Energetika nazirinin müavini Samir Vəliyevin mediaya bildirdiyinə görə, 2027-ci ilin sonunadək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerji payının 33 faizə çatdırılacağı planlaşdırılır.
O qeyd edib ki, ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc hazırda 1688 MVt-dır ki, bu da ümumi gücün təqribən 20 faizini təşkil edir. Nazir müavini sözlərinə onu da əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır. Bundan başqa, Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında bağlanan icra müqavilələrinə əsasən, quruda sənaye miqyaslı 1 QVt gücündə günəş, 1 QVt gücündə külək, dənizdə isə 2 QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl hidrogen” layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri yaratmaqdır. Bu istiqamətdə işlər aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var.
XQ