Azərbaycan “Regional iqtisadi perspektivlər”in önündə

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional iqtisadi perspektivlər” hesabatında bu il Azər­baycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 faiz artacağı, gələn il isə iqtisadi sahədə 2,5 faiz coxalma olacağı proqnozlaş­dırılıb. Bank, eyni zamanda ölkəmi­zin də daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun iqtisadiyyatının bu il 1,9 faiz, gələn il 3,1 faiz böyüyə­cəyini bəyan edib.

EBRD-in respublikamızla davamlı əməkdaşlığını da məhz Azərbaycanda əldə edilən müsbət iqtisadi proqnoz–göstəricilər şərtləndirir. Bankın bir çox sahələrə, məsələn, dəmiryol infrastruk­turunun müasirləşdirilməsinə dəstək verməsi də məhz bu amillə əlaqədardır. “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasına əsasən, hazırda EBRD ilə adı çəkilən səhmdar cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılır, bankın maliyyə dəstəyi ilə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində priori­tet layihələrin müzakirəsi aparılır. 

Məlumata görə, bugünlərdə səhm­dar cəmiyyətinin sədri Rövşən Rüstə­movun EBRD-nin infrastruktur üzrə baş mütəxəssisi Yelena Qordeya ilə görü­şündə də bu barədə ətraflı danışılıb, bankın maliyyə dəstəyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin nəqliyyat infrastrukturunun modernləş­dirilməsi üzrə həyata keçirilən layihələ­rin əhəmiyyəti vurğulanıb. Xatırladaq ki, adıçəkilən maliyyə qurumu tərəfindən 2017–2021-ci illər ərzində də ölkəmiz­də bu istiqamətdə müəyyən təşəbbüslər gerçəkləşdirilib, dəmir yollarında elektrik təsərrüfatı optimallaşdırılıb. Hazırda isə EBRD-nin fəaliyyətində “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”, “Tə­miz ətraf mühit və “yaşıl artım” ölkəsi” istiqamətlərində layihələrin icrası önə çəkilib. 

EBRD tərəfindən aparılan tədqiqat­lar da bu sahəyə marağı gücləndirir. Belə ki, maliyyə qurumunun araşdırma­larında Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuy­ğun olması öz təsdiqini tapır. Bununla bağlı AYİB-in dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkətinin Azərbay­canın hidrogen potensialının qiymət­ləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesabatında ölkəmizin bu sahə­dəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Bank son illərdə bərpaolunan ener­ji layihələrinə daha çox diqqət yetirib. Belə ki, maliyyə qurumu təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyub ki, həmin vəsaitin də 71 faizi “yaşıl iqtisadiyyat”ın inkişa­fına, bərpaolunan enerji mənbələrinə yönəldilib.

EBRD ölkəmizdə ən çox krediti ener­ji sektoruna ayırıb. “Cənub Qaz Dəhlizi” QSC-yə verilən 500 milyon ABŞ dolları­nadək kredit TANAP layihəsi üzrə öhdə­liklərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bank texniki yardımı ilə bərpa­olunan enerji üzrə hərracların keçiril­məsinə dair dəstək layihəsinin həyata keçirilməsinə də xüsusi əhəmiyyət verib.

Göründüyü kimi, EBRD-in respub­likamızdakı fəaliyyəti çoxşaxəlidir. Bu nüfuzlu maliyyə qurumunun ölkəmizə əməkdaşlığa üstünlük verməsi, müəy­yən layihələrin icrasını diqqətdə sax­laması isə təsadüfi deyil. Bu, əvvəla, yuxarıda vurğuladığımız kimi, bankın Azərbaycanda həyata keçirilən sosi­al-iqtisadi islahatları yüksək dəyərlən­dirməsi, düzgün iqtisadi strategiyaya böyük önəm verməsi və nəticədə hazır­ladığı proqnozlaşdırmanın uğurlu nəti­cəsindən irəli gəlir. 

Bu məsələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq yaradılan əlverişli investisiya mühiti də öz bəhrəsini verir. Məhz bunun sayəsin­də son illər ölkəmizə investisiya yatıran şirkətlərin sayı da getdikcə artır, inves­torların fəaliyyət coğrafiyası genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1995–2022-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 323 milyard 104 milyon dollar investisiya qoyulub ki, bunun da 50,5 faizi və ya 163 milyard 222 milyon dolları xarici investisiyalar olub.

Digər tərəfdən, ölkəmiz əlverişli coğrafi məkanda yerləşir, bu coğrafiya tranzit yüklərin daşınması üçün res­publikamız tərəfindən yaradılan müasir infrastruktura malikdir. Məhz bunun nəti­cəsində Azərbaycanın ikitərəfli daşıma­lar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 2022-ci ilin yanvar–iyun ayların­da 135 min 70 ədəd olduğu halda, bu göstərici 2023-cü ilin müvafiq dövründə 153 min 872 ədəd təşkil edib ki, bu da 13,9 faizlik artım deməkdir.

Hesabat dövründə Azərbayca­nın beynəlxalq avtomobil daşımaları­na cəlb edilən nəqliyyat vasitələrinin sayı 11 min 960 olub. 2021-ci ildə isə bu say təxminən 2400 təşkil edib. İlin ilk 6 ayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların bey­nəlxalq bazarlarda payı 8 faiz artıb. Nəqliyyat vasitələrinin sayında artım isə bazarın şəffaflaşması sayəsində “köl­gə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların işini bərpa etməsi, bəzilə­rinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələ­rinin hesabına yaranıb. Yeri gəlmişkən, EBRD-in respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam şərtləndirib. 

Gələcəkdə Şərqi Zəgəzur dəhlizinin istifadəyə verilməsindən sonra Azər­baycanın nəqliyyat sektorunda yükda­şımaların həcmi xeyli artacaq. Bu da ölkəmizdə yaradılan nəqliyyat hablarına yönəldiləcək investisiyaların səmərəlili­yinin daha da yüksəlməsinə səbəb ola­caq.

Azərbaycanın EBRD ilə əməkdaş­lığı 1992-ci illərə təsadüf edir. Bankın ölkəmizdəki nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. EBRD ilə dövləti­miz arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir. Həmin strategiya­ya əsasən, EBRD üçün bir sıra prioritet məsələlər var. Bunlar rəqabət qabiliy­yətliliyə və yaxşı idarəçiliyə dəstək va­sitəsilə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsi vasitəsilə dözümlülüyün artırılması və yaşıl iqtisadiyyata keçidə və regional rabitəliliyə dəstəkdir. Bankın əməliyyat­ları isə bir çox sahəni əhatə edir. Belə ki, kənd təsərrüfatından tutmuş infrast­ruktura, nəqliyyata qədər bütün səna­ye sahələri bankın prioritetlərindəndir. Bank təkcə Bakıda deyil, həmçinin regi­onlarda da fəaliyyət göstərir və ölkə iq­tisadiyyatında müsbət dəyişikliklərə nail olmağa çalışır.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat