“Ulu öndər silahdaşlarının xatirələrində”

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hazırlanan, Ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən, dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsi ilə bağlı “Ulu öndər silahdaşlarının xatirələrində” adlı kitab ədəbiyyat ictimaiyyətinə təqdim olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Bir­liyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Ab­dullayev, DTX rəsmiləri və ictimaiyyət nü­mayəndələri iştirak ediblər.

Kitabda vaxtilə təhlükəsizlik orqanla­rında uzun müddət Heydər Əliyevlə bir­likdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların xatirələri yer alıb. Kitabın yazılmasında əsas məqsəd Ulu öndərin xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi yolunda et­dikləri ilə bağlı yeni məqamları ictimaiyyə­tin diqqətinə çatdırmaqdır. 

Ümummilli liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən “Ulu öndər silahdaşlarının xatirələrində” adlı kitab “Heydər Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” adlı giriş hissəsi ilə başlanır.

Kitabın ən önəmli, unikal cəhəti bu­rada indiyə kimi heç bir yerdə dərc olun­mayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi altında çalış­mış veteran əməkdaşların üzərində Ulu öndərin imzası olan və onların şəxsi işlə­rində saxlanılan məxfi qrifli arxiv sənəd­lərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlə­dən Ümummilli liderin Rusiya təhlükəsiz­lik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həm­çinin Özbəkistan və Qazaxıstan təhlükə­sizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır.

Cari il mayın 10-da DTX-də keçirilən Ulu öndər Heydər Əliyevin anadan olma­sının 100-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə təqdimatı baş tutmuş nəşrin “Ön söz”ünün müəllifi olan DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev kitabın ərsəyə gətirilməsinin əsas məqsə­dini aşağıdakı kimi açıqlayıb: “Ümummilli liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf edən bu kitabın hazır­lanmasında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği, insanlara, xü­susən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə vaxtilə rəhbərliyi altında çalışmış, dahi şəxsiy­yətin diqqət və qayğısını öz üzərilərində hiss etmiş, məsləhət və tövsiyələrindən bəhrələnmiş təhlükəsizlik orqanlarının veteranlarının və onların övladlarının ha­fizələrinə ömürlük həkk olunmuş unudul­maz xatirələri oxucularla bölüşməkdir”.

Kitabda 42 veteran əməkdaşın HeydərƏliyevlə bağlı bölüşdükləri xatirələri, müxtəlif zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri əks olunub.

Kitabda Heydər Əliyevin silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu öndərlə ilk tanışlıqlarından, araların­da mövcud olan rəhbər-işçi münasibətlə­rindən, onun əməkdaşlara diqqət və qay­ğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı söhbət açırlar.

Onlar qeyd edirlər ki, məhz belə keyfiyyətləri sayəsində Heydər Əliyev mürəkkəb əməliyyat kombinasiyalarını uğurla həyata keçirir, qarşısında duran çətin tapşırıqların öhdəsindən layiqincə gələ bilirdi. Heydər Əliyevin təhlükəsizlik orqanlarında sıravi əməkdaşdan quru­mun rəhbərinə, leytenant rütbəsindən ge­neral-mayor rütbəsinə kimi yüksəlməsi də sadalanan cəhətlərin müqabilində müm­kün olmuşdu.

Qeyd olunub ki, Azərbaycan təhlükə­sizlik orqanları məhz Ulu öndərin miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində inkişaf etdirilir. General-polkovnik Əli Nağıyev qeyd olunanları “Ön söz”də xüsusi vurğu­layır: "Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsu­si xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir. Ulu öndərin mil­lətə və dövlətə sədaqət amalları isə dai­ma gənc zabitlərə aşılanır”.

Sosial həyat