Vergi islahatları iqtisadi inkişafı stimullaşdırıb

post-img

9 ayda bu sahədən daxilolmalar 12,8 milyard manata yüksəlib

Son illər ərzində vergi sistemində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində sahənin maddi-texniki bazası müasirləşdirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub, biznes mühiti münbitləşib. Nəticədə vergi daxilolmalarının davamlı artımına nail olunub. 

Dövlət Vergi Xidmətinin (DVX) məlumatına əsasən, 2002-ci ildən indiyədək vergi daxilolmalarında artım 23 dəfəyədək artıb. Cari ilin yanvar-sentyabr aylarında isə DVX tərəfindən toplanan vergi daxilol­maları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz yüksələrək 12 milyard 810 milyon manat təşkil edib.

Bu dövrdə qeyri-neft-qaz sekto­rundan vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artaraq 7 milyard 425,8 milyon manata çatıb. Belə bir müsbət ten­densiyanın davamlı olması üçün DVX biznes mühitində şəffaflığın artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində bundan sonra da səyləri davam et­dirəcəyini bildirib. 

Son illərdə DVX-də “kölgə iq­tisadiyyatı” ilə mübarizə və şəffaf­lığa əməl edilməsi, biznes mühiti­nin səmərəliliyinin artırılması kimi məsələrə xüsusi önəm verilib. Bü­tün bunlar vergi daxilolmalarının əhəmiyyətli artımı ilə nəticələnib, ölkəmizin maliyyə imkanlarının ge­nişlənməsini, sahibkarların sayının getdikcə artmasını şərtləndirib. Belə ki, əgər 2002-ci ildə respublikada cəmi 180 minə yaxın sahibkarlıq su­byekti mövcud idisə, 2022-ci ilin so­nuna qeydiyyatda olan vergiödəyi­cilərinin sayı 1,4 milyonu keçib, fəal vergiödəyicilərinin sayı isə 2022-ci ilin sonuna 712 mini ötüb. 

Vergi sistemində həyata keçi­rilən islahatlar nəticəsində ötən il ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolma­sı reallaşdırılıb. Prezident İlham Əliyev bununla bağlı deyib: “İqtisa­di sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı, çünki şəffaflıq var, dü­rüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iq­tisadiyyatından əl çəksinlər. Onla­ra himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə, 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bun­dan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim ma­liyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.

Qarşıdakı dövrdə də vergi si­yasətinin, ilk növbədə, iqtisadi təş­viq, səmərəli nəzarət, rəqəmsal­laşma prinsipləri əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, iqtisadiyyatın şaxələndiril­məsi və investisiyaların cəlb olun­masında vergi siyasətinin tənzim­ləyici rolunun davam etdiriləcəyi, “kölgə iqtisadiyyatı” ilə sistemli mü­barizənin miqyasının genişləndirilə­cəyi planlaşdırılıb. 

Bütün bu məsələlər haqqında DVX və Azərbaycanda Amerika Ti­carət Palatasının (“AmCham Azər­baycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda ətraflı danışılıb, vergi islahatların­da dövlət-biznes dialoqu, qarşı­lıqlı etimadın artırılması və ictimai əməkdaşlığın gücləndirilməsi kimi təşəbbüslərin önəmi xüsusi vurğu­lanıb, eyni zamanda, biznes–vergi siyasətinin yumşaq və ya sərt deyil, balanslı olmasına üstünlük verilmə­sinin zəruriliyi diqqətə çatdırılıb. 

Konfransda, həmçinin “kölgə iq­tisadiyyatı”nın azaldılması istiqamə­tində ciddi dəyişikliklərin əsasının qoyulduğu, sahibkarlıq subyektləri üçün açıq reyestr çıxışı olan məlu­mat bazasının qurulması ilə kont­ragentlərin seçilməsi prosesinin sürətləndirilməsi, bütün bunlarla yanaşı, gələcəkdə vergi və kapitala amnistiyanın şəffaflığının artırılma­sı, ümumbəyannamə sisteminə keçidin reallaşdırılması layihələrinin həyata keçirilməsinin nəzərdə tutul­duğu qeyd edilib.

Tədbirdə DVX-də aparılan struktur dəyişikliklərinə də toxunu­lub, qurumun mövcud strukturunun vergiödəyici təsnifatı və ərazi prin­sipi üzrə qurulduğu, eyni zamanda, müraciət və şikayətlərə daha key­fiyyətli baxmaq imkanı yaratmaq məqsədilə vergiödəyicilərinin risk­lərinin təhlili və onun monitorinqi ilə bağlı yeni strukturun yaradıldığı bil­dirilib. Növbəti mərhələdə isə DVX-də funksional sahə üzrə idarəetmə prinsipinə keçiləcəyi, bunun isə ver­gi siyasəti və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergiödəyiciləri arasında daha şəf­faf münasibətlərin formalaşmasına imkan yaradacağı vurğulanıb. 

Yeri gəlmişkən, xatırladaq ki, respublikada fiskal sahədə gerçək­ləşdirilən şəffaflıq sayəsində vergi daxilolmalarının nominal artım tem­pi ÜDM-in nominal artım tempini 7,7 faiz üstələyib, bu, iqtisadiyyatın bö­yüməsinə, sahibkarların dayanıqlı gəlirlər sisteminin formalaşmasına əsaslı təsir göstərib. Xüsusilə mik­ro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqti­sadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyinə əlverişli şərait, eyni zamanda, perspektivdə haqsız rəqabətin aradan qaldırılma­sına müsbət zəmin yaradıb.

Respublikada vergi sisteminin davamlı şəkildə təkmilləşdirilməsi qeyri-neft sektorunun inkişafında da özünü qabarıq büruzə verib. Başqa sözlə, bu istiqamətdə icra olunan vergi islahatları yeni qurulan iqtisadi zonalarda əlverişli biznes şəraitinə müsbət təsir göstərib. Məsələn, son illərdə texnologiya və sənaye park­larının rezidentləri üçün səmərəli vergi mühiti yaradılıb. Hər bir star­tap üç il müddətinə gəlir vergisindən azad edilib. Həmçinin kənd təsərrü­fatı sahəsində vergi dərəcələri azal­dılıb və sahibkarlıq fəaliyyətinin təş­viqi diqqət mərkəzində saxlanılıb. Biznes fəaliyyətinin inkişafında bü­tünlükdə rəqəmsallaşma böyük rol oynayıb. Şübhəsiz ki, bu məsələnin həllinə hər bir sahibkar üçün əlçatan dövlət vergi sisteminin yaradılması önəmli təsir göstərib.

Qeyd edək ki, son illər ərzində sahibkarlıq subyektlərinin vergi yü­künün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün aşağı salınması, vergi­tutma bazasının genişləndirilmə­si, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdiril­məsi əsas prioritet istiqamətlərdir. Vergi siyasətinin hədəfləri yenə də biznesin təşviqi, vergi yükünün op­timallaşdırılması və risklərin mini­mallaşdırılmasıdır. Şübhəsiz ki, bu məsələlərin gerçəkləşdirilməsi də “kölgə iqtisadiyyatı”nın azalmasına, iqtisadiyyatda şəffaflaşma indikator­ları üzrə müşahidə olunan göstəri­cilərin yüksəlməsinə, qeyri-neft sek­torunda daha sürətli artımın əldə edilməsinə gətirib çıxarır.

Hazırda vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergiö­dəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilmə­si, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə məqsədlərin həyata keçirilməsi əsas istiqamət­lərdir. Beləliklə, vergi siyasətinin iqtisadiyyatın, o cümlədən sahib­karlığın inkişafında, böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat