“Azəriqaz” İstehsalat Birliyindən aldığımız məlumatda Füzuli rayonunun işğaldan azad olunan Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin çəkildiyi bildirilir.
Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçirilərək digər daşıyıcı kəmərə birləşdiriləcək.
Dədəli kəndinə çəkilən daşıyıcı qaz kəmərinin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizləndikdən sonra tikinti işlərinə başlanılıb. Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 min 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub. İşlərin yaxın günlərdə yekunlaşacağı nəzərdə tutulub.
XQ

