9 ayda ÜDM 2 dəfəyədək çoxalıb
Azərbaycan Respublikasının 2024-cü ilin icmal və dövlət büdcələri üzrə layihələrin hesabatında Dövlət Statistika Komitəsinin məlumatına əsaslanılaraq bildirilir ki, cari ilin birinci yarısında ölkədə 60 milyard manatlıq, o cümlədən qeyri-neft sektorunda 36 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,5 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb. Bu ilin yanvar–sentyabr aylarında isə ÜDM istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 98,5 faiz artaraq 34 milyard 647 milyon manata çatıb. ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, 6,4 faizi kənd təsərrüfatı, 6 faizi nəqliyyat, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi, 1,7 faizi informasiya–rabitə sahələrinin, 18 faizi isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 949 manata yüksəlib.
Cari ilin ilk yarısında orta illik inflyasiya göstəricisi isə 12,7 faiz səviyyəsində qeydə alınıb. Hesabat dövründə ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə11,4 faiz artım müşahidə edilib. Yeri gəlmişkən, 2023-cü ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub.
Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”də İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsaslanaraq bildirilir ki, ölkəmizdə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Respublikamızda inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı bu gün atılan addımlar gələcəkdə iqtisadi fəallığın artması ilə bərabər, əhalinin sosial rifahına da müsbət təsir edəcəyi gözlənilir. Eyni zamanda, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksələcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyev çıxışlarının birində inflyasiyanın ikirəqəmli olmasının narahatlıq doğurduğunu, ilin sonuna qədər onun birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid etdiyini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin inflyasiyanın ikirəqəmli olmasını təbii amillərlə yanaşı, subyektiv səbəblərlə də əlaqələndirib və hökumətin bunu ciddi araşdıraraq ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verməsinin zəruriliyini bildirib. “Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilən nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”,–deyə ölkə rəhbəri qeyd edib.
Prezident İlham Əliyevin bu sözlərindən sonra Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncam əsasında ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb. Nazirlər Kabineti Aparatının rəhbəri həmin qrupun rəhbəri təyin olunub. İşçi qrupa ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görməsi, həmin tədbirlərin nəticəsi barədə ayda bir dəfə hesabatın Azərbaycan hökumətinə təqdim olunması tapşırılıb.
Azərbaycan Respublikasının 2024-cü ilin icmal və dövlət büdcələri üzrə layihələrin hesabatında, həmçinin cari ilin birinci yarısında əsas kapitala yönəldilən vəsaitin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manat təşkil etdiyi, bunun 72,9 faizinin daxili, 27,1 faizinin isə xarici mənbələr hesabına formalaşdığı vurğulanır. Eyni zamanda, hesabat dövründə investisiyaların 2,8 milyard manatının (39,3 faiz) neft-qaz, 4,3 milyard manatının isə (60,7 faiz) qeyri-neft sektoruna yönəldildiyi diqqətə çatdırılır.
Azərbaycanda qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və bu sahədə istehsal edilən məhsulların ixrac potensialının gücləndirilməsi üçün qarşıya qoyulan mühüm vəzifələrdən biri xarici investisiyaların artırılmasına nail olmaqdır. Buna görə də son illərdə respublikamızda biznes mühitinin keyfiyyətcə yaxşılaşdırılması və ölkəyə xarici sərmayədarların cəlb edilməsi diqqət mərkəzində saxlanılır. Bu strateji istiqamətin önəmi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznesin fəaliyyətinin beynəlxalq normalar əsasında formalaşması, habelə özəl sektorun inkişaf tempinin yüksəldilməsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir.
Hazırda ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müxtəlif layihələr həyata keçirilir, xarici investorların “bir pəncərə” prinsipindən yararlanmasına ciddi diqqət yetirilir, onlara müxtəlif istiqamətlərdə dəstək verilir. Birbaşa xarici investisiyaların təşviqi məqsədilə hazırlanan strategiyanın isə yaxın vaxtlarda təsdiqi gözlənilir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk vaxtlardan etibarən xarici investisiyanın ölkəyə cəlbini sürətləndirmək üçün qanunvericiliyin müasirləşdirilməsi, yeni rəqəmsal həllərin tətbiqi önə çəkilib.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici–institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu sənəd investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.
2024-cü ilin icmal və dövlət büdcələri üzrə layihələrin hesabatında, cari ilin ilk yarısında xarici ticarət dövriyyəsinin 23 milyard dollar təşkil etdiyi, bunun 14,8 milyard dollarının və ya 64,3 faizinin ixracın, 8,2 milyard dollarının və ya 35,7 faizinin idxal əməliyyatlarının payına düşdüyü, nəticədə xarici ticarət üzrə 6,6 milyard dollar həcmində müsbət saldoya nail olunduğu göstərilir.
Hesabatda qeyd edilir ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını (1 ABŞ dollarına qarşı 1,7 manat) dəstəkləyəcək. İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın güclənməsi ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək.
2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə 1 faiz artım olacağı, o cümlədən qeyri-neft sektoru üzrə əsas kapitala investisiyaların 3 faiz artacağı da proqnozlaşdırılır.
Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaq.
V.BAYRAMOV
XQ