Bu marşrutla daşımalar 3 dəfə çoxalaraq 2030-cu ildə 11 milyon ton olacaq
Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) səmərəli fəaliyyət göstərir və infrastrukturun inkişafı məqsədilə önəmli layihələr həyata keçirilir. Bu gün beynəlxalq ekspertlər tərəfindən dəhlizin nadir coğrafi mövqeyi yüksək dəyərləndirilərək onun Avropa və Asiyanı birləşdirən həyati körpü rolu oynadığı vurğulanır.
Bununla yanaşı, dəhlizin Mərkəzi Asiyanın resursla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirdiyi və bu nəqliyyat platformasından regiondakı bütün ölkələrin faydalandığı diqqətə çatdırılır. Xatırladaq ki, ölkəmizin tərəfdaşları ilə birlikdə nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Azərbaycan hökuməti tərəfindən dəhlizlərin inkişafına vəsait ayrılması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi əhəmiyyət verilməsi, həmçinin əsaslı təmirin aparılması bunun bariz ifadəsidir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Sinqapurla birlikdə Orta Dəhlizin iştirakçılar arasında məlumat mübadiləsinin yaxşılaşması, həmçinin sərhəd keçidlərinin sürətləndirilməsi məqsədi daşıyan rəqəmsallaşması konsepsiyasının yaradılmasına başlayıb. Assosiasiyanın baş katibi Haydar Abdikerimovun mediaya bildirdiyinə görə, dəhlizin rəqəmsallaşması üzrə layihələrin də Sinqapurun aparıcı şirkətləri ilə həyata keçiriləcəyi qərara alınıb.
Qarşıdakı beş il ərzində dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avro investisiya qoyulacaq. Marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayacaq.
Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa və Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.
Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani bu beynəlxalq maliyyə qurumunun Orta Dəhliz boyunca yerləşən ölkələrin hökumətlərinin və digər çoxtərəfli təşkilatların tərəfdaşlığı ilə marşrutun inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib. O, dəhlizin təkcə həyat qabiliyyətli deyil, həm də marşrut boyu yerləşən ölkələrin iqtisadiyyatları üçün mühüm önəm daşıdığını vurğulayıb.
DB nümayəndəsinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Qazaxıstan digər ölkələrlə birlikdə dəhlizin təşviqi ilə bağlı baxışlarının razılaşdırılmasında mühüm irəliləyişə nail olub.
Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı (Aİ) ölkələrinin konteynerlərlə dəmir yolu yükdaşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir. Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə əlaqələndirir. Orta Dəhliz, eyni zamanda, Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur. Dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Yeri gəlmişkən, DB-nin bu günlərdə yayılan hesabatında da Orta Dəhlizin gələcək fəaliyyət istiqamətləri haqqında müsbət proqnozlar verilib, Qazaxıstan, Azərbaycan və Gürcüstanın Orta Dəhliz ticarət marşrutunun diversifikasiyasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bununla bərabər, hesabatda təchizat zəncirlərinin yönləndirilməsində, ölkələrarası ticarətin dayanıqlığının artırılmasında və bir sıra ənənəvi regional ticarət tərəfdaşlarından asılılığın azaldılmasında dəhlizin əhəmiyyətli təsiri xatırladılıb.
DB-nin hesabatında daha sonra qeyd olunub ki, marşrutun inkişafı məqsədi daşıyan xüsusi strategiya nəticəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan istehsal fəaliyyətlərinin kütləviliyini təşviq etməklə ixrac həcmini və məhsulların əlavə dəyərini artıra bilər. Belə bir imkan isə 2021-2030-cu illər üçün üç ölkənin yük bazasında ümumi potensialın 90 milyon tona (+44 faiz) yüksəlməsini, bunun isə 70 milyon tonunun Qazaxıstandan əlavə ixracın payına düşəcəyini şərtləndirər.
Hesabatda, həmçinin bildirilir ki, Orta Dəhlizin istismara verildiyi ssenaridə Xəzər dənizi vasitəsilə daşımaların həcminin 2030-cu ildə 11 milyon tona çatacağı gözlənilir. Bu isə 2021-ci ilə nisbətən 3 dəfə artım deməkdir. Xəzər dənizi vasitəsilə yükün təxminən 4 milyon tonunun konteyner vasitəsilə aparılacağı proqnozlaşdırılır. Konteynerlərin isə 1,5 dəfə artması gözlənilir. Eyni zamanda, təkmilləşdirmələrin həyata keçirilmədiyi təqdirdə daşıma tələbatının proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacağı qeyd edilir.
DB dəhliz vasitəsilə gübrə kimi yüksək əlavə dəyərli məhsul daşımalarının təxminən iki dəfə artacağını proqnozlaşdırır. Bundan əlavə, daha çox daşınacaq mallara metal məmulatları, hazır qida məhsulları, maşınlar və kimyəvi maddələr daxildir. Hazırda Şimal marşrutu ilə aparılan müəyyən malların da qismən Orta Dəhlizlə daşınacağı gözlənilir. Bununla bərabər, xammalın payının 60 faizdən 53 faizə endiriləcəyi, neft və neft məhsullarının, eləcə də qara və əlvan metalların əvvəllər olduğu kimi, Xəzər dənizi vasitəsilə daşımaların mühüm hissəsini təşkil edəcəyi proqnozlaşdırılır.
Adıçəkilən beynəlxalq maliyyə qurumunun hesabatında diqqətçəkən bir məqama da toxunulur. Bank mütəxəssislərinin fikrincə, Orta Dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, həm də ölkəni Asiya və Avropa üçün strateji tərəfdaş kimi tanıdır. Eyni zamanda, bu dəhlizin inkişafı ilə bağlı uğurlu strategiyanın davam etdirilməsi və zəruri investisiyaların qoyulması 2030-cu ilədək Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, bu ölkələrlə Aİ arasında isə ticarətin 28 faiz artmasına gətirib çıxara bilər.
Orta Dəhliz üzrə ən böyük həcmdə artım Çin və Avropa arasındakı ticarətdə gözlənilir. 2030-cu ilə qədər dəhliz vasitəsilə Çin və Avropa arasındakı ticarət 5,3 faizə qədər artacaq. Bu isə AB-Çin ticarətinin təxminən, 1 faizi həcmindədir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
M.YAQUBZADƏ
XQ