Bakı–Tbilisi–Qars: Şərqlə Qərb arasında “Dəmir İpək yolu”

post-img

Bu marşrutla indiyədək 2 milyon tona yaxın yük daşınıb, sərnişindaşıma isə yaxın vaxtlara planlaşdırılıb 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da mühüm önəm daşıyan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı layihələr reallaşdırılıb. Respublika daxilində həm müasir nəqliyyat infrastrukturu yaradılıb, həm də tranzit potensialı gücləndirilib. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirib. 

Azərbaycanda rəqabətli, şaxə- ləndirilmiş, inklüziv və dayanıqlı iqti­sadiyyatın qurulması təşəbbüsünün tərkib hissəsi kimi hazırlanan “Azər­baycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə – ölkənin tranzit im­kanlarının artırılmasına hədəflənən mühüm sənəddə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azər­baycanın 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamət­ləri öz ifadəsini tapıb. 

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə keçi­rilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev logistika-nəqliyyat təşəbbüslərindən danışaraq bildirib ki, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritə­sinin önəmli hissəsinə çevriləcək.

BTQ dəmir yolunun fəaliyyəti ilə bundan sonra yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşı­lıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı tu­rizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Ba­kı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiy­yətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ dəmir yolunu üç ölkə­ni bir-birinə möhkəm bağlayan “Də­mir İpək yolu” adlandırıb. Bildirib ki, sözügedən layihə həm bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracaq.

Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlıqda Bakı–Tbilisi–Ceyhan neft kəmərini birinci, Bakı–Tbilisi–Ərzurum layihəsini ikinci, Bakı–Tbi­lisi–Qars layihəsini isə üçüncü vacib addım kimi qiymətləndirib: “Ancaq bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansi­yası olaraq dünyaya mesajını verir”.

Ötən müddətdə Şərq–Qərb Dəh­lizinin əsas alternativi olan Bakı–Tbi­lisi–Qars dəmir yolu marşrutu Azər­baycan ərazisindən yükdaşımaların həcmini xeyli artmasında mühüm rol oynayıb. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi, Bakı-Tbili­si-Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasilə­siz çıxışı təmin edib, Şərq-Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdırıb. 

Yeri gəlmişkən, hazırda Gürcüsta­nın “BM.ge” biznes–portalının yaydığı məlumata əsasən, hazırda Bakı–Tbi­lisi–Ankara sürət qatarının xəttə bu­raxılması imkanları nəzərdən keçirilir. Bildirilir ki, marşruta “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət qatarların bu­raxılması planlaşdırılır.

Məlumatda, həmçinin 2017-ci ildən fəaliyyət göstərən Bakı–Tbili­si–Qars (BTQ) dəmir yolu xətti ilə ötən dövr ərzində yalnız yük daşın­malarının həyata keçirildiyi qeyd edi­lir və keçən ilin avqustunda Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin aidiyyəti qurumlarının rəhbərlərinin üçtərəfli görüşündə türkiyəli nazir Adil Karaismailoğlunun sözləri xatırladılır: “Biz həmişə malların hərəkətini nəzərə alırıq. Qarşıdakı illərdə isə lazımi inf­rastruktur olduğu halda niyə sərnişin­daşıma haqqında düşünməyək?!”.

Yeri gəlmişkən, buna qədər də rəs­mi strukturlar tərəfindən BTQ dəmir yolu ilə sərnişindaşıma üçün ciddi təd­birlər həyata keçirildiyi barədə fikir­lər səsləndirilirdi. Hətta bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən uyğun sər­nişin vaqonlarının hazırlanması üçün sifariş verildiyi də bildirilirdi. Eyni zamanda, texniki şərtlərin icrasının diqqətdə saxlanıldığı, bu əməliyyatın yekunlaşmasından sonra bir ölkə əra­zisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir öl­çüdən digərinə keçid olmadan həyata keçirilə biləcəyi vurğulanır, beləliklə, ilkin mərhələdə sərnişindaşımanın Tür­kiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcəyi, daha sonra isə marşrutun Ankaraya qədər uzadılacağı deyilirdi. 

O zaman, hətta Türkiyə Dəmir Yol­ları qatarlarda gediş haqqının məbləği ilə bağlı məlumat da yaymışdı. Eyni zamanda, qatarın çatma vaxtının 40 sa­atdan bir qədər çox ola biləcəyi göstə­rilir, vaqonların kateqoriyasından asılı olaraq qiymətlərin isə 350-800 TL (97-220 AZN) olması planlaşdırılırdı. 

Lakin bütün bu deyilənlərə baxma­yaraq, hələlik dəmir yolu ilə sərnişin­daşımada heç bir irəliləyiş nəzərə çarp­mır. Buna baxmayaraq, prosesin yaxın gələcəkdə gerçəkləşməsinə böyük ümid bəslənilir. “BM.ge” biznes–portalının yaydığı məlumat da istəyin reallaşma­sına ciddi yanaşılmasından xəbər verir. 

Xatırladaq ki, BTQ 2017-ci il oktyabrın 30-dan fəaliyyət göstərir. Marşrut Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınması­na sərf edilən vaxtı 2 dəfədən çox qı­saltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin–Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarla­rına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonra­kı mərhələdə 17 milyon ton, bundan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

BTQ magistralı boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, əməkdaşlıq dərinləşir. Beləliklə, sözügedən marşrut sabitliyə və təh­lükəsizliyə xidmət göstərir, ən başlıcası isə Azərbaycanın geosiyasi əhəmiyyə­tini artırır və respublikamızın inkişafı üçün əlavə imkanlar yaradır. Bu fik­ri statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2017–2022-ci illərdə BTQ də­mir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə 2022-ci ildə isə 432 min 284 ton yük daşınıb. 

Avropa və Asiya arasında ən qısa və etibarlı yol statusuna malik BTQ fəaliyyətə başladığı vaxtdan bölgədə biznes mühitinin daha da inkişaf et­məsinə, ölkələr arasında qarşılıqlı eti­madın artırılmasına və qonşuluq mü­nasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Layihənin açılışı region üçün tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrində yeni mərhələnin başlanğı­cı idi. Geridə qalan 5 il bunun nə qədər haqlı olduğunu sübut edir.

BTQ dəmir yolu xətti layihəsi Azərbaycanın Türkiyə və Gürcüstanla səmərəli əməkdaşlığının məntiqi nəti­cəsi olan Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi birgə layihələrin davamı idi. Layihənin həyata keçrilmə­si böyük geosiyasi önəm daşıdığından Azərbaycana qarşı qısqanclıqla yana­şan bəzi xarici dairələr tərəfindən onun tikintisinə müxtəlif yollarla çətinliklər törətməyə çalışılırdı. Lakin Azərbay­can, Gürcüstan və Türkiyənin güclü iradəsi və qarşılıqlı dəstəyi sayəsində layihənin reallaşdırılması mümkün oldu. 

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Şərqlə Qərb arasında Də­mir İpək Yolu kimi adlandırılan Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın Orta Dəhliz üzərin­də yerləşən ən önəmli nəqliyyat hablarından birinə çevrilməsinə xidmət edir. Bu məqsədlə respub­likamızda dəmir yolu və liman infrastrukturu davamlı olaraq tək­milləşdirilir, gömrük xidmətində şəffaflığın və operativliyin artırıl­ması üçün islahatlar həyata keçiri­lir. Təsadüfi deyil ki, Azərbaycan mövcud potensialı sayəsində bu gün qlobal çağırışların öhdəsindən uğurla gələ bilir.

Strateji əhəmiyyətə malik BTQ marşrutu Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasə­tinin məntiqi nəticəsidir. Dövlə­timizin başçısı hələ BTQ dəmir yolunun açılış mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiy­yət daşıyacağı mesajını verərək infrastrukturun tarixi qlobal təşəb­büs olduğunu deyib. Bu layihə ölkələri bir-birinə daha yaxın edir, bölgədə sabitliyin, təhlükəsizliyin təminatına mühüm təsir göstərir, eyni zamanda, layihə iştirakçısı olan ölkələrin iqtisadi imkanlarını artırır. 

Dövlətimizin başçısının söz­ləri ilə desək, bu layihənin həya­ta keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub. Heç bir yerdən heç bir yardım, heç bir kredit alınmadan daxili imkan­lar hesabına bu yol tikilərək istifa­dəyə verilib. 

Həm geosiyasi, həm də iqtisa­di anlamda Azərbaycanın mövqe­yinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti ha­zırkı beynəlxalq şəraitdə özünü daha qabarıq büruzə verir. Ukray­nada davam edən müharibə fonun­da Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması Orta Dəhlizin və bu marş­rut üzərində yerləşən Azərbayca­nın nəqliyyat və logistika imkan­larını getdikcə genişləndirir. 

Yeni qlobal çağırışlar respub­likamızın avtomobil yollarının, dəmir yolu infrastrukturunun, elə­cə də BTQ marşrutunun əhəmiy­yətini artırır. Ötən illərdə həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan hazırda bu çağırışlara ən çox hazır olan ölkələr sırasındadır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”







İqtisadiyyat