Azərbaycan – Ermənistan sülh gündəmi: bir addım irəli, bir addım geri

post-img

İrəvandan eşidilən 3 açıqlamaya sözardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan yunanıstanlı həmkarı Giorgos Gerapetritisə Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı məlumat verib. Bu barədə, eləcə də digər erməni rəsmilərinin son günlər mövcud istiqamətdə səs­ləndirdikləri fikirlərdən bəhs edəcəyik. 

Ancaq əvvəlcə onu bildirək ki, A.Mirzoyan Yunanıstanın Xarici İşlər nazirini məlumatlandırarkən, məsələni Qarabağ ermənilərinin “məcburi” köç­künlüyündən sonrakı dövrdə Cənubi Qafqazdakı vəziyyət və sülh prosesi kontekstində qabardıb: “Əlbəttə, mən tərəfdaşımıza və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Dağlıq Qarabağ ermənilərinin məcburi köç­künlüyündən sonra Cənubi Qafqaz­dakı vəziyyəti, sülh prosesini, bunun təfərrüatlarını və problemləri ətraflı şə­kildə təqdim etdim”.

Göründüyü kimi, Ermənistan köhnə ritorikasından əl çəkmir. Yenə də sülh prosesi ilə bağlı söz düşəndə, Azər­baycan ittiham obyektinə çevrilir. Digər tərəfdən, İrəvan bu proses müstəvisin­də özünün ortaya atdığı “Dünyanın kə­sişməsi” ideyasının üzərinə gəlir. Belə çıxır ki, bu ideya Azərbaycanla nor­mallaşmanın başlıca elementi rolunda çıxış etməkdədir. Halbuki, heç də belə deyil.

“Dünyanın kəsişməsi” Ermənistanın öz üzə­rinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdidir. Yəni, Mirzoyan sülh prosesinin başlıca tərkib hissəsi olan regional kommunikasiyaların açıl­ması məsələsini sözügedən layihə ilə əsaslan­dırmağa çalışmamalıdır. Həm də ona görə çalış­mamalıdır ki, siyasi leksikona Zəngəzur dəhlizi kimi daxil olmuş Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu sülh gündə­mində rəsmi şəkildə təsdiqini tapsa da, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında vurğulansa da, “Dünyanın kəsişməsi”nin söy­kənəcəyi heç bir nöqtə yoxdur. O da aydındır ki, İrəvan bu təşəbbüsü, məhz Zəngəzur dəhlizi məntiqinə qarşı qondarıb. Azərbaycanın icazəsi olmadan isə layihənin reallaşması qeyri-müm­kündür. 

Bəli, A.Mirzoyan vurğulayıb ki, bütün çətinlik­lərə və fəsadlara, işin ləngiməsinə, bəzi hallarda Azərbaycanın dağıdıcılı mövqeyinə (?) baxma­yaraq, Ermənistan sülh danışıqlarının davamın­da və Cənubi Qafqazda sülhü bərqərar etməkdə əzmlidir. Belə çıxır ki, İrəvan sülh istəyir, Bakı yox?

Bununla belə, onu da bildirək ki, erməni XİN rəhbərinin fikirlərində müəyyən pozitiv ab-hava da duyulmaqdadır. Belə ki, o, qarşılıqlı konstruk­tiv yanaşma, siyasi iradə ilə tərəflərin çox yaxın gələcəkdə sülhün yaranması istiqamətində nəzərəçarpacaq nəticələr əldə edə biləcəyinə inandığını dilə gətirib.

Yeri gəlmişkən, qeyd edək ki, pozitivlik Er­mənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın ölkənin “İctimai” televiziyasına bir neçə gün əvvəl verdiyi müsahibəsindəki fikir­lərdə də əksini tapmaqdadır. Rəsmi İrəvanın Bakının sülh müqaviləsi ilə bağlı iki həftə əvvəl ünvanladığı təkliflərə cavab verdiyini deyən A.Q­riqoryan qarşı tərəfdən də yeni cavab gözlədiklə­rini diqqətə çatdırmaqla yanaşı, ən qısa zaman­da sülh sazişinin imzalanacağını gözlədiklərini açıqlayıb. Ancaq, o, bəzi məsələlərdə heç bir irəliləyişin əldə olunmadığını da vurğulayıb: “Biz bu məsələlərdə tezliklə irəliləyişə nail olacağımı­zı və həllini tapmadığımız qalan məsələlərin fikir mübadiləsi və danışıqlar yolu ilə həll ediləcəyini və ən qısa zamanda sülh sazişinin imzalanaca­ğını gözləyirik”.

A.Qriqoryan bu il yanvarın sonunda Ermə­nistanın və Azərbaycanın sərhədlərin delimi­tasiyası üzrə komissiyalarının iclasının keçi­rilməsi barədə razılığa gəlindiyini də bildirib və görüşün baş tutacağına ümid etdiyini de­yib. Qeyd edək ki, sözügedən komissiyaların sonuncu iclası ötən il noyabrın 30-da Ermə­nistan–Azərbaycan sərhədində gerçəkləşib. Həmin görüşdə tərəflər komissiyanın iclasla­rının və birgə işçi görüşlərinin təşkili və ke­çirilməsinə dair işçi reqlamentin ilkin mətnini razılaşdırıblar. Ölkələr, həmçinin delimitasi­ya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəliblər.

Ancaq Mirzoyan və Qriqoryandan fərqli ola­raq, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan na­la-mıxa vurmaqla məşğuldur. Birincisi, o bildirib ki, İrəvan Bakı ilə birbaşa ikitərəfli danışıqlar üçün heç bir təklif almayıb. Başa düşmək olmur, təklifi kim verməli imiş?! Digər yandan, Azərbay­can dəfələrlə birbaşa dialoq məntiqini qabardıb. Belə çıxır ki, hansısa üçüncü tərəf İrəvana Bakı ilə birbaşa danışıqlar aparmağı təklif etməli imiş. İkincisi isə erməni parlamentari Azərbaycanın ikitərəfli danışıqlarla bağlı bəyanatlarına da mü­nasibət bildirib və elə təəssürat yaradıb ki, sanki ölkəmizin təklifi yalnız sözdədir... 

Bəli, S.Xandanyan açıqlamasında danışıqla­rın üçüncü tərəfinə fokuslanmaq yolu tutmaqda­dır. Məsələn, o bildirir ki, ölkəsi artıq formalaş­mış formatların daimiliyinə önəm verməkdədir. Çünki həmin formatlar danışıqlara beynəlxalq əhəmiyyət qazandırır, onları daha legitim hala gətirir, riskləri idarəolunana çevirir. “Xüsusilə, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb, Avropa İttifaqı platformasın­da isə dövlət başçıları səviyyəsində danışıqlar gedib”, – deyən Xandanyan fikrinə aydınlıq gə­tirib.

Ümumən, Ermənistanın ikitərəfli danışıqlar məntiqini xeyli dar götürdüyü aşkardır. Əslində, S.Xandanyanın fikirlərini də bu baxımdan nəzərə almaq mümkündür. Yəni, ikitərəfli danışıqları deyil, beynəlxalq aktorların iştirakı ilə keçirilə­cək təmasların vacibliyini önə çəkən S.Xandan­yan sırf delimitasiya komissiyaları kontekstində qarşılıqlı müzakirələrin davam etməsindən söz açıb. Burada təzadlı məqam ondadır ki, ermə­ni deputat ötən ilin dekabrında hərbi əsirlərin qaytarılması məsələsi ilə bağlı birbaşa ikitərəfli danışıqlar getdiyini də vurğulayıb. Onun sözlə­rindən hasil olan qənaət budur ki, Ermənistan birbaşa təmasların yalnız belə məsələlərlə bağlı olmasına hazırdır. “Bizim üçün danışıqların bey­nəlxalq platformalarda davam etdirilməsindən və ya birbaşa ikitərəfli danışıqların olub-olma­masından asılı olmayaraq, onların məzmunu və prinsiplərin konsolidasiyası böyük əhəmiyyət kəsb edir. Bu prinsiplər təsbit edilməsə, razılaş­malar gözlədiyimiz dəyərə malik olmayacaq”, – deyən Xandanyanın fikirləri manipulyasiyadan və mənasız söz yığınından başqa bir şey təsiri bağışlamır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət