Dövlət sahibkarlıq subyektlərinə dəstəyi gücləndirir

post-img

Xəbər verildiyi kimi, noyabrın 16-da Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyaları və iş adamları iştirak ediblər.

Tədbirdə kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqla bağlı məsələlər geniş müzakirə edilib. 

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, son illər Azərbaycan dövləti  tərəfindən milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətli sektorların iqtisadi inkişafının təşviqi üzrə tədbirlər çərçivəsində kiçik və orta sahibkarlığa səmərəli dəstək və dayanıqlı inkişaf istiqamətində məqsədyönlü siyasət yürüdülür. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin də mütləq əksəriyyətinin mikro, kiçik və orta sahibkarlıq müəssisələrindən ibarət olduğunu diqqətə çatdıran nazir müavini deyib ki, dövlət kiçik və orta biznesin (KOB) inkişafına dəstək, o cümlədən, biznes mühiti, yeni təşkilati modellər və müasir xidmətlər üzrə kompleks tədbirlər həyata keçirir. Qeyd olunub ki, 2017-ci ildə KOB üzrə ümumi dəstək proqramı çərçivəsində, sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və görülən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. 

Nazir müavini qeyd edib ki,  işğaldan azad edilmiş torpaqlarımızın yeni ehtiyatlarının və sərvətlərinin iqtisadi dövriyyə cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha səmərəli kommunikasiya xətlərinin yaradılması imkanları təkcə Azərbaycanda deyil, ümumilikdə, region ölkələrində KOB sektorunun inkişafı üçün yeni imkanlar açır. Qarabağ bölgəsinin nəqliyyat-tranzit, bərpaolunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malik olduğunu söyləyən S.Məmmədov deyib ki, burada “yaşıl enerji” zonası, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həm ölkəmizin, həm də bütövlükdə regionun dayanıqlı inkişafına böyük töhfə olacaq. 

Azərbaycanda dövlətin yaratdığı iqtisadi zonaların rezidentlərinin 90 faizindən çox hissəsini KOB subyektləri təşkil etdiyini diqqətə çatdıran natiq, həmçinin deyib ki, ölkəmizdə sənaye parklarının rezidentləri üçün vergi güzəştləri tətbiq olunub.Onun sözlərinə görə, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, eləcə də 10 il müddətinə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunur. 

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanda bizneslər həm özəl maliyyə vasitəçilərinin təklif etdikləri kreditlərdən, həm də dövlət institutlarının təqdim etdikləri güzəştli maliyyə vəsaitlərindən faydalanmaq imkanına malikdirlər. Qeyd olunub ki, 2022-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu KOB subyektlərinə 70 milyon ABŞ dollarına yaxın güzəştli kredit verib ki, bu da fondun kredit portfelinin təqribən 85 faizini təşkil edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin Sədri Orxan Məmmədov bildirib ki, KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlərlə məhdudlaşmamalı, bütün maraqlı tərəflər, geniş ictimaiyyət, akademik dairələr və beynəlxalq platformalar öz səylərini bu istiqamətdə birləşdirməlidir. Tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdıran O.Məmmədovun dediyinə görə, KOBİA institusional əməkdaşlığın genişləndirilməsinə və yerli sahibkarlıq subyektləri ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasına dəstək verməyi əsas hədəf kimi qarşısına məqsəd qoyub. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun KOB sektorunun inkişafına və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcək. “Şübhəsiz, platformanın təqdim etdiyi ən əhəmiyyətli imkanlardan biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir. Bu baxımdan, əminəm ki, hazırkı Ümumdünya KOB Forumu da strateji fəaliyyət gündəliyimizin zənginləşdirilməsi və genişləndirilməsi üçün uğurlu göstəricilər ilə yadda qalacaq”, - deyə Orxan Məmmədov əlavə edib.

Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş direktoru Ayman El Tarabişi çıxışında Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ICSB arasında əməkdaşlığı yüksək qiymətləndirib.  KOBİA-nın ICSB ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilat olduğunu vurğualyan qurum rəhbəri ötən 4 il yarım ərzində göstərilən qarşılıqlı fəaliyyətin əməkdaşlıq, innovasiya və dayanıqlılığın nümunəsinə çevrildiyini bildirib. Qeyd olunub ki, bu tərəfdaşlıq qlobal qeyri-müəyyənlik dövründə başlamasına baxmayaraq, təşkilatın yeni fəaliyyət formatına keçidə hazırlığı heyrətamiz çeviklik və ümumi missiiyaya  sadiqlik nümayiş etdirib. “Səmərəli tədbirlər görmək üçün səyləri səfərbər etməyə saqidlik KOBİA-nın daim nümayiş etdirdiyi xüsusiyyətdir. Əməkdaşlığımız iddialı başlanğıcla yeni yüksəkliyə çatdı və üç günlük Dünya Forumunun keçirilməsi ilə nəticələndi”, – deyə qurum rəhbəri bildirib. 

Forumda, həmçinin İCSB-nin İdarə Heyətinin sədri Ki Çan Kim, Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının direktoru Dumitru Pintea, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İtaliya–Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin prezidenti Yaşar Doğan çıxış edərək dünyada və ölkəmizdə sahibkarlığın inkişafı, KOB-ların ÜDM-də, məşğulluqda və ixracda artan rolu, müxtəlif ölkələrdə KOB-ların dəstəklənməsi tədbirləri barədə məlumat veriblər.

Tədbir çərçivəsində “Azərbaycanda kiçik biznes və sahibkarlıq”, “KOB-ların rəqəmsal transformasiyası və xarici ticarət”, “Qadınların və gənclərin sahibkarlıq fəaliyyətinin gücləndirilməsi” mövzularında panel müzakirələr keçirilib. 

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat