TAP Avropanın 10-dan çox ölkəsinə Azərbaycan qazı nəql edəcək

post-img

Trans Adriatik Boru Kəməri (TAP) ən mürəkkəb dövrdə Avropanın enerji təchizatını şaxələndirən və etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünü təmin edən strateji layihədir.

Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Formiche” saytına müsahi­bəsində bu fikrinə əlavə olaraq qeyd edib ki, TAP çox qısa müddətdə tam gücü ilə işləyərək, ötən il Avropaya qaz tədarükünü 40 faiz artırmaqla 11,4 mil­yard kubmetrə çatdırıb. Bu həcmin 84 faizindən çoxu, yəni 9,6 milyard kub­metri yalnız İtaliyanın payına düşüb.

P.Şahbazov müsahibəsində daha sonra TAP-ın enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, enerjidə əlça­tanlığına və ətraf mühitin qorunmasna töhfə verən layihə olduğunu da vurğu­layıb. Energetika naziri boru kəmərinin Avropanın 10-dan çox ölkəsini Azər­baycan qazı ilə təchiz etmək perspekti­vinə malik olduğunu və dayanıqlı enerji təhlükəsizliyi üçün bu layihənin inkişafı­nın zəruriliyini də bildirib. O, “REPowe­rEU” planının, eləcə də Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində ye­nilənmiş strateji tərəfdaşlıq sənədinin məhz TAP-ın rolunun gücləndirilməsini ehtiva etdiyini xatırladaraq boru kəmə­rinin avropalı tərəfdaşlar üçün “təhlükə­sizlik yastığı” rolu daşıdığını diqqətə çatdırıb. 

Müsahibədə, həmçinin TAP layihə­sinin İtaliya üçün strateji əhəmiyyətin­dən, boru kəmərinin ötən üçillik dövrdə “köhnə qitə”nin enerji təhlükəsizliyinə verdiyi töhfədən və kəmərin ötürücülük qabiliyyətinin artırılmasının önəmindən bəhs olunub.

Qeyd edək ki, TAP vasitəsilə Avro­paya qaz tədarükü 2020-ci ilin dekabrın 31-də başlayıb. İndiyədək qitəyə 28,7 milyard kubmetr Azərbaycan qazı gön­dərilib.

XQ

İqtisadiyyat