Türkiyə və Pakistan daim Azərbaycanın yanındadır

post-img

Regionda marağı olan siyasi qüvvələr bu gün–sabah mövcudluğu başa çatacaq Qarabağ separatçılarının daha bir hoqqasının şahidinə çevrildilər. Oyuncaq dövlətdə uydurma “prezident seçkiləri” keçirdilər və xuntaya yeni “qlavar” seçdilər. Əslində, bu tamaşaya münasibət bildirməmək də olardı. Çünki Ermənistanın özü nədir ki, onun əldəqayırma “DQR”i nə ola. 2020-ci ildə onların statusu da görbagor edilib, “Miatsumu”da. Bu həyasız qövm, sadəcə, sabun köpüyü kimi mövcuddur. 

Ancaq, necə deyərlər: “Milçək bir şey olmasa da, ürək bulandırmağı var”. Ona görə də bu ürəkbulandıranların əməlləri Azərbaycanın dost və tərəfdaşları tərəfindən ciddi şəkildə  qınanıldı. Belə seçkini tanımayanlar çox olsa da, ilk sədalar Ankaradan və İslamabaddan gəldi. 

Bu xəbərləri eşidəndə mən dərhal iki il əvvəl – 2021-ci il iyulun 28-də Azərbaycan parlamentində imzalanan bir sənədi xatırladım. Həmin gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı Bəyannaməsi imzalanmışdı. Bu tədbirdən əvvəl isə  XİN başçıları səviyyəsində görüş keçirilmişdi. Diplomatların görüşünün  sərhəd xəttində təxribatların intensivləşdiyi bir vaxtda keçirilməsi, əslində, bədxahlarımıza mesaj xarakteri daşıyırdı. O zaman parlamentdə qeyd edilmişdi ki, hərbi sahədə əməkdaşlığımızın qanunvericilik səviyyəsində təsbiti bir müddət sonra dövlət başçıları səviyyəsində hansısa bir sazişlə nəticələnəcək.

Bundan başqa, həmin günlərdə ekspertlər yazırdılar ki,  yaxın gələcəkdə orta Asiyanın konturlarını Türkiyə, Azərbaycan və Pakistan ittifaqının Rusiya ilə qarşılıqlı əlaqələri, bir masa ətrafında müzakirələri müəyyən edəcək. Bu üçlüyün dünyanın geosiyasi arenasına hərbi ittifaq şəklində çıxmaq potensialı böyükdür. Bölgədə mövcud olan boşluğu doldurmaq missiyasının əsası, görünür, ­pillə-pillə qoyulmaqdadır.

Mütəxəssislər yazırdılar ki, “Bakı Bəyannaməsinin imzalanması hər üç qardaş dövlətin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bununla da regionda yeni bir güc mərkəzi yaranır, – deyə bilərik. Bu sənədi son illərdə yaxşılaşan, son aylarda isə daha da möhkəmlənən hər üç dövlətin münasibətlərinin nəticəsi saymaq olar”. 

Məhz ötən illərdə və aylarda təməli qoyulan dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bu gün – Fransa başda olmaqla, bir çox bədxahlarımızın Azərbaycanın üstünə diş qıcartdığı vaxtda özünü daha qabarıq göstərir. Emmanuel Makronun əlində alətə çevrilmiş Ermənistan rəhbərliyi Azərbaycanın nümayiş etdirdiyi qətiyyətə bir ovuc terrorçu tör-töküntülərini dili ilə cavab vermək istəyir. Gah aclıqdan “ölürlər”, gah humanitar yardımları rədd edirlər, gah da maşın dəyişən kimi, dövri olaraq “prezidentlərini” dəyişirlər. 

Təbii ki, bu iyrənc oyunlar Azərbaycanın haqq işini dəstəkləyənlər tərəfindən qınanılır və rədd edilir. Məsələn, Türkiyə Xarici İşlər Nazirliyinin  Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” keçirməsi ilə bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən “seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır”.

Qardaş ölkənin diplomatları bildirirlər ki, Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim “seçki”ni tanımır: “Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”. 

Bundan dərhal sonra İslamabaddan xəbər gəldi. Dost ölkənin rəsmiləri yazdılar ki, Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib: “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma “seçkilər” keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

Xatırladaq ki, Ankara Universitetinin professoru Toğrul İsmayıl bu ilin iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərini və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi səfərini şərh edərkən demişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçiləndən sonra Azərbaycana ilk səfəri zamanı müxtəlif ölkələrin ünvanına bir sıra ismarıclar göndərib: “Onun Şuşa Bəyannaməsinin mühümlüyünə, Şuşa şəhərinin və Zəngəzur dəhlizinin əhəmiyyətinə dair, eləcə də bu məsələyə qonşu dövlətlərin, o cümlədən İranın yanaşması ilə bağlı fikirləri diqqətəlayiqdir. Azərbaycan və Türkiyə regional təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiya və nəqliyyat xətlərinin inkişafı ilə məşğuldurlar. Bu baxımdan Azərbaycan –Pakistan münasibətləri də mühüm əhəmiyyətə malikdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu kontekstə uğurla əlavə edilir: “Bu səfər Bakı və Ankara qarşısında duran prosesləri və vəzifələri təkmilləşdirir”.

Prezident İlham Əliyev isə ötən il Səmərqənddə xatırlatmışdı ki, Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı regiona təhlükəsizlik, sabitlik və inkişaf gətirəcək.

 

İttifaq MİRZƏBƏYLİ 
XQ

 

Siyasət