denti Emmanuel Makron “France-2” telekana­lına müsahibəsində Azərbaycana yönəlik bəzi iddialar səsləndirmişdi. Demişdi ki, Moskva Bakı və İrəvan arasındakı gərginliyi birincinin xeyrinə qızışdırmaqla məşğuldur. Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarının sözlərini “təhqi­ramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” adlandırmış və vurğulamışdı ki, Paris belə yanaş­ması ilə özünü Azərbaycan–Ermənistan normal­laşma prosesindən kənarda qoymaqdadır.

Bundan başqa, Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Av­ropa İttifaqının bölgə ilə bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətlərə yol verdiyini və hər­biləşdirmə siyasəti apardığını əsas götürən Prezi­dent İlham Əliyev ötən ilin oktyabrında İspaniya­nın Qranada şəhərində Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi.

Qeyd edək ki, Fransa və Ermənistan arasın­da hərbi əməkdaşlıq müqaviləsinin imzalanması da Azərbaycanı narazı salan, ciddi narahat edən məqamdır. Ölkəmiz Makron administrasiyasının bu addımını regionda destruktiv fəaliyyət kimi qiymətləndirir. Fransa rəsmilərinin iddialarının ək­sinə olaraq, ölkənin Ermənistana veridiyi silahın heç də müdafiə xarakterli olmadığı isə gün kimi aydındır. 

Ümumən, Fransa ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsində təşəbbüskar rəsmi Parisdir. Fransanın son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini Azərbaycana qarşı təxribatların təşkilinə yönəltdiyi, aşkar ermənipərəst mövqe tutduğu birmənalıdır. Tam qətiyyətlə bildirmək mümkün­dür ki, gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcək addımlarından asılıdır. 

C.Bayramovun da ötən il vurğuladığı kimi, ölkəmiz heç vaxt Parisə qarşı addım atmaq istəməyib. Əksinə, həmişə münasibətlərin qorun­masının tərəfdarı olub. Fransa hazırkı situasiya­da məhz bunu düşünməli, Azərbaycan və Cənu­bi Qafqaz siyasətinə yenidən baxmalı, səmərəli dəyişikliklər aparmalı, ən əsası isə A.Hacızadə­nin vurğuladığı kimi, ölkəmizin daxili işinə qarış­maqdan uzaq durmalıdır. Bunu nə qədər tez dərk etsə, bir o qədər xeyirdir. Çünki hazırkı siyasət Paris üçün yeni fiasko vəd edir. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət