Sığorta bazarı davamlı inkişaf edir

post-img

İlin əvvəlindən daxilolmalar 28 faizədək yüksəlib

Bu gün ölkəmizin sığorta bazarında dinamik inkişaf nəzərə çarpır. Bu uğuru maliyyə sistemi qarşısında qoyulan çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi vəzifələrin davamlı şəkildə həyata keçirilməsi şərtləndirir. 

Başqa sözlə, sığorta bazarı iştirak­çıları üçün əlverişli mühitin yaradılma­sı, şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mü­badiləsi qaydasının təkmilləşdirilməsi, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması kimi istiqamətlərdə tədbirlərin görülməsi sö­zügedən sahədə tədricən yüksək göstə­ricilərin əldə edilməsinə zəmin yaradır. 

Hazırda sığorta bazarının orta dövr (2025-ci ilədək) üçün inkişafı məqsədilə qarşıda bir sıra vəzifələr durur. Həmin və­zifələr sırasında mövcud bazarın ümumi biznes həcminin artırılması, bunun üçün mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni məhsulların ya­radılması tədbirlərinin gerçəkləşdirilməsi xüsusi diqqət çəkir. Bütün bunlarla yana­şı, sözügedən sistemdə hüquqi bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, icbari sığorta növlərinin artırılması üzrə fəaliyyətin sürətləndirilməsi də əsas hə­dəflərdən biridir. 

Xatırladaq ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra sığorta sistemində müəyyən layihələrin icrasına başlanıb. Bu istiqamətdə yeni şirkətlər yaradılıb, onların bir qismi formalaşma dövründə zamanın tələblərinə cavab vermədiyindən bazarı tərk edib, digərləri isə beynəlxalq səviyyəyə uyğunlaşaraq bugünümüzə gəlib çatıb. 

Mövcud sığorta strukturlarında ba­zarda sabit mövqeyə malik olmaq üçün idarəetmənin təkmilləşdirilməsi, müasir informasiya texnologiyası proqram təmi­natının reallaşdırılması, risklərin idarəe­dilməsi kimi məsələlər diqqətdə saxlanı­lır. Eyni zamanda, biznesin müasir təşkili və idarəedilməsi, xidmət keyfiyyəti, mar­ketinq araşdırmaları ilə bağlı layihələrin icrası da daim önə çəkilir. Sığorta şirkət­lərində maliyyə-investisiya fəaliyyətini genişləndirmək, kapitalı artırmaq və da­yanıqlığı gücləndirmək, qanunvericilik tələblərinə ciddi yanaşmaq, habelə elekt­ron uçot və hesabat sistemlərini müa­sirləşdirmək, şəffaflıq və ədalətlilik kimi məsələlər də prioritet istiqamətlərdir.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Mərkəzi Bankının məlu­matına əsasən, 2023-cü ilin yanvar–ok­tyabr aylarında Azərbaycanda sığorta yığımları 27,8 faiz artaraq 1 milyard 19 milyon manata çatıb. Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 26,7 faiz artaraq 455 milyon manata yüksəlib.

Yeri gəlmişkən, sığorta yığımlarında artım dinamikasının daha yüksək olma­sı bazarın zərərliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45 manatını ödənişə yönləndirmişdilərsə, cari ilin eyni dövründə bu rəqəm 44,6 ma­nata kimi azalıb.

2023-cü ilin 10 ayı ərzində Azərbay­canda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi isə 425 milyon 81 min manata bərabər olub. Bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz və ya 97 milyon 969 min manat çoxdur. Xatırladaq ki, keçən ilin yanvar-oktyabr aylarında hə­yat sığorta şirkətləri 327 milyon 112 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığorta­sında bazar payı 92,5 faiz enib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 93 faiz təşkil etmişdi.

Hesabat dövründə həyatın yaşam sığortası üzrə ödənişlər isə 26,6 faiz ar­taraq 249 milyon 929 min manata çatıb. Ötən ilin 10 ayında bu sığorta növü üzrə ödənişlər 197 milyon 402 min manat təş­kil edib.

Qeyd edək ki, həyatın yaşam sığor­tası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən iş­çilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan ver­gi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidmətindən bildirildiyinə görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 mil­yard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 533 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 2,7 milyard manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə işsiz­likdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz artaraq 148,7 milyon manata yüksəlib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 15,5 faiz artıb və 110 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxi­lolmalar ötən 10 ay ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz yüksələrək 765 milyon manat olub. Qey­ri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 faiz artıb və 539 milyon manat təş­kil edib.

V.BAYRAMOV
XQ

İqtisadiyyat