“Yeni Şəfəq”: İlham Əliyev nə üçün Ağdam–Xankəndi yolunun üstündə durur?

post-img

Qardaş Türkiyədə işıq üzü görən “Yeni şəfəq” qəzeti sentyabrın 11-də (https://www.yenisafak.com/) bu sərlövhə altında verilmiş analitik yazıda ermənilərin nə üçün Laçın–Xankəndi yolunun açılmasında israrlı olduğunun, Azərbaycanın isə Ağdam–Xankəndi yolundan istifadəni tələb etməsinin səbəblərini açıqlayır.

Müəllif Səlcuq  Türkyılmazın analitik təfəkkürü göstərir ki, o,  təkcə Azərbaycanın yeritdiyi regional siyasətdən xəbərdar deyil, həm də, ümumiyyətlə, Cənubi Qafqazda davam edən proseslər haqqında mükəmməl biliyə malikdir. 

Müəllif yazır ki, Fransanın Azərbaycanda yaşayan ermənilərə humanitar yardım bəhanəsi ilə on “tır”dan ibarət maşın karvanı göndərmək istəməsindən sonra Cənubi Qafqaz, həqiqətən, dünya siyasətinin  ən çox oyunlar gedən səhnəsinə çevrilmişdir.  Belə ki, Ermənistan Fransadan göndərilən “tır”ları sərhəddən maneəsiz şəkildə keçirərək, Xankəndiyə çatdırmaq istədi.  Azərbaycan isə  Ermənistanın bu istəyini  siyasi nəticələr doğuracaq bir hiylə kimi dəyərləndirdi. 

Nə üçün ermənilər məhz bu yolun açılmasında israrlıdırlar? Azərbaycan rəhbərliyinin fikrincə, İrəvan və onun havadarları sadəcə 2020-ci ilin payızında yaranmış yeni reallıqların siyasi tarixdən silinməsinə, yaddaşlardan çıxarılmasına çalışırlar.  Təbii ki, Fransa da Ermənistanın həmin məqsədlərinə çatması üçün yollar axtarır, hərtərəfli dəstək verir. Məsələ bu məqama çatanda ABŞ rəsmiləri də açıq-gizli Ermənistanın mövqeyini dəstəkləyirlər. Bu isə o deməkdir ki, Azərbaycan humanitar yardımların Xankəndiyə Laçın yolu ilə çatdırılmasının qarşısını alanda, sadəcə sabahı düşünür, uzaqgörənlik edir. Məhz həmin uzaqgörənliyin nəticəsidir ki, Fransa “tır”larının Laçından keçərək Xankəndiyə  çatdırılmasına icazə verilmədi. 

Əgər rəsmi Bakı bu məsələ ortaya çıxanda tələskənlik etsəydi, beynəlxalq aləmdə haqlı olduğu halda haqsız tərəfə çevriləcəkdi. Yəni Fransa və Ermənistan Xankəndidə yaşayan Qarabağ ermənilərinə humanitar yardım adı ilə bir çox başqa planlarının üstünü örtmüş olacaqdılar. 

Hörmətli Səlcuq Türkyılmazın fikrincə, yardımların Laçın–Xankəndi yolu ilə ünvanına çatdırılmasına çalışan İrəvan  öncə İkinci Qarabağ müharibəsinin nəticələrini ləğv edərək, Ermənistanla Xankəndi arasında maneəsiz gediş-gəliş yolu açılmasına nail olmaq istəyir. İkinci, Ermənistan və tərəfdarları bu məqsədlərinə nail olsaydılar, onda İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisində yaşayan ermənilərin, həqiqətən də, humanitar yardıma ehtiyacı olduğu təsdiqlənəcəkdi. Halbuki belə bir ehtiyacın olmadığını dünyada hamı kimi, ermənilərin özləri də yaxşı bilirlər. 

Əgər ermənilər bu məqsədə çatsaydılar, onda, davamlı olaraq Azərbaycan ərazilərinə müdaxilə imkanı qazanacaqdılar. Hansısa dövlətin belə səhvə yol verməsi inanılmazdır və ona görə də Azərbaycan bu məsələdə haqlı və qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenin telefon zəngini cavablandırarkən də bu məsələyə olduqca aydın və konkret münasibət bildirmişdir: 
“Qarabağ ermənilərinin həqiqətən humanitar yardıma ehtiyacı varsa, onlara göndərilən yardımların Ağdam–Xankəndi yolu ilə çatdırılmasına razılaşsınlar”. Əliyev həmin danışıq zamanı Ağdamdan Xankəndiyə gedən yolun açıq olduğunu da ifadə etdi. Bundan başqa, Azərbaycan Prezidenti ABŞ rəsmisinə xatırlatdı ki, Azərbaycan öz ərazisində yaşayan hər hansı xalqın təmsilçilərinə, deməli, ermənilərə də istənilən humanitar yardımı etməyə qadirdir və hazırdır. 

S.Türkyılmaz yazır ki, Laçın–Xankəndi yolu ilə  Ağdam–Xankəndi yolu arasında olduqca önəmli bir fərq var. Belə ki, əcnəbilər hər hansı tədbir və ya çatdırılma üçün Ağdamdan Xankəndiyə gedərkən Azərbaycan ərazisindən keçəcək, ölkənin bir şəhərindən digərinə gedəcəklər. Məlum olduğu kimi, Ağdam Xankəndidən Bakıya doğru uzanan düzənlikdədir.  Laçın isə Ermənistan sərhədinə yaxındır və Xankəndi ilə Ermənistan arasındakı Azərbaycan torpaqlarındadır. Ağdam da Birinci  Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmiş və evlərin damlarına qədər sökülərək böyük bir şəhər viranəyə çevrilmişdir. İkinci Qarabağ müharibəsindən sonra Ağdamı görənlər oranı Hirosimaya bənzədərkən tam haqlı idilər. 

İndi ermənilər çalışırlar ki,  Xankəndiyə gələn kimlərsə Ağdamın xarabalıqlarını görməsinlər. Ancaq Azərbaycan rəhbərliyi həmin xarabalıqları artıq dünyanın bütün ölkələrinə göstərib. Üstəlik,  İlham Əliyev Azərbaycan daxilindəki humanitar yardıma “ehtyacı olanlara” yardım göndərilməsi üçün məhz Ağdamın bu hüznlü yollarını göstərdi. Bu şəhərin əksər binalarının ancaq uçuq divarları qalıb. 

Otuz illik işğalın törətdiyi nəticələri görməzliyə vuran beynəlxalq ictimaiyyətin indi “humanitar yardım” kampaniyasından istifadə etmək istəyi iyrəncdir. İlham Əliyev dünyaya sübut etdi ki, müstəqil dövlətin ərazisində törədilmiş çoxsaylı vəhşiliklərin unudulmasına imkan verilməyəcək. Otuz il əvvəl köməksiz olan Azərbaycan Ermənistan və himayədarları tərəfindən təzyiqlərə, işğala məruz qala bilərdi.

Bu gün isə bütün dünyanın  güclü bir Azərbaycan dövləti ilə  hesablaşmalı olduğu göz qabağındadır. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı uğurları indi də siyasi meydanda davam etdirməkdədir. Odur ki, Laçın – Xankəndi və Ağdam – Xankəndi yollarına münasibətdə Azərbaycanın hegemonluğu rəsmi Bakının öz haqlarını sonadək qoruyacağını göstərir. 

Cənubi Qafqazın geosiyasi dəyəri adı çəkilən iki yolla bitmir. Gündəlikdə başqa bir yol da var. Bu, İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlardan biri – Zəngəzur yoludur. Azərbaycan bu yolun da açılmasında israrlıdır və istəyinə nail olacaq. Şərqi və Qərbi Zəngəzurun cənubundan keçən bu yol Türk dünyası üçün olduqca zəruridir. Bu yol Türk dünyası üçün Süveyş və Panama kanalları qədər əhəmiyyətlidir. Elə ona görə də İran və bəzi imperialist dövlətlər Zəngəzur yolunun açılmasına əngəl törətməkdə davam edirlər. 

 

Hazırladı: 
İ.QAÇAYEV
XQ

 

Siyasət