Ağdamın zəngin turizm potensialı dirçəldiləcək

post-img

Bu, erməni xislətinin bütün dünyaya göstərilməsi baxımından önəmlidir

Ağdamın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu məsələdə diqqət yetirilən əsas sahələrdən biri rayonda turizmin inkişaf etdirilməsidir. Əhalinin geri dönüşü və infrastrukturlar tam yaradıldıqdan sonra yeni turizm məhsulları təqdim ediləcəkdir. Birinci mərhələdə əsas istiqamət daxili turizmin təşkilidir. Bu dövr üçün daha çox ziyarət xarakterli turizm, daha sonra  infrastruktur tam bərpa olduqdan sonra isə istirahət turizminin təşkili planlaşdırılır. 

Hazırda “Qarabağ Zəfər marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” adlı turlar təşkil edilir. Bu turizm növü “qara turizm” və ya dark turizm adlanır. İşğal nəticəsində dağılan tikililəri, ölüm və faciələrlə bağlı yerlərə edilən səyahətləri, tarixdə yaşanmış faciələri, baş vermiş müharibələrin yaratdığı çətinlikləri, fəlakətləri göstərmək üçün nəzərdə tutulan bu turizm növü rayonun inkişaf etdirilməsi üçün maraqlı istiqamətdir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bu barədə   bildirdi ki, 2021-ci il mayın ­28-də dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Bu muzeylər kompleksi, ümumilikdə, 22,5 hektar ərazini əhatə edir. Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulub. 

Bu sahə İşğal muzeyi kompleksinin bir hissəsi olub Memorial bağ adlanır. Onun sahəsi 18 hektardır. Bağda xarabalıqlar, dağıdılmış binalar olacaq. Binalar restavrasiya deyil, konservasiya ediləcək, olduqları kimi saxlanılacaq. Bunlar dark turizmi üçün önəmli yer tutur. Onun həvəskarıları məhz belə yerləri görmək istəyirlər. Düşünürəm ki, bu, müharibənin bütün incəliklərini dünyaya çatdırmaq baxımından yaxşı vasitə olacaq.

...Biz Ağdamda olanda Memorial bağda konservasiya ediləcək binalardan biri ilə yaxından tanış olduq. Bu, Ağdam Dövlət Dram Teatrının binasının qalıqları idi. Tarixi simasının qaytarılması mümkün olmadığından onun konservasiyası nəzərdə tutulub. 1955-1956-cı illərdə tikilmiş binadan yalnız giriş qapısının olduğu bir divar hissəsi qalıb. Teatrın binası önündə hovuzun ortasında Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından “Fərhad Bisütun dağını çapır” heykəlindən əsər-əlamət qalmayıb. İşğal dövründə hər şeyi məhv edən ermənilər mədəniyyət ocağını dağıdıblar.  Dağıntıların miqyası isə insanı dəhşətə salır. Bəlkə də dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə bir yer yoxdur. Bura dark turizm üçün önəmli obyekdir. 

Teatrın yaxınlığında yerləşən kitabxana, poçt binası, mehmanxana və dükan da dağıdılıb. Onların qalıqları Memorial bağda saxlanılacaq. Eyni zamanda, bu xarabalıqlar hər kəsə – istər yerli, istərsə də xarici turistlərə müharibənin necə  acı nəticələrə səbəb olduğunu, mənfur düşmənin xalqımızın başına gətirdiyi dəhşətli faciələri anladacaq. Xarici turistlər Ağdama səfər edərkən onlar barədə geniş məlumat alacaqlar.

Dark turizm həvəskarlarının ­Ağdam- da maraq göstərəcəyi obyektlərdən biri də “Çörək muzeyi”nin dağıdılmış binasıdır. Bu binanın tarixi çox zəngindir. Ağdamda olarkən yaxınlıqdakı “Çörək muzeyi”nin uçuq divarlarını da gördük. Bir vaxtlar bu muzey nəinki ölkəmizdə, həm də xaricdə məşhur idi. Muzeyin özü şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirmanın bazasında yaradılmışdı. Bu bina Böyük Vətən müharibəsi (1941–45) dövründə Ağdamı elektriklə təmin edirdi. Müharibə dövründə, hətta dəyirmanın həyətində yaşayan, təxminən, 20 ailə buradan elektrik enerjisi ilə təmin olunurdu. Sonra istifadəsiz qalaraq yararsız vəziyyətə düşmüşdü. 

Ağdam partiya komitəsinin sabiq birinci katibi Sadıq Murtuzayevin göstərişi ilə dəyirman qısa müddətdə bərpa olunmuş, onun ətrafı təmir edilmiş, fasadında məşhur daş mozaika yaradılmışdı. Mozaikanın ideya müəllifi Sadıq Murtuzayev idi. Mozaika Ağdamdan olan rəssam-dizayner Zakir Rüstəmov tərəfindən hazırlanmışdı. Panno xüsusi rəngli daşlardan istifadə edərək yığılmışdı. Muzeyin 3 ekspozisiya zalında 2850-yə yaxın eksponat saxlanılırdı. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri – xış, vəl, çin, adi və dişli oraq, əldəyirmanı (kirkirə) və başqa alətlər saxlanılırdı. 

Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də atılmışdı. “QRAD” mərmisi muzeyin varlığına birdəfəlik son qoydu, külünü göyə sovurdu. Bunun nəticəsində muzeydə olan 1500-dək eksponat, tavan taxta materialından hazırlandığından tez alışmış və bir saat ərzində muzey külə dönmüş, dəyirmanın yalnız divarları qalmışdı. Qısa müddətdə 2 minə yaxın taxıl nümunəsi toplanmış belə bir müqəddəs muzey ermənilər tərəfindən yer üzündən silinmişdi. Muzeyin yerləşdiyi küçənin kanalizasiya boruları belə sökülüb aparılmışdı. Bu, hərbi cinayətdir. Azərbaycan xalqına qarşı nifrətin göstəricisidir. 

Ağdam səfərimiz zamanı yaxınlıqda yerləşən “Çay evi”nin dağıntılarını da izlədik. 1986-cı il iyul ayının 26-da açılan “Çay evi”nin yalnız birinci mərtəbəsində hörgü işləri olub. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Tikinti zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilib. Ağdam işğal edilən zaman “Çay evi” tamamilə dağıdılıb, qarət edilib. Vandallar və oğrular dəmir dirəkləri, pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb daşıyıblar. Hazırda ondan pilləkənin bir hissəsi, dəmir yığını qalıb. 

Ağdamlılar şəhərin simvollarından biri olan “Çay evi”nin bərpa olunmasını istəyirlər. Yeni şəhərsalma planına görə, bu ərazidə Mərkəzi park salınacaq. Ola bilsin ki, parkın ərazisində “Çay evi” də tikilsin. Bəlkə də əvvəlki formasını olduğu kimi təkrar etməyəcək, amma az-çox ona bənzədiləcəyinə şübhə yoxdur. 

Dark turizm üçün önəmli obyektlərdən biri də İşğal muzeyidir. Muzey hazır olduqdan sonra  dark turizm həvəskarları bu muzeydəki informasiyalardan istifadə etməklə işğal dövrünün ağrılı-acılı günləri barədə geniş məlumat əldə edəcəklər. Çünki muzeyin giriş hissəsində nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. 

Birinci zalda Qarabağ, Ağdam tarixi faktlarla, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə təqdim olunacaq. Dördüncü zal işğal dövrü qurbanlarının xatirəsinə həsr olunub. Beşinci zal isə Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş sakinlərin keçdiyi əzablı yolu əks etdirəcək. Həmin hissləri yaşatmaq üçün otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsin. Burada sükunət zalı da olacaq, dağıntılar, evlərin yanması əksini tapacaq. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün effekt verəcək. Arxiv zalında isə tarixi faktlar əks olunacaq. Memorial bağ isə səma altında muzey olacaq.

Bağın sonuna doğru Zəfər muzeyi, Bayraq meydanı və Zəfər arenası yerləşəcək. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə də quraşdırılacaq.

Keçmişin ağrı və kədərini nümayiş etdirən bu ərazi dark turizmi üçün səyahət yeri olacaq. Xaricdən ölkəmizə gələn turistlər arasında erməni vəhşiliyinin bir nümunəsi olan Ağdamdakı Şəhidlər xiyabanını, kütləvi məzarlıqları ziyarət etmək istəyənlər də az deyil.  

 

Pünhan ƏFƏNDİYEV 
XQ

 







Sosial həyat