Ceyhun Bayramov “3+3” formatının nazirlər görüşündə

post-img

Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxış edib.

Nazir çıxışında qeyd olunan forma­tın regional problemlərin region ölkələri tərəfindən həlli yollarını nəzərdən ke­çirmək məqsədilə yaradıldığını vurğu­layıb.

Platformanın mövcud ikitərəfli və di­gər əməkdaşlıq formatlarını tamamla­maq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli poten­siala malik olduğunu bildirib.

Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi su­verenliyə, ərazi bütövlüyünə və bir-bi­rilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.

Nazir çıxışında Azərbaycan, Gür­cüstan və Türkiyənin iştirakı ilə Ba­kı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbay­can-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələ­rin və formatların müsbət təsirinin re­gion ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşla­rımızı əhatə etdiyini diqqətə çatdırıb. Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş po­tensialdan faydalanmaq üçün də vacib olduğunu qeyd edib. Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa tə­kan vermək və beləliklə, sülh və sabit­liyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu bildirib.

Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İs­lam Respublikasının ərazisindən keç­məklə nəqliyyat əlaqələrinin yaradılma­sı istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəq­liyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yarada­cağını vurğulayıb.

O, Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənis­tan arasında münasibətlərin normal­laşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb. Nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütöv­lüyünün və sərhədlərinin toxunulmaz­lığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib.

Nazir çıxışında Azərbaycanın Ermə­nistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çər­çivəsində məsələlərin tezliklə yekun­laşması məqsədilə Ermənistan tərəfin­dən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.

***

Xarici işlər nazirlərinin “3+3” forma­tında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Qeyd edək ki, dünən İranın pay­taxtı Tehranda “3+3” formatında (Azər­baycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. İclasda Türkiyə, Rusi­ya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edib.

Gürcüstan da “3+3” formatına daxil olsa da, Tehran görüşünə qatılmayıb.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çər­çivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə gö­rüşüb.

Görüşdə Azərbaycan və İran ara­sında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azər­baycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mü­badiləsi aparılıb.

İki ölkə arasında son aylarda ke­çirilmiş görüşlər və ikitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumla­rarası təmasların daha da genişləndiril­məsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq antiterror tədbirlərindən son­ra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gün­dəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. O, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasın­da, regiona davamlı sülhün gətirilmə­sində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.

XQ



Siyasət