İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Ərazilər minalardan təmizlənir, yaşayış üçün vacib olan infrastrukturlar qurulur. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələri yaradılır.
İndiyədək region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb. 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin yekunlaşdırılacağı nəzərdə tutulub.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 2026-cı ilə qədər 2 min 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsının icrası nəzərdə tutulur.
Qarabağda bərpa-quruculuq tədbirlərinin başlandığı ilk vaxtlardan torpaqların su ilə təmin olunması da diqqətdə saxlanılıb. Artıq bir çox su anbarları, suvarma və paylayıcı su kanalları istifadəyə verilib. Digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb.
Bərpa-quruculuq tədbirlərini həyata keçirən sahibkarlar üçün investisiya qoyuluşu üçün əlverişli şərait– vergi güzəştləri də hazırlanıb.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında görülən işlər mərhələli şəkildə həyata keçirildiyindən məskunlaşma da mərhələli şəkildə gerçəkləşir. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərində, Füzuli və Laçın şəhərlərində keçmiş məcburi köçkünlər yaşayırlar. Laçın rayonunun Zabux kəndində də məskunlaşma başlanıb.
Təbii ki, yalnız köçürülmə ilə iş bitmir. Azad olunan ərazilərdə yaşayan ailələrin təhlükəsizliyi, məşğulluğu da təmin olunmalıdır. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə dedi:
– Məşğulluq çox ciddi problemdir, burada fərdi yanaşma tələb edilir. Bu məsələyə hər bir ailə üçün detallı şəkildə baxırıq. Məktəbdə, səhiyyə ocağında və digər qurumlarda işləyəcək insanlar müəyyənləşdirilir. Ailələrin məşğulluq məsələsi həll olunduqdan sonra köç məsələsi təmin edilir.
Buvaxtadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib. Bu proses davam edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi də işğaldan azad etdiyi ərazilərdən olan vətəndaşların kiçik bizneslərinin qurulması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatını davam etdirir.
İqtisadçı ekspert Pərviz Heydərov isə bildirdi ki, işğaldan azad edilən ərazilərdə vacib məsələlərdən biri məşğulluğun təmin olunmasıdır:
– Hökumətin siyasətinin əsas xətlərindən biri “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. 30 illik işğaldan sonra ordumuz, xalqımız Ali Baş Komandanın ətrafında birləşərək torpaqları azad etdi. Köç üçün əlverişli şərait yandı. Sakinlərin işlə təmin olunması üçün Qarabağda yeni layihələrin icrası üçün həm əlverişli coğrafi mühit, həm də sürətli yenidənqurma–bərpa işləri nəticəsində yaradılan infrastruktur mövcuddur. Qarşımızda duran missiya həmin əraziləri Azərbaycanın ən gözəl, inkişaf edən, çiçəklənən guşəsinə çevirməkdir.
Beləliklə, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilər Azərbaycanın ən inkişaf etmiş regionuna çevriləcək. Əhaliyə təklif olunan işlərin sferası daha geniş sahələri əhatə edəcək.
Pünhan ƏFƏNDİYEV
XQ

