Aqrar sığorta kəndlini ziyandan qoruyur

post-img

Payızlıq əkinləri isə daha çox təhlükə gözləyir

Sentyabrın 1-dən etibarən Azərbaycanda növbəti əkin mövsümünə başlanılıb. Bu isə o deməkdir ki, ölkədə gələn il üçün bol məhsulun təməli qoyulur. Nəzərə alsaq ki, kəndlinin torpağa atdığı hər bir dənin cücərib boy atması, son nəticədə, onu məmnun etməsi, həm də hava şəraitindən çox asılıdır. Ona görə də hər bir təsərrüfat sahibi əkin sahələrinin bol məhsul verməsinin qayğısına qalmaqla yanaşı, təbiət hadisələrini də göz önünə almalıdır. 

Təbii fəlakətlər isə hər bir halda ziyan gətirir. Ona görə də təsərrüfat sahibləri ölkəmizin aqrar sektorunda getdikcə daha çox aktuallıq kəsb edən sığorta mexanizmindən maksimum yararlanmağa çalışmalıdırlar. Elə Aqrar Sığorta Fondunun fermerləri mümkün hadisələrdən və zərərlərdən qorunmaq üçün əkin sahələrini vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa dəvət etməsi də bu məqsədə xidmət göstərir. 

Azərbaycanda payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar olaraq əkin sahələrinin sığortalanmasına da start verilib. Aqrar Sığorta Fondundan aldığımız məlumata görə, sentyabrın 1-dən etibarən ölkəmizdə payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək. 

Məlumatda qeyd olunur ki, əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortası dövrü də başlayıb. Bu məqsədlə fond fermerləri əkinlərini vaxtında bəyan etməyə, eyni zamanda, buna uyğun olaraq sığortalamağa və sığorta müqaviləsi bağlamağa çağırır. Təbi hadisələrdən sığortalanmağı vacib sayan istənilən fermer isə Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilər.

Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov payız sığortalanması ilə bağlı bildirib:–Bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların ziyana düşməsi ilə nəticələnir. Fermerlər əkin işlərini sentyabr–oktyabr aylarında apardıqları halda, əkinlərin bəyanını dekabr ayına, hətta bir sıra hallarda ilin son günlərinə saxlayırlar. Bu da əkin sahələrinin sığortalanmasının ləngiməsinə səbəb olur. Əkin aparılmış sahələrin isə bir neçə ay sığortasız qalması son nəticədə fərdi təsərrüfat sahiblərinin və fermerlərin ziyanına işləyən amildir. Çünki həmin müddətdə baş verə biləcək təbiət hadisələri səbəbindən ziyan dəymiş  əkin sahələrinə görə fermerlərə heç bir sığorta ödənişi verilməyəcək. 

Fonddan verilən məlumata görə, noyabr–dekabr aylarında əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verdikdə fermer və ya fərdi təsərrüfat sahibi əkinini bəyan etmədiyinə görə ortada sığorta müqaviləsi də olmur. Buna görə də təsərrüfatlar həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur. 

Fermerlər öz əkin sahələri üzrə sığorta tariflərini və sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablaya bilərlər. Qeyd edək ki, aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, eləcə də üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığortalayır. 

Yeri gəlmişkən, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Məlum olduğu kimi, dövlət başçısının 2019-cu il avqustun 29-da imzaladığı fərmana əsasən, ölkəmizdə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Dövlət başçısının 27 iyun 2019-cu il tarixində imzaladığı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 

Bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib. Mövcud qanunvericiliyə  əsasən, ölkənin müxtəlif regionları üzrə sığorta tarifləri və vahid məhsul həcmi üçün sığorta haqları fərqlidir. Belə ki, sığorta haqları əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tariflərindən asılı olaraq dəyişir. 

Ölkəmizdə aqrar sığorta sisteminin getdikcə işlək mexanizmə çevrilməsinin nəticəsidir ki, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat təşkil etdiyi halda, 2021-ci ildə bu rəqəm 6 milyon manata, ötən il isə 9 milyon manata çatıb. Cari ilin 6 ayında isə bu sahədə rekord göstərici qeydə alınıb. Belə ki, hesabat dövründə bitkiçilik, əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib. Mövcud qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqları ödənişinin 50 faizi dövlət tərəfindən həyata keçirilib. 

2023-cü ilin yanvar–iyun ayları ərzində 326 min hektar əkin sahələrinin sığortalanması barədə müqavilələr imzalanıb. Bu isə ölkənin əkinə yararlı ərazilərinin dörddə biri deməkdir. Həmin müqavilələr üzrə fermer və təsərrüfat sahiblərinə 437 milyon manatlıq sığorta təminatı verilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır.  Bütövlükdə isə, ölkəmizdə sığortalanan bitkilərin sayı 14-dən 41-ə çatdırılıb.

Göründüyü kimi, Aqrar Sığorta Fondu çətin məqamda, dar gündə kəndlinin yanında olub. Təbii fəlakətlərin gətirdiyi ziyanı qarşılamaq üçün əkin sahələrini vaxtında sığorta etdirmiş fermerlərə və fərdi təsərrüfat sahiblərinə köməyini əsirgəməyib.Təkcə bir faktı qeyd etmək yetər ki, fond baş vermiş sığorta hadisələrinə görə, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ilin ilk 6 ayında isə 1,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir. Bu isə ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat