Ötən ilin 11 ayında ölkənin ixrac mənzərəsi

post-img

Əvvəlki illə müqayisədə 10,5 faiz artım əldə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın 2023-cü ilin dekabr sayına əsasən, keçən ilin ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard dollar, qeyri-neft sektoru üzrə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard dollar təşkil edib. Eyni dövr ərzində yeyinti məhsulları üzrə ixrac isə 822 milyon dollara bərabər olub.

Hesabat dövründə elektrik enerjisinin ixracı 3,1 dəfə, qara metal məmulatlarının ixracı 16,4 faiz, meyvə-tərəvəz ixracı isə 8,1faiz artıb. Keçən ilin yanvar-no­yabr ayları ərzində aqrar və aq­rar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4 faiz artaraq 854 milyon dollara çatıb. Qeyri-neft-qaz ixracının tərkib his­səsində əhəmiyyətli yer tutan aq­rar-sənaye məhsullarının yaratdığı dəyər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 182 milyon dollar təşkil edib.

Hesabat ilinin 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (379 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (143 milyon dollar) ikinci, pomidor (tomat) (140 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasi­yasına 1 milyard dollar, Türkiyəyə 729 milyon dollar, Gürcüstana 300 milyon dollar, İsveçrə Konfederasi­yasına 155 milyon dollar, Qazaxıs­tana isə 90 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin noyabr ayının qey­ri-neft ixracı isə 6,2 faiz artaraq 322 milyon dollar yüksəlib. Yeyinti məhsulları üzrə ixrac 115 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17 faiz artımla 207 milyon dollar təşkil edib. 

Hesabat dövrünün noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiya­sı (122 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (53 milyon dollar) ikinci və Gürcüstan (33 milyon dollar) üçüncü olub. Həmin vaxt ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45 milyon dollar) birinci, elektrik enerjisi (31 milyon dollar) ikinci və qızıl (25 milyon dollar) üçüncü olub. 

“İxrac icmalı”nda, həmçinin göstərilib ki, 2023-cü ilin yan­var-dekabr ayları ərzində “Bir pən­cərə” İxraca Dəstək Mərkəzi va­sitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 243 milyon dollar, dekabr ayında isə 21 milyon dollar olub.

Ötən il Azərbaycan kosmik xid­mətlərini də dünyaya uğurla ixrac edib. Ümumiyyətlə, son 20 il ərzin­də ölkəmiz digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da mühüm nailiyyətlər əldə edib, beynəlxalq kosmik ailənin üzvü ol­ması ilə adını tarixə yazdırıb. Res­publikamız “Azerspace-1”, “Azer­sky” və “Azerspace-2” peyklərinin səmərəli fəaliyyəti ilə dünyaya kosmik xidmətlərin ixracını yüksək səviyyədə həyata keçirib. 

Ötən ili “Azersky-1” peykinin səmada naməlum yad cizimlə toqquşması nəticəsində onunla əlaqə itmişdi. Bu peykin ölkəmiz üçün əhəmiyyəti müstəsnadır. Xüsusən də 44 günlük Vətən mü­haribəsində qazanılan qələbədə “Azersky” vasitəsi ilə aparılan mü­şahidə və çəkilişlərin rolu böyük olub. Amma qısa zamanda atılan uğurlu addımlar nəticəsində İsrail şirkəti ilə yeni peykin yaradılması istiqamətində razılıq əldə edildi.

Yeri gəlmişkən, 2026-cı və 2028-ci illərdə Azərbaycanda 2 yeni peykin istehsal olunaraq or­bitə buraxılacağı nəzərdə tutu­lub. Keçən il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakı­da keçirilməsi də tarixi hadisəyə çevrilib. Beləliklə, Azərbaycanın Beynəlxalq Astronavtika Konqre­sinə evsahibliyi ikinci dəfə uğur­la reallaşıb. Xatırladaq ki, birinci dəfə bu mötəbər tədbir ulu öndər Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə –1973-cü ildə gerçəkləşib. 

Dünya miqyasında belə nü­fuzlu konqresin yenidən Azərbay­canda reallaşdırılması ölkəmiz­də kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronav­tika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxın­dan inteqrasiyaya əvəzolunmaz imkanlar yaradacaq.

Bu gün ölkə həyatının bütün sahələrində müasir rəqəmsal tex­nologiyalarından geniş istifadə olunur, yeni metodlar tətbiq edi­lir ki, bu da iqtisadiyyatın inkişa­fını sürətləndirir. Eyni zamanda, respublikanın bütün nöqtələrində internet əlçatanlığı təmin olunur, sürətli internet çıxışı diqqət mərkə­zində saxlanılır. 

Hazırda Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir. Halbuki 2003-cü ildə bu rəqəm 5 faiz idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2022-ci ildə 8,3 milyon nəfərə çatıb. Ötən ilin mart ayında ölkəmiz “Speedtest” Qlo­bal İndeksində mobil internetin sürətinə görə dünyanın 140 ölkə­si arasında 54-cü yerdə qərarla­şıb. Həmçinin 2022-ci ilin sonuna ümumdünya şəbəkə üzrə qlobal göstərici təxminən 65 faizə çatıb.

Azərbaycanın bu sahədəki uğurları İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkə­zinin “İxrac icmalı”nın 2023-cü ilin son sayında da öz ifadəsini tapıb. İcmalda bildirilib ki, hesa­bat ilinin yanvar-noyabr ayların­da Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 48 ölkəsinə 18 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ix­rac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təş­kil edib. Təlcə noyabr ayında isə “Azərkosmos” dünyanın 44 ölkə­sinə 1,8 milyon dollar dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommuni­kasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon dollar ilə Birləşmiş Krallıq, 4 milyon dollar ilə Lüksemburq, 1,5 milyon dollar ilə BƏƏ, 959 dollar ilə Almaniya və 676 min dollar ilə Nigeriya qərar­laşıb.

Yeri gəlmişkən, xatırladaq ki, keçən il “Onlayn Azərbaycan” la­yihəsi çərçivəsində regionlarda genişzolaqlı internetə çıxış imkan­ları daha da artırılıb, ölkə üzrə ge­nişzolaqlı internetə çıxışı olan ev təsərrüfatlarının xüsusi çəkisi 60 faizə çatdırılıb, cari ilin sonunaisə bu rəqəmin 100 faiz olacağı proq­nozlaşdırılıb.

2023-cü ildə “Azərkosmos” “SpaceX” şirkəti arasında əmək­daşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ABŞ şirkətinin “Starlink” adlı genişzolaqlı peyk in­ternet xidməti bu ildən Azərbaycan bazarına çıxarılacaq.

Laçında “Azconnexus” platfor­ması üzərindən internet xidməti təmin etmək məqsədilə ilk “KA” diapazonlu antena quraşdırılması da ötən ilin mühüm hadisələrindən olub. Bu antena adıçəkilən rayon və bir sıra ətraf ərazilərdə yüksək­sürətli interneti əlçatan edib. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat