Qədim diyarın torpağı bar-bəhrəsini artırır

post-img

Əkinlər genişləndirilir, məhsuldarlıq yüksəldilir

Naxçıvan Muxtar Respublikasında son dövrlər meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə innovativ texnologiyaya əsaslanan yeni fabrik, həmçinin emal müəsisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi, üzümçülük üzrə sənaye miqyasında qurudulmuş üzüm məhsulları, səbzə mövüc, kişmiş və şirə istehsalının genişləndirilməsinə diqqət artmaqdadır. 

Bölgədə üzümçülüyün geniş perspek­tivləri var. Üzüm sortlarının zəngin ge­nefondu həm daxili bazar, həm də ixrac üçün süfrə üzümünün yetişdirilməsinə və yüksək keyfiyyətli şərabçılıq sənayesinin inkişafına geniş imkanlar açır. Meyvəçi­liyin, tərəvəzçiliyin və üzümçülüyün ge­nişləndirilməsində istehsalçı-alıcı-satıcı şəbəkəsinin təşkil olunması, istehsal olu­nan məhsulların şəhər və kəndlərdə, xır­da və iri ticarət şəbəkələrində pərakəndə satışlarının təşkilində dövlət dəstəyinin göstərilməsi daha çox faydalı olar. Eyni zamanda meyvə, tərəvəz və üzüm məh­sullarının xarab olmaması məqsədilə mövcud 30-dan çox saxlama kamerasının imkanlarından geniş istifadə imkanları ya­radılmalıdır. 

Əhalinin ərzaq məhsullarına olan tələ­batının ödənilməsində kartof və dib soğan istehsalı strateji əhəmiyyət kəsb edir. Yax­şı haldır ki, son illərdə bu sahədə əhəmiy­yətli irəliləyiş müşahidə olunur. 2022-ci ildə 3 min 481 hektar sahədə kartof əkini aparılıb, sahələrdən 54 min 998 ton məh­sul yığılıb. Ötən il muxtar respublika üzrə 88 min 34 ton tərəvəz istehsal olunub. 

Bölgədə strateji əhəmiyyət daşıyan taxıl məhsullarının istehsalının artırılması­na daha çox diqqət yetirilməlidir. Hazırda Naxçıvanda ümumi əkin sahəsinə görə, dənli və paxlalı bitkilər 35 min 792 hektar təşkil edir. Muxtar respublika ərazisinin tə­bii torpaq-iqlim şəraiti yüksək məhsuldar və keyfiyyətli taxıl sortlarının əkilməsinə imkan verir. 

Qeyd edək ki, son illərdə bölgədə 32 min 721 hektardan çox sahədə taxıl əki­lib, zəmilərdən 103 min 372 tondan artıq məhsul tədarük edilib. Ancaq bu taxılın əksəriyyəti yemçiliyə yararlı olub. Top­lanılan məhsulun 70 min tona qədərini buğda təşkil edib. Ona görə də fermerlər tərəfindən tətbiqyönümlü “Mirbəşir-50”, “Qaraqılçıq-2”, “Tərtər”, “Vüqar”, “Şiras­lan-23”, “Tərtər-2”, “Yaqut”, “Bərəkətli-95”, “Turan”, “Əlincə-84”, “Qırmızı gül-1”, “Qo­bustan”, “Ləyaqətli”, “Murov-1” və digər rayonlaşdırılmış perspektivli standart bərk və yumşaq buğda sortlarından tədatük edilən məhsuldan çörək bişirilməsində istifadə olunmasının təşkili strateji baxım­dan mühüm əhəmiyyət daşıyır.

Bölgədə paxlalı bitkilərin ümumi əkin sahəsi 970 hektardan çoxdur. Muxtar res­publikanın dağlıq, dağətəyi, düzənlik coğ­rafi ərazilərində paxlalı bitkilərin (noxud, lobya, soya və digər) becərilməsi üçün fermer, ailə təsərrüfatlarına hər cür döv­lət dəstəyinin göstərilməsi, təbii şəraitə uyğun sort tərkibinin müəyyənləşdirilərək əkilməsi, bu işdə yüksək məhsuldar sort­lardan istifadə olunması, istehsal edilən rəqabətədavamlı məhsulun bazarlarda satışında rast gəlinən maneələrin aradan qaldırılması həllini gözləyən problemlər­dən biridir. 2022-ci ildə Naxçıvanda pax­lalı bitklərin istehsalı 6 min 589 ton təşkil edib.

Bostançılığın genişləndirilməsi bölgə­də prioritet məsələlərdən biridir. Bu sahə­nin genişləndirilməsinə, nəzarətinə yük­sək ixtisaslı mütəxəssislər cəlb edilməli, ekoloji təmiz qarpız, qovun, xiyar və digər məhsulların istehsalına nail olunmalıdır.

Muxtar respublikada suvarma suyu­na tələbat ildən-ilə artmaqdadır. Bölgədə irili-xırdalı çoxsaylı çaylar mövcuddur. Həmin çayların üzərində müxtəlif həcmli sututarların yaradılması əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənil­məsində mühüm rol oynaya bilər. Bu gün Culfa rayonunun Qazançı kəndində Əlin­cə çayı üzərində strateji əhəmiyyətli su anbarının tikilməsi öz həllini gözləyir.

Qeyd edək ki, muxtar respublika flora­sında mövcud olan müxtəlif çeşidli müa­licəvi və qida əhəmiyyətli yabanı tərəvəz bitki növləri, meyvə, giləmeyvə və digər faydalı bitkilərdən səmərə əldə edilmə­si məqsədilə ixtisaslaşdırılmış tədarük məntəqələrinin yaradılması, yığılmış məhsulların satın alınması, daxili və xarici bazarlara çıxarılması üçün dövlət dəstəyi əsasında müvafiq özəl fermer təsərrüfat­larının təşkilinə də böyük ehtiyac duyulur.

Bölgədə heyvandarlığın, quşçuluğun genişləndirilməsi əhalinin ət məhsulları­na olan ehtiyaclarının dolğun ödənilməsi üçün yemçilik üzrə (arpa, yemlik taxıl, tri­tikale, yonca və s.) fermer və ailə təsər­rüfatlarının genişləndirilməsinə, həmçinin arıcılıq üzrə ailə təsərrüfatlarının artırıl­masına, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına tələbat da ildən-ilə artmaqdadır. 

Bölgədə qədim ənənələrə malik olan baramaçılığın yenidən inkişaf etdirilmə­si bu sahə üzrə ixtisaslasdırılmış ailə və fermer təsərrüfatlarının dövlət dəstəyi əsasında təşkil edilməsi, həmçinin tut ipəkqurdunun yemlənməsi və yüksək key­fiyyətli barama məhsulunun əldə olunması üçün Azərbaycanda geniş istifadə olunan “Xanlar-tut”, “Zərif-tut” və başqa seleksiya sortlarının, o cümlədən yemləmə məqsə­dilə digər tut sortlarının xaricdən alınıb gətirilməsi yüksək barama məhsulunun əldə olunmasına şərait yaradar. Nəticədə, Ordubad ipəkçilik fabrikinin işə salması reallığa çevrilər və yeni iş yerləri açılar.

Son vaxtlar muxtar respublikada əhalinin sağlamlığının qorunması üçün mühüm dövlət tədbirləri həyata keçirilir. Ancaq bölgədə müxtəlif çeşidli meyvə, tərəvəz, üzüm, bostan bitkiləri və digər məhsulların yetişdirilməsində dövlət nə­zarətindən kənar, ayrı-ayrı şəxslər tərəfin­dən pestisid, funqisid, herbisid, həmçinin digər tərkibli kimyəvi dərmanlar bölgəyə gətirilərək pərakəndə satışı təşkil olunur. Həmin vasitələrdən heç bir fitosanitar və zoosanitar qaydalara riayət olunmadan, mütəxəssis rəyi nəzərə alınmadan kortə­bii şəkildə mübarizə məqsədilə tistifadə edilir. Nəticədə, bu və ya digər dərəcədə kimyəvi maddələrlə zəhərlənmiş məh­sullar satışa çıxarılır. Belə zəhərlənmə hadisələri, demək olar ki, hər ilin meyvə, tərəvəz mövsümü dövründə baş verir. Bu halların qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi müvafiq tədbir­lər görməlidir.

Beləliklə, qeyd edmək lazımdır ki, muxtar respublikanın aqrar sektorunda mövcud olan bu və ya digər problemlərin həll olunması məqsədyönlü həyata keçi­rilərsə, yeni yaradılan elm müəssisələ­rində kadr siyasəti düzgün və obyektiv aparılarsa, elmi əsaslarla genişlənən aq­rar sektor ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bir sahəyə çevrilə bilər. 

Varis QULİYEV,
Naxçıvan Bioresurslar İnstitutunun dosenti

İqtisadiyyat