Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən pambıq, buğda və çəltik istehsalında “ağıllı kənd təsərrüfatı” üzrə beynəlxalq təcrübələrin genişləndirilməsi mövzusunda birgə seminar keçirilib.
KTN-nin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən aldığımız məlumatda seminarda adları çəkilən qurumlar arasında sıx əməkdaşlığın mövcud olduğu və bunun aqrar sektorun müxtəlif sahələrini əhatə etdiyi bildirilib.
Qeyd olunub ki, 2018-2019-cu illərdə nüvə texnologiyalarının tətbiqi ilə pambığın məhsuldarlığının artırılması məqsədilə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant xətlər yaradılıb və həmin xətlər hazırda yeni pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarına daxil edilib. 2022-2025-ci illəri əhatə edən hazırki layihənin məqsədi isə qlobal istiləşmə şəraitində respublikamızda pambıq istehsalının genişləndirilməsi üçün iqlim əsaslı “ağıllı kənd təsərrüfatı” təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır.
İstər birinci, istərsə də ikinci layihə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində və “P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin fermer təsərrüfatlarında həyata keçirilib. Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması ilə bağlı layihənin icrası uğurla yekunlaşıb. Layihə çərçivəsində kadr hazırlığı məsələsinə də diqqət yetirilib, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun 6 mütəxəssisi Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Türkiyə Atom Enerjisi Qurumunun Sarayköy Nüvə Araşdırma və Təhsil Mərkəzində, Aydın Böyükşəhər Bələdiyyəsinin Nazilli yaşayış məntəqəsinin ərazisində yerləşən Pambıq Araşdırma İnstitutunda təlim keçib.
Azərbaycanda pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı “ağıllı kənd təsərrüfatı” təcrübəsinin genişləndirilməsi layihəsi üzrə Pakistandan gətirilən 7 pambıq sortunun toxumlarından istifadə nəticəsində hər hektarın məhsuldarlığı 3 tondan 8 tona çatdırılıb. Sortlar arasında “Cotton Super” sortu ən yüksək məhsuldarlıq göstəriciləri ilə digərlərindən fərqlənib.
Xatırladaq ki, bu təcrübənin həm də buğda bitkisi üzrə tətbiqi istiqamətində tədqiqat aparılıb və ilkin olaraq müsbət nəticə əldə edilib. İqlimə uyğun buğda istehsalı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi tərəfindən hazırlanan “ağıllı kənd” təsərrüfatı təcrübələri əsasında bu il respublikanın 3 rayonunun (Şəki, Beyləqan və Bərdə) fermer təsərrüfatlarında 3 variantda (“ağıllı kənd təsərrüfatı”, ən yaxşı regional və fermer təcrübəsi) nümayiş əkinləri aparılıb və ən yüksək məhsuldarlıq Beyləqan (80 sentner/ha) və Bərdə (78 sentner/ha) rayonlarında əldə edilib.
Kənd təsərrüfatında “ağıllı nüvə və izotop” sistemlərinin tətbiqi haqqında məlumat verən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin eksperti Mohammad Zaman bu istiqamətdə istifadə olunan texnologiyaların insanların sağlamlığına mənfi təsir etmədiyini, həyata keçirilən sahələr üzrə prosesləri daha dəqiq məlumatlarla təmin etməyə imkan verdiyini, öz növbəsində, dəqiq məlumatlar əsasında tətbiq edilmiş strategiyanın məhsuldarlıqda 60 faiz artıma gətirib çıxardığını bildirib.
Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində, ilk növbədə, “ağıllı kənd təsərrüfatı” təcrübəsi inkişaf etdirilib, nüvə texnologiyalarından yararlanmaqla alınan Pakistan sortları olan toxumlar əkilib. Sonrakı mərhələdə isə Azərbaycan alimlərinin potensialının gücləndirilməsi üçün təlimlər, fermer təsərrüfatlarında “ağıllı kənd təsərrüfatı” təcrübələri keçirilməklə nümayiş əkinləri aparılıb.
Nəticədə, uğurlu göstəricilər əldə edilib. Başqa sözlə, layihə əsasında pambığım məhsuldarlığının və lif keyfiyyətinin artırılmasına nail olunub. Pakistanın pambıq sortlarının məhsuldarlıq potensialı bir hektardan 12 tona çatdırılıb. Azərbaycanda torpağın hums qatı yüksək olduğu üçün “ağıllı kənd təsərrüfatı” təcrübəsindən istifadə etməklə yeni uğura imza atılıb. Pakistandan gətirilən “Cotton super” sortunun məhsuldarlığı respublikamızın torpaq iqlim şəraitində ilkin mərhələdə hektardan 80 sentnerədək çatdırılıb.
“Ağıllı kənd təsərrüfatı” təcrübəsindən istifadə edən fermer Səxavət Məmmədov bildirir ki, artıq iki ildir bu layihə əsasında pambıq becərir. Nəticələr də yüksəkdir, təkcə ötən il təsərrüfatında 7 sort pambıq toxumunu “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə yetişdirən S.Məmmədov “Cotton super” sortu sayəsində hər hektara 90 sentnerə yaxın məhsul əldə edib. Cari ildə də 3 hektar sahədə “Cotton super” toxumu becərən fermer deyir ki, bu sort əsasən xəstəliklərə, quraqlığa dözümlü olması ilə seçilir. Eyni zamanda, becərmə işləri zamanı gübrəyə çox da ehtiyac qalmır.
XQ

