Milli Məclisin Sədri Bişkekdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova  Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib. 

O bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyıb. 

Spiker qeyd edib ki, nəticədə, Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib. Antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib, mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib. Eləcə də, heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyasıda təsdiqləyib.  Bu aşkar faktlara baxmayaraq, Ermənistan hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir.

***

Sahibə Qafarova Bişkek də böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda da çıxış edib. 

O, Çingiz Aytmatovun hələ sağlığında klassikə çevrilmiş yazıçı olduğunu söyləyərək, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoyduğunu bildirib. S.Qafarova Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladaraq qeyd edib ki, yazıçının 95 illik yubileyi münasibətilə paytaxt Bakıdakı küçələrin birinə böyük qırğız yazıçısının adı veriləcək, onun büstü qoyulacaq. 

 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər