Qarabağın enerji konsepti

post-img

“Yaşıl mənbə”, üstəgəl, qənaətcil texnologiya

Bakıda keçirilən “Xəzər İnşaat Həftə­si”ndə energetika nazirinin müavini Elnur Soltanov “yaşıl enerji” layihələrinin ölkə Prezidentinin imzaladığı “Azərbay­can 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan 5 illik Tədbirlər Planı əsasında həyata keçirildiyini bildirib. 

Nazir müavini, həmçinin bu istiqamət­də BP və digər şirkətlərlə birgə fəaliyyətin uğurla davam etdirildiyini, Azərbaycanı “yaşıl enerji” zonasına çevirmək öhdəliyi­nin yüksək səviyyədə həyata keçirildiyini və Qarabağın “yaşıl enerji” potensialının zənginliyini diqqətə çatdırıb. Elnur Sol­tanov, eyni zamanda, Qarabağda bu istiqamətdə gerçəkləşdiriləcək tədbirlər planının Yaponiyanın “Tepsko” şirkəti ilə birgə hazırlandığını da vurğulayıb. 

“Xəzər İnşaat Həftəsi”ndə Qarabağda icra edilən enerji layihələri ilə bağlı söhbət açılarkən bir neçə məqama da toxunulub. Bildirilib ki, işğaldan azad edilən ərazilər­də ilk 110 kilovoltluq yarımstansiyalar­dan biri Şuşada tikilərək istismara verilib. Xankəndi də artıq məhz həmin stansiya­dan qidalanmağa başlayıb. 

Qeyd edək ki, Qarabağda “yaşıl ener­ji” zonası planı hazırlanarkən təbii qazdan minimum istifadə konsepti üzərində işlə­nilib. Yekunda tamamilə qazsız versiyaya üstünlük verilib. Lakin müəyyən obyektiv səbəblərə görə, məhdud ölçüdə mavi yanacaqdan da istifadə nəzərdə tutulub. Amma Şuşanın ayrılıqda qazsız olmasına son anda qərar verilib və ilk mərkəzi isit­mə sistemləri də orada qurulub. 

Mütəxəsslərin bildirdiyinə görə, hazır­da paylama şəbəkələri elektirk enerjisin­də ən çox itki olan sahədir. Belə bir amil nəzərə alınaraq Azərbaycanda ilk dəfə Şuşa şəhərində dünyada ən səmərəli paylama sistemlərindən sayılan 35 kilo­voltluq gərginlikdən birbaşa 4-ə enən sis­tem qurulub. 

Şuşada istilik mühafizə qaydalarına ciddi əməl olunur. Belə ki, yaşayış bina­larında izolyasiyanın enerji itkilərində 50 faiz paya malik olması əhəmiyyətli məqam kimi diqqətdə saxlanılır. Bunun­la yanaşı, led işıqlardan istifadəyə daha çox üstünlük verilir. Binalaırn üzərində isə günəş panellərin qurulması həyata keçi­rilir. Bir sözlə, Şuşa ilə bağlı hazırlanan tədbirlər planında öz ifadəsini tapan bu məsələlərə hazırda xüsusi diqqət yetirilir. Amma şəhər ərazisinin kiçik olması bəzi planların digər yaşayış sahələrində real­laşdırılması ilə nəticələnir. 

Azad edilmiş ərazilərdə “yaşıl enerji”­nin realllaşdırılmasından söhbət açarkən xatırladaq ki, düşməndən təmizlənən böl­gələrin enerji ilə təminatı məqsədilə qısa müddətdə 1157 kilometrdən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, 20 yarımstansiya, eləcə də ümumi gücü 75 MVt olan 13 stansiyanın bərpası yekun­laşdırılaraq istifadəyə verilib.

Hazırda isə 119 MVt gücündə 13 stan­siyada tikinti işləri aparılır. Həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qala­sı” hidroqovşaqları inşa olunub, 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara verilməsi üçün işlər davam etdi­rilir. 

Məlum olduğu kimi, “yaşıl enerji” zo­nasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampa ilə təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik dol­durma məntəqələri quraşdırılıb.

Bütün bunlar davamlı proseslərdir və bütün səylər bu innovativ təcrübənin ge­niş tətbiqinə, azad edilən əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevir­məyə səfərbər olunub.

XQ

İqtisadiyyat