Bu sahə son 20 ildə 2 dəfədən çox böyüyüb
Azərbaycanda son 20 il ərzində aqrar sektor sürətlə inkişaf edib, kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi bu sahənin payına düşür.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun olaraq bu il də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası qeydə alınıb. İlin ötən 11 ayında aqrar sahə 3 faizdən çox böyüyüb, bitkiçilikdə 2,5 faiz, heyvandarlıqda 3,5 faiz artım olub.
Dünya Bankının məlumatları əsasında aparılan hesablamalara görə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yuxarı qeydə alınıb. Belə ki, 2003-cü il baza ili olmaqla, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sektorda yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 faiz olduğu halda, bu göstərici dünya üzrə 2,9 faiz, Avropa və Mərkəzi Asiya üzrə 1,4 faiz, region ölkələrindən Türkiyədə 2,7 faiz, Gürcüstanda 1,5 faiz, Rusiyada 1,8 faiz, İranda 2,8 faiz olub.
İstehsal potensialının yüksəlməsi və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb.
Son illərdə ölkəmizdə aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsində müşahidə edilib və bu müsbət dinamikanı daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda payının yüksəlməsi şərtləndirib. Belə ki, 2003-cü illə müqayisədə ölkədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə artıb.
Daxili bazar tələbinin əhəmiyyətli şəkildə yüksəlməsi fonunda Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri də, ümumilikdə, məqbul səviyyəyə çatıb, ilk növbədə, yerli istehsal potensialının gücləndirilməsi hesabına əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Hazırda əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 86 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatıb.
Bütün bu uğurları Ümummilli lider Heydər Əliyevin müstəqilliyin ilk illərində həyata keçirdiyi uğurlu iqtisadi siyasət çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı aparılan islahatlar şərtləndirib. Aqrar sahədə bazar münasibətlərinin formalaşması və istehsalı tam olaraq həyata keçirən özəl bölmənin təşəkkül tapması ilə nəticələnən bu islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman isə aqrar islahatların ikinci mərhələsinin başlanması üçün mühüm siyasi qərar olub.
Bu mərhələdə islahatlar daha da dərinləşib, aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilib və çoxşaxəli dövlət dəstəyi sistemi yaradılıb, kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsi genişləndirilib. Yanacaq və motor yağlarına, mineral gübrələrin, pestisidlərin satışına, toxum və tinglərin istehsalı və satışına, buğda və çəltik əkinlərinə, təkrar əkinlərə, pambıq və şəkər çuğunduru satışına görə subsidiyaların verilməsinə başlanılıb.
Son illər aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlər diqqət mərkəzində saxlanılıb. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub.
Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.
Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq cari ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb.
Ümumilikdə aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub.
Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.
Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, aqrar sektorda istehsal göstəricilərinin yüksəlməsi davamlı xarakter alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında ölkəmizdə 11 milyard 571 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 728 milyon manat çatıb.
Məlumatda ölkədə kənd təsərrüfatı məhsulları yığımının başa çatmaq üzrə olduğu da vurğulanıb. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 223 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 813 min ton (0,1 faiz çox) tərəvəz, 1 milyon 249 min ton (0,1 faiz çox) meyvə və giləmeyvə, 223 min ton (5,3 faiz çox) üzüm, 1milyon 124 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (1,3 faiz çox) günəbaxan, 213,5 min ton (4,8 faiz çox) şəkər çuğunduru və 262,6 min ton (12,2 faiz az) pambıq yığılıb.
2023-cü ilin yanvar-noyabr aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 538 min ton ət, 2 milyon 62 min ton süd, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, barama istehsalı 4,6 artıb.
Dövlət Statistika Komitəsindən XQ-yə daxil olan məlumata görə, təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər görülməsinə başlanılıb. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1040,3 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 830,1 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 489,5 min hektarı buğda, 340,4 min hektarı arpa və 0,2 min hektarı çovdar olub.
Vaqif BAYRAMOV
XQ