Hazırda aqrar sektorda 21 beynəlxalq layihə həyata keçirilir
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirə apardığını bildirib. O, bu təşkilatın respublikamızdakı nümayəndəsi Muhammad Nasar Hayat ilə keçirdiyi görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının mövcud olduğunu, FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatının yaradıldığını, ərzaq təhlükəsizliyinin təmin edilməsinin və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdığını qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir Mikayıl Cabbarov Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, qurumla birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verib.
Xatırladaq ki, Azərbaycan 1995-ci il oktyabrın 20-də bu təşkilata üzv qəbul edilib. BMT-nin ixtisaslaşmış qurumu olan FAO ölkəmizdə milli, regional və qlobal səciyyəli layihələrin həyata keçirilməsini daim diqqətdə saxlayıb. Həmin layihələr isə əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutub.
Qurumun layihələri barədə isə onu qeyd edək ki, irəli sürülən təşəbbüslər Azərbaycan hökumətinin prioritetləşdirilmiş ehtiyaclarından irəli gələn texniki əməkdaşlıq proqramlarına əsaslanıb. Bu zaman respublikamızın aqrar sektorunda məhsuldarlığın artırılması məqsədilə layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli diqqət mərkəzində saxlanılıb. Həmçinin qida məhsullarının və tullantıların idarə olunması sahəsində təşəbbüslərin gerçəkləşməsinə mühüm önəm verilib. Bununla bağlı indiyədək sözügedən istiqamətlərdə 60-dan yuxarı layihə reallaşdırılıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.
Hazırda FAO tərəfindən Azərbaycanda 21 layihə həyata keçirilir. Ölkəmizdə milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın, kənd təsərrüfatının, xüsusilə heyvandarlıq və fındıqçılığın inkişafı, aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və digər layihələr bu baxımdan maraq doğurur.
Cari ilin sonunadək FAO ilə Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacağı nəzərdə tutulur. Bu məqsədlə 2025-ci ilədək əməkdaşlıq çərçivəsində 9 prioritet istiqamət üzrə layihələr müəyyənləşdirilir, Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsinin prioritet inkişaf istiqamətləri üzrə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətimizin başçısı tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Elə buna görə də 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirlərinin reallaşdırılması üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulub.
Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı layihələr davamlı olaraq icra olunur. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdən biridir. İstehsal potensialının artması və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003–2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb.
Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası da ödənilir.
Ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılan ardıcıl və sistemli islahatların davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu isə kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafını, ölkəmizin iqtisadi gücünün daha da artmasını, insanların rifahının yüksəlməsini şərtləndirir.
FAO əməkdaşlıq fəaliyyətində aqrar sektorun rəqəmlaşma prinsipləri əsasında inkişafına xüsusi önəm verir. Azərbaycanın işğaldan azad edilən ərazilərində–Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının ən yaxşı texnologiya və təcrübələrini özündə birləşdirən “ağıllı kənd” konsepsiyası əsasında bərpası da bu beynəlxalq təşkilatın müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəlir.
Ümumiyyətlə, respublikamızın aqrar sektorunun inkişafında, kənd təsərrüfatında islahatların uğurla aparılmasında rəqəmsallaşmanın, innovativ idarəetmə sistemlərinə keçidin təmin olunması vacib şərtlərindən biridir. Bu baxımından ölkəmizdə “Elektron kənd təsərrüfatı” İnformasiya Sisteminin (EKTİS) yaradılması xüsusi önəm daşıyır. Bu sistemin qurulmasını kənd təsərrüfatının rəqəmsallaşdırılması yönündə son dövrlərdə atılan ən zəruri və əhəmiyyətli addım hesab etmək olar. EKTİS kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid sistem, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes proseslərini əhatə edən şəffaf və operativ idarəetmə strukturudur.
Hazırda bu sistem üzərindən 600 mindən çox subyektin müvafiq dövlət xidmətlərinə elektron qaydada birbaşa əlçatanlığı təmin edilib. EKTİS bu gün subsidiya, təchizat, tədarük və digər sahələrdə fəaliyyətin idarəedilməsində əsas iştirakçıdır və elektron qaydada informasiya-məsləhət xidmətinin göstərilməsini təmin edə bilir.
Vaqif BAYRAMOV
XQ

