Baş nazir Böyük Britaniyanın Dövlət katibinin müavini ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiri­lib ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasın­da ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. 

Dövlətlərarası münasibətlərin gündəliyinin çox geniş olduğu bildirilərək iqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edildi. 

Bildirildi ki, 2022-ci ildə ticarət dövriyyəsinin həc­mi 55 faizdən çox artaraq bir milyard ABŞ dollarını üstələyib.

Bununla yanaşı, ticarət əlaqələrinin genişlən­dirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb. İqtisadi əməkdaş­lıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakı­da keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirilib. 

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib, bu baxımdan BP şirkə­ti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsasla­nan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi la­yihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.

Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlu­mat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlı­ğın davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Eyni zamanda, iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. BP ilə Cəbrayılda həyata keçiriləcək 240 MVt gücündə günəş enerjisi layihə­sinin ölkəmizin “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barə­də məlumat verilib. 

Hazırda həmin ərazilərdə həyata keçirilən la­yihələrə, xüsusilə minatəmizləmə işlərinə bir neçə Böyük Britaniya şirkətinin cəlb olunduğu bildirilib.

Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın pers­pektivlərini nəzərdən keçiriblər. Azərbaycanın Avra­siyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi bildirilib. Son vaxtlar Orta Dəhlizin artan aktuallığına diqqət çəkilərək bu beynəlxalq nəqliyyat marşrutu­nun Böyük Britaniya hökuməti tərəfindən də maraqla izlənməsi və dəstəklənməsi təqdir edilib.

Tərəflər, həmçinin humanitar əməkdaşlığı nəzər­dən keçiriblər, təhsil sahəsini bu kontekstdə vacib istiqamət kimi dəyərləndiriblər. 

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın pers­pektivləri müzakirə olunub.

 

Son xəbərlər