Daxili borc isə 5 milyard manata yaxındır
Prezident İlham Əliyev bu ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışında ölkəmizin xarici dövlət borcunun idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daim diqqətdə saxlanıldığını, nəticədə qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Dövlətimizin başçısı daha sonra mütləq rəqəmlərdə Azərbaycanın xarici borcunun 6,7 milyard dollara endiyini və bunun isə ümumi daxili məhsulun (ÜDM) təxminən 10 faizini təşkil etdiyini vurğulayıb.
Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə də həmin göstəricilər öz ifadəsini tapıb. Eyni zamanda, adıçəkilən sənəddə hesabat dövrünə daxili dövlət borcunun isə 4 milyard 970,3 milyon manata çatdığı və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olduğu xatırladılaraq daxili dövlət borcunun daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil etdiyi göstərilib.
Yeri gəlmişkən, hesabat dövründə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb. Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.
Bu ilin birinci yarısında daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə dövlət büdcəsinə 1 milyard 15 milyon manat məbləğində vəsait daxil olub. Həmin vəsaitin 724,1 milyon manat hissəsi xarici və daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə, 290,9 milyon manat hissəsi isə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Maliyyə Nazirliyinin yaydığı sənəddə daha sonra vurğulanır ki, 2024-cü il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcunun 6 milyard 381 milyon ABŞ dolları (10 milyard 847 milyon manat), daxili dövlət borcunun isə 6 milyard 688 milyon manat olmaqla ümumi dövlət borcunun 17 milyard 536 milyon manat təşkil edəcəyi gözlənilir.
Gələn il yanvarın 1-nə xarici dövlət borcunun 49 faizi 5 ilədək, 42,6 faizi 5-10 il ərzində, 8,4 faizi isə 10 ildən artıq müddətə kreditorlara ödəniləcək. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunacaq.
Daxili dövlət borcunun 40,5 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13 faizi 1 illik, 66,1 faizi 2-3 illik, 20,9 faizi isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265 milyon təşkil edəcək.
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 155 milyon manat artırılaraq 2 milyard 734,3 milyon manat məbləğinə çatdırılıb. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Göründüyü kimi, indiki bu cür sosial-iqtisadi şərait və dövlətimizin başçısının uğurlu siyasəti təbii ki, xarici dövlət borcunun səmərəli idarə edilməsinə əlverişli şərait yaradıb. Maliyyə Nazirliyinin məlumatına görə, hökumət 2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 5 milyon manat məbləğində xərclər nəzərdə tutub.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadəsi üzrə təqdim edilən məlumatlara əsasən, hazırda yuxarıda vurğulandığı kimi, birbaşa xarici dövlət borcunun səviyyəsi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla aprelin 1-nə 4 milyard 368,7 milyon manat təşkil edib.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı haqqında danışarkən bir mühüm məqamı xüsusi qeyd edək. Belə ki, adıçəkilən sənəddə istifadə olunan bir sıra makroiqtisadi göstəricilər, o cümlədən, ümumi daxili məhsul və manatın ABŞ dollarına qarşı məzənnə göstəriciləri ortamüddətli dövr üçün (2022–2025) qəbul edilmiş makrofiskal çərçivəyə əsaslanır.
Eyni zamanda, sözügedən strategiyada dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji məqsədlərə çatmaq üçün bir sıra prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onlar sırasında 2022–2025-ci illər üzrə dövlət borcunun ümumi daxili məhsula nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı səviyyədə saxlanılması diqqət çəkir. Eyni zamanda, xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulur və yenilənən strategiya həmin məqsədə çatmaq üçün 2025-ci ilədək gerçəkləşdiriləcək tədbirləri əhatə edir.
Bu məqamda Maliyyə Nazirliyinin məlumatına əsaslanaraq qeyd edək ki, 2022–2025-ci illər üzrə yenilənən strategiyada ortamüddətli dövr ərzində dövlət büdcəsi qarşısında makroiqtisadi sabitliyə xələl gətirilməməsi, büdcənin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, habelə tədiyə balansının tarazlığının pozulmasının qarşısının alınması, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyinin qorunması, düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq layihələrinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi kimi bir sıra çağırışlar meydana gəlib.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycan həyata keçirilən uzaqgörən siyasət nəticəsində xarici dövlət borcu ilə əlaqədar davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bunun əsas səbəblərindən biri xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilməsidir.
Son illər xarici dövlət borcunun əhəmiyyətli şəkildə azaldılaraq 6,7 milyard dollar səviyyəsinə endirilməsi və bu göstəricinin ümumi daxili məhsulun təxminən 10 faizini təşkil etməsi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın icrasının diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir.
Burada xatırladaq ki, “Fitch Ratings” kimi nüfuzlu beynəlxalq agentlik ölkəmizin xarici valyutada uzunmüddətli emitent defolt reytinqini müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Reytinq ölkəmizin çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənib.
Azərbaycanın xarici dövlət borcunun davamlı olaraq azaldılması dövlətin beynəlxalq maliyyə institutlarından asılılığının minimuma enməsinə gətirib çıxarıb. Xarici borc əsasən dövlət istiqraz emissiyası vasitəsilə aşağı salınıb.
Respublikamızda istiqraz bazarı isə son illər sürətlə inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı əhəmiyyətli addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etməsinə imkan yaradır. Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması da dövlət istiqrazları bazarına müsbət təsir göstərir. Fiziki şəxslərin bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması isə əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirir. Çünki dövlət istiqrazlarının faiz gəlirləri vergidən azaddır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


