Qırmızı Xaç Komitəsinin ­ikibaşlı oyunu nəyə xidmət edir?

post-img

Maskalar yırtılır. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirməklə müxtəlif siyasi dairələrin əlində siyasi alətə çevrildiyini təsdiqləyir.

 Laçın yolu ətrafında cərəyan edən son hadisələr göstərir ki, BQXK humanitar prinsiplər adı altında Səlib yürüşü missiyasını həyata keçirir. Siyasətdən uzaq olduğunu bildirsə də, BQXK-nın son əməlləri belə düşünməyə əsas verir ki, bu beynəlxalq təşkilat Azərbaycanın maraqlarına zidd olan siyasi sifarişləri yerinə yetirir. BQXK-nın ikibaşlı oyunları da Xankəndidəki separatçılara mənasız ümid verir.

Qarabağdakı erməni separatçıları Azərbaycanın təklif etdiyi Ağdam–Xankəndi yolunun açılmasına müqavimət göstərirlər. Artıq üçüncü gündür ki, Bərdədə olan Rusiya Qırmızı Xaç Cəmiyyətinin (RQXC) ərzaqları olan yük maşını hələ də gözləyir. Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə RQXC arasında əməkdaşlıq memorandumuna uyğun olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzaq ehtiyaclarını ödəmək məqsədilə, RQXC ümumi həcmi 1 min ton olan ərzaq və qeyri-ərzaq məhsulları göndərmişdir. İlkin razılaşmaya əsasən, yük maşını dünən Ağdam–Xankəndi yolu ilə Xankəndinə çatmalı idi. Keçid prosesinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların daha bir qeyri-konstruktiv mövqeyi göstərilir. Digər mənbələr bu vəziyyətin BQXK-nın və Qərbin RQXC-ə təzyiqləri nəticəsində yarandığını qeyd edirlər. 

Hazırda Qarabağdakı ermənilər həm Laçın, həm də Ağdam yolu boyunca ərzaq yardımı almaqdan yayınırlar. Bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsinə həm Laçın, həm də Ağdam yolu ilə ərzaq daşıyan maşınların gətirilməsinə dair razılıq əldə edilmişdi. Hazırda Ermənistan ərazisindəki Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığında BQXK-ya məxsus yük maşınının dayanması barədə xəbər verilir. Azərbaycan tərəfi ölkə qanunvericiliyinə uyğun olaraq onun sərhəddən keçməsini təmin etməyə hazır olsa da, ermənilər onu da qəbul etmək istəmirlər. Çünki bilirlər ki, BQXK-nın yük maşını Laçın sərhəd məntəqəsindən keçirsə, eyni zamanda, Ağdam yolu ilə başqa bir yük maşını da ərzaqla daxil olmalıdır. Ermənilər bunun qarşısını almaq üçün Laçın yolu ilə yükləri qəbul etmir, özlərini “aclığa” məhkum edirlər. Bu, bir həqiqəti ortaya çıxarır ki, ermənilərin belə anormal qərarı onların regionun, guya, “blokada” olması ilə bağlı uydurma bəyanatları ilə üst-üstə düşmür. Bütün bunların fonunda Qərb isterik şəkildə Ağdam və Laçın marşrutlarının “eyni vaxtda” açılmasında israr edir. Belə görünür ki, Ağdam marşrutunun işləməsi presedenti erməniləri dəstəkləyən qüvvələri əndişələndirir.

Qərbdə gözləyirdilər ki, RQXC-ə məxsus yük maşınının Ağdamdan keçməsi ilə eyni vaxtda BQXK üçün Laçın yolu da açılacaq. Amma Azərbaycanla bu fırıldaq hiylə baş tutmadı. Çünki belə bir razılaşma yox idi. RQXK yalnız Ağdamdan, BQXK-nın yükləri isə Ağdam və Laçından eyni vaxtda keçməlidir. Bu proseslər bir-birindən asılı olmamalıdır. Srağagün rəsmi Bakının bəyanatında bir daha qeyd olundu ki, RQXC yüklərinin Ağdamdan keçməsi BQXK üçün eyni vaxtda iki marşrutun açılması ilə heç bir əlaqəsi olmayan (və respublikanın gömrük qanunvericiliyinə uyğun olaraq) ayrıca əməliyyatdır. Belə bir addım atmaqla Azərbaycan Moskva və Vaşinqtonun kartlarını kəskin şəkildə qarışdırdı. Hətta, bəzi dairələr Azərbaycanı öhdəliklərdən imtina edən tərəf kimi göstərməyə çalışdılar. Lakin diplomatik prosesdən xəbəri olan bütün beynəlxalq oyunçular real vəziyyətdən xəbərdardırlar. 

Eyni zamanda, Bakının BQXK-nın avtomobillərinin Ağdam marşrutu və Laçın marşrutu ilə eyni vaxtda keçməsinə razılıq verdiyini hamı bilir. Bundan əlavə, Azərbaycan istənilən vaxt BQXK-nın maşınlarını buraxmağa hazırdır, amma yenə də bundan imtina edən Qarabağ separatçılarıdır və bütün maraqlı tərəflər bunu çox gözəl bilirlər. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan və separatçılar Ağdam yolunun açılmasına tək bir səbəbə görə müqavimət göstərir. Onlar Ağdam yolunun açılması ilə reinteqrasiya prosesinin başlanacağını anlayırlar. Bu isə onların gələcək üçün bütün məkrli planlarının bir dəfəlik dəfn edilməsi deməkdir. Bütün bunların fonunda Qərbin göstərişlərini şərtsiz yerinə yetirən BQXK canfəşanlıq göstərir. 

Ümumiyyətlə, bu təşkilatın fəaliyyətinin istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ermənipərəst olmasından hamı xəbərdardır. BQXK-nın Birinci Qarabağ müharibəsindən sonra tez bir zamanda Xankəndidə özünə ofis açması və aktiv fəaliyyətə başlaması çox mətləblərdən xəbər verir. Burada təbii bir sual ortaya çıxır: təşkilatın Xankəndidəki ofisi niyə İrəvana tabedir? Axı Xankəndi Azərbaycan şəhəridir və bütün addımlar BQXK-nın Bakı ofisi ilə koordinasiya edilməlidir. Buradan belə nəticəyə gəlmək olur ki, Xankəndidə gizlənməklə BQXK separatçılara daha yaxşı kömək göstərə bilir, Qərbin direktivlərini daha keyfiyyətli yerinə yetirir. 

Təbii ki, bütün bu addımlar təşkilatın Azərbaycana qarşı hörmətsizliyidir və rəsmi Bakının diqqətindən yayınmayan qeyri-adekvat fəaliyyətdir. BQXK-nın addımları təsdiqləyir ki, bu təşkilat Cənubi Qafqazda gərginliyin qalmasında maraqlıdır. Onun Rusiyanın Qırmızı Xaç Cəmiyyətinə yükləri Xankəndiyə Ağdam yolu ilə çatdırmaması üçün təzyiq göstərməsi belə deməyə əsas verir ki,  BQXK Laçın yolu ətrafında yaranmış vəziyyətin davam etməsinə çalışır. Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşınının Xankəndiyə Ağdam-Əsgəran yolu daxil olacağını duyan BQXK-nın tələm-tələsik Laçın yoluna bir yük maşını göndərməsi bu təşkilatın artıq siyasi alətə çevrildiyini təsdiqləyir. Artıq heç kimə sirr deyil ki, bu gün Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nın “tərəfsizliyini” ciddi şübhə altına salır.

BQXK Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ötən 31 il ərzində ölkəmizə münasibətdə hər hansı bir faydalı işə imza atdığını xatırlamırıq. Əksinə, bir çox hallarda bu təşkilatın Ermənistana rəğbət bəslədiyini görürük. Azərbaycanda saxlanılan erməni cinayətkarlara tez-tez baş çəkən, onların hər cür nazı ilə oynayan Komitə eyni münasibəti Ermənistanda saxlanılan azərbaycanlılara göstərmir. Bu addımların arxasında nə gizlənir? Əlbəttə ki, siyasi oyunbazlıq və xristian təəssüb­keşliyi. Bəli, açıq şəkildə deməliyik ki, Qərbin bir çox beynəlxalq təşkilatlarının, eləcə də BQXK-nın fəaliyyətində dini təəssübkeşlik müşahidə olunur. Çünki BQXK-nın “humanitar böhran” yaradıb siyasi şou pərdəsi altında hamının diqqətini regiona cəlb etməyə, eyni zamanda, həm siyasi, həm də maddi mənfəət əldə etməyə çalışması göz önündür. Mandatından sui-istifadə edən bir təşkilatın Azərbaycan üçün faydalı olacağı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır və ­BQXK-nın fəaliyyətinə hər hansı bir ehtiyacın qalmadığını düşünür. Bir sözlə, əminliklə deyə bilərik ki, bütün bu faktlar BQXK-nın funksiyalarının Azərbaycan Qızıl Aypara Cəmiyyətinə verilməsi tələblərini gücləndirir. Haqq-ədalət öz yerini tutmalır. Ən əsası, Qırmızı Xaç Komitəsinə aydın şəkildə başa salmaq lazımdır ki, bayırda qaranlıq Orta əsrlər yox, XXI əsrdir! 

S.ELAY
XQ

 

Siyasət