Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın aqrar potensialına qayıdır

post-img

Bununla kənd məhsulları 8-10 faiz çoxalacaq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın 30 il ərzində işğalda saxladığı torpaqlarımız azad edildikdən sonra Qarabağın və Şərqi Zəngəzurun ölkəmizin kənd təsərrüfatına reinteqrasiyasına başlanılıb.  Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində indiyədək 70 min hektardan çox sahə əkinə cəlb olunub. Qısa müddət ərzində həmin əkin dövriyyəsinin, təqribən, yarısında kənd təsərrüfatı işlərinin görülməsi məqsədilə texnika və digər istehsal vasitələri ilə təminat yüksək səviyyədə həyata keçirilib, taxıl sahələrində pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb.

İlkin qiymətləndirilməyə əsasən, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilən ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra, təqribən, 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu sahələrin, təqribən, 100 min hektarı taxıl məhsullarının istehsalına yönəldiləcək. Şübhəsiz ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılmasnda əhəmiyyətli rol oynayacaq. 

Aparılmış qiymətləndirmələrə görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq. Həmçinin strateji əhəmiyyətli su ehtiyatlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yeni sahələrin suvarılması təmin ediləcək ki, bu da bütövlükdə, ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yaxın perspektivdə Qarabağ və Şərqi Zəngəzurda ənənəvi olan üzüm bağlarının bərpası ilə yanaşı, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınmasına başlanacaq. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və fındıq kimi ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Həmçinin regionda soğan və kartof kimi tərəvəz məhsullarının istehsalı, habelə pambıq və tütün kimi texniki bitkilərin istehsalının təşkili də ölkə üzrə müvafiq istehsal göstəricilərini yüksəldəcək.

Hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. İlkin hesablamalar göstərir ki, bu ərazilərdə qaramalın sayının, təqribən, 430 min başa, davarın sayının isə 1,6 milyon başa çatdırılması mümkündür. Bunun nəticəsində bölgədə, təqribən, 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzində saxlanılır.  

İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərdən bəhs edərkən,  Zəngilan rayonunda yaradılan “Dost Aqropark”ın da fəaliyyətinə toxunmaq istərdik. Bununla bağlı əvvəlcə onu deyək ki, parkın sürətlə inkişaf etdirilməsi düşməndən təmizlənən ərazilərdə aqrar sektorun inkişafı, kənd təsərrüfatının sənayeləşdirilməsi məqsədi daşıyır.

Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri tikilib və bura 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalına başlanılıb.

Hazırda “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsul­lar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.

“Dost aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat