Kənddə zəhmət marafonu bar-bərəkət ünvanına çatıb

post-img

Mövsüm bitməsə də, rekord miqdarda – 10 milyard manatlıq məhsul əldə olunub

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişlənir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yan­var–sentyabr ayları üzrə Azərbaycan­da kənd təsərrüfatının ümumi məh­sulunun faktiki qiymətlərlə dəyəri 10 milyard manata çatıb. Bunun da 5,5 milyard manatı bitkiçilik, 4,5 milyard manatı isə heyvandarlıq məhsulları­nın payına düşüb. Cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqa­yisədə kənd təsərrüfatı istehsalı 3 faiz, o cümlədən bitkiçilik 2,5 faiz, heyvandarlıq isə 3,5 faiz artıb.

İlin əvvəlindən torpağa atdığı hər bir dənin cücərib boy atması üçün səy göstərən, tər tökən əkin-biçin adamı indi zəhmətinin bəhrəsindən məm­nundur, desək, yanılmarıq. Zama­nında nəvaziş göstərib sığal çəkdiyi torpaq da borclu qalmayaraq kəndli­nin zəhmətinin əvəzini birə-beş qay­tarır, necə deyərlər, sahibinin üzünü ağardır. Eyni zamanda, dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək də sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticə­də ölkədə kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın bir dövr ərzində ölkə­mizdə kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfəyə yaxın artıb. 

Bu sahədə əvvəlki dövrlərdə mü­şahidə olunan artım tendensiyası cari ilin 9 ayında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə bol məhsulun təməli üçün ilin əvvəlindən 919 min 784,7 hektar sahədə payızlıq və yazlıq dənli paxlalı bitkilər (qarğıdalı istis­na olmaqla) əkilib. Bu ilin yanvar–sentyabr aylarında 917 min 526,9 hektarın məhsulu yığılıb. Həmin sahələrdən 2 milyon 937 min 443,6 ton məhsul tədarük edilib. 

Əkin sahələri ötən ilin müvafiq dövrünə nisbətən azlıq təşkil etsə də, həyata keçirilən aqrotexniki tədbir­lər sayəsində zəmilərdə bol məhsul yetişdirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 9 ayının nəti­cələrinə görə, hektarın məhsuldarlığı 32,7 ton təşkil edib. Bu sahədə ən yüksək məhsuldarlıq Qarabağ (41,4 ton) və Mil–Muğan (40,8 ton) iqti­sadi rayonlarında qeydə alınıb. Ölkə üzrə bu sahədə ən yüksək göstərici isə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunun payına dü­şüb (46,3 ton). Bu isə respublika üzrə ümumi göstəricidən 14,3 ton çoxdur.

Mövsüm ərzində ölkə üzrə 28 min 755,1 hektar sahədə dən üçün qarğıdalı əkilib. İlin 9 ayında 23 min 294,2 hektar sahədə yığım həyata ke­çirilib və nəticədə 163 min 496 ton məhsul toplanılıb. Bu sahədə hektarın orta məhsuldarlığı 70,2 sentner (ötən il 67,6 sentner) təşkil edib. 

Son illər ölkədə kartof əkininə xüsusi marağın göstərilməsi “ikinci çörək” adlandırılan bu bitkiçilik məh­sulunun istehsalının artmasına səbəb olub. Bu da daxili bazarın idxaldan asılılığının minimuma endirilməsi ilə nəticələnib. Mövsüm ərzində ölkə üzrə 49 min 475,5 hektar sahədə kar­tof əkilib. Əkin sahələrinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalmasına baxmayaraq, fermerlər bol məhsul yetişdirməyə nail olublar. Cari ilin yanvar–sentyabr aylarında sahələrdən 981 min 927,1 ton məhsul yığılıb. Hektarın məhsuldarlığı 200,1 sentner təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 11 sent­ner çoxdur. 

Hesabat dövründə hektarın orta məhsuldarlığı üzrə ən yüksək göstəri­ci Naxçıvan Muxtar Respublikasında (261,7 sentner) qeydə alınıb. Bununla yanaşı, Qazax–Tovuz (237,6 sentner) və Lənkəran-Astara (226,4 sentner) iqtisadi rayonlarının fermerləri də sahələrdən bol məhsul əldə ediblər. Ölkənin rayonları üzrə bu sahədə ən yüksək göstəriciyə isə Qazax (350 sentner), Cəlilabad (311,8 sentner) və Tovuz (303,8) fermerləri imza atıblar. 

Cari ilin ötən dövründə 61 min 227,5 hektar sahədə tərəvəz əkən təsərrüfat sahiblərinin də əməyi öz bəhrəsini verməkdədir. Bu ilin 9 ayın­da 60 min 179,5 hektar sahədə yığım həyata keçirən fermerlər 1 milyon 694 min 659,7 ton məhsul tədarük ediblər. Hesabat dövründə tərəvəz­çilikdə hektarın məhsuldarlığı 281,6 sentner təşkil edib. Müqayisə üçün deyək ki, ötən il bu göstərici 258,4 sentner olub. Tərəvəzçilikdə ən yük­sək göstəricilərə Qazax–Tovuz (387 min 993,8 ton) və Qarabağ (232 min 640,7 ton) iqtisadi rayonlarının fer­merləri imza atıblar.

Ölkədə mühüm növ bitkiçilk məhsullarının yetişdirildiyi bostan­larda da ilin əvvəlindən kifayət qədər əkin həyata keçirilib. Həmin sahələr­də isə bol məhsul yetişdirilib. Möv­süm ərzində əkin həyata keçirilmiş 17 min 224 hektar sahədən ötən müddət­də 446 min 454,1 ton məhsul yığılıb. Bostanlarda hektarın orta məhsuldar­lığı 254,1 sentner (ötən il 231,9 sent­ner) təşkil edib. Bu sahədə ən yüksək göstərici isə Mil-Muğan iqtisadi ra­yonunda (262,3 sentner) qeydə alınıb. 

Hazırda ölkə üzrə meyvə və gilə­meyvələrin ümumi əkin sahələri 226 min 395,5 hektar təşkil edir. Cari ilin 9 ayında bağlardan 787 min 55,2 ton məhsul yığılıb. İqtisadi rayonlar üzrə bu sahədə ən yüksək göstəricilərə isə Quba–Xaçmaz (274 min 664, 8 ton) və Mərkəzi Aran (110 min 353,4 ton) iqtisadi rayonlarının təsərrüfat sahib­ləri imza atıblar. 

Bu il ölkənin 15 min 800 hek­tardan artıq üzüm bağlarında da bol məhsul yetişdirilib. Yanvar-sentyabr aylarında bağlardan 182 min 411,5 min ton məhsul yığılıb ki, bu da əv­vəlki ilin müvafiq dövründəkindən bir qədər çoxdur. 

Ölkədə məhsul bolluğunun təmi­natında mühüm rola malik olan şəkər çuğundurunun istehsalı da ilbəil artır. Cari ilin əvvəlindən ölkə üzrə şəkər çuğundurunun əkildiyi 4 min 534,8 hektar sahədən 47 min 677,9 ton məhsul tədarük edilib.

Azərbaycanın çayçılıq təsərrüfat­larının cəmləşdiyi Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə mövcud 975,6 hektar sahədən ilin 9 ayında 962,3 ton yaşıl çay yar­pağı yığılıb. Bunun da 921,8 tonu Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb.

Hazırda strateji məhsul sayılan pambıq yığımının qızğın çağıdır. Xatırladaq ki, mövsüm ərzində ölkə­nin əsas pambıqçılıq rayonlarında, ümumilikdə, 93 min 722,3 hektar sahədə əkin həyata keçirilib. Yığı­mın əvvəlindən tarlalardan 142 min 95,5 ton “ağ qızıl” toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Sahələr­də bol pambıq yetişdirməyə nail olan fermerlər məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Son günlərin əlverişli hava şəraiti isə onları bu məqsədə daha da yaxınlaşdırır. 

Bütövlükdə isə, payız fəslinin son ayı olmasına baxmayaraq, ölkənin regionlarında müxtəlif nov bitkiçilik məhsullarının yığımı davam edir. Fer­merlər isə yığımın optimal müddətdə başa çatdırılması üçün bütün imkan­ları səfərbər ediblər. 

M. YAQUBZADƏ
XQ

İqtisadiyyat