Azərbaycanın Qırğızıstanla yükdaşıma sahəsində əməkdaşlığı daha da genişlənəcək
Azərbaycan keçmiş sovet müttəfiqi və hazırda fəal əməkdaşlıq etdiyi dost Qırğızıstanla münasibətləri yüksələn xətlə inkişaf edir.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik münasibətlərin əsası 30 il əvvəl qoyulub. Bundan əlavə, 25 il əvvəl ölkələrimiz arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanıb. Bütövlükdə isə, ötən müddətdə Azərbaycan və Qırğızıstan hökumətləri arasında 40-dək sənədə imza atılıb.
Hazırda Azərbaycan Mərkəzi Asiya dövləti olan Qırğızıstanla BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlıq edir, bir çox məsələlərdə bir-birini dəstəkləyirlər.
İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası, eləcə də rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilən biznes forum münasibətlərin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bugünlərdə isə iki ölkəni təmsil edən aparıcı qurumlar arasında imzalanmış bir sıra vacib sənədlər də iqtisadi sahədə əlaqələrin genişləndirilməsi baxımından yaxşı fürsət sayıla bilər. Bu baxımdan Azərbaycanın Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi, həmçinin “Qırğızıstan Poçt” ASC və “Smart Logistics” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar xüsusi əhəmiyyət kəsb edir.
Abşeron Logistika Mərkəzindən bildiriblər ki, “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi ilə imzalanan memorandumun məqsədi yükdaşımalar sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu nəqliyyatı ilə yükdaşımaları təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaqdan ibarətdir. Bununla yanaşı, qarşılıqlı əməkdaşlıq çərçivəsində tranzit və idxal-ixrac yükləri üçün müasir logistik həllərin hazırlanması da nəzərdə tutulub.
Mərkəz ilə “Qırğızıstan Poçt” ASC arasında imzalanan memorandumda isə beynəlxalq logistika sahəsində istehsal, iqtisadi rəqabətliliyi artırmaq, yeni logistik həllərin təklifi istiqamətində əməkdaşlıq qurmaq, müxtəlif nəqliyyat növləri üzrə daşımaların təkmilləşdirilməsi məsələləri öz əksini tapıb.
Abşeron Logistika Mərkəzi ilə “Smart Logistics” MMC arasında logistik xidmətlər sahəsində qarşılıqlı əməkdaşlıq haqqında imzalanan memorandumda isə yüklərin qəbulu, yenidən hesablanması, saxlanılması, emalının təşkili, habelə yüklərin anbar sahəsinə yerləşdirilməsi, daşınma sifarişlərinin formalaşdırılması, çıxışa hazırlanması, müvafiq nəqliyyat və göndərilmə sənədlərinin tərtib edilməsi istiqamətində qarşılıqlı təcrübələrin mübadiləsi əks olunub.
Qeyd olunan memorandumlar Gəncə İş Adamları İctimai Birliyi və Azərbaycan–Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Qırğızıstanda baş tutan işgüzar forum zamanı imzalanıb. Bir çox şirkətlərin iştirak etdiyi tədbirin əsas məqsədi isə ölkələrarası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.
Yeri gəlmişkən, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa keçirilən Qlobal Media Forumunun açılış mərasimində Qırğızıstanı təmsil edən Nurcan Qasımalıyevanın Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusən də Qırğızıstanla münasibətlərinin mövcud vəziyyəti ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin dinamik, dostluq səviyyəsində olduğunu bildirmişdi.
Dövlətimizin başçısı ölkə rəhbərləri səviyyəsində qarşılıqlı səfərlərin bir çox sahələrdə əlaqələrin inkişafına təkan verməklə yanaşı, Xəzər dənizindən keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxan nəqliyyat yollarının Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacağını vurğulamışdı. Ölkəmizin müasir nəqliyyat infrastrukturunun yükdaşıma üçün əlverişli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Qırğızıstan arasında münasibətlərin gözəl gələcəyinə də əminliyini ifadə etmişdi.
Hələlik isə iki Azərbaycan və Qırğızıstan hökumətlərinin iştirakı ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, iki ölkə arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil. Bunu Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsinin mövcud vəziyyəti də sübut edir.
2020-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi cəmi 5 milyard 417,18 milyon dollar, 2021-ci ildə isə 9 milyard 18,17 milyon dollar olub. Bununla belə, 2022-ci ildə dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığa təkan verməklə yanaşı, əmtəə dövriyyəsinin də artmasına səbəb olub. Elə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 10 dolları ötməsi də bunu təsdiqləyir.
2023-cü ilin əvvəlindən etibarən isə Azərbaycan və Qırğızıstan arasında idxal-ixrac əməliyyatlarının həcmində kəskin artım müşahidə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-fevral aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 3 milyard 262 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,88 dəfə çoxdur. Bununla belə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin indiki vəziyyəti heç də mövcud reallığı tam əks etdirmir. Xatırladaq ki, ötən ilin aprel və oktyabr aylarında Azərbaycan və Qırğızıstan Prezidentlərinin qarşılıqlı səfərləri zamanı da bu məsələyə münasibət bildirilmiş, ticari-iqtisadi əlaqələrin, o cümlədən əmtəə dövriyyəsinin genişləndirilməsi ilə bağlı nümayəndə heyətlərinin üzvlərinə müvafiq tapşırıqlar verilmişdi. Heç şübhəsiz, bütün bunlar, eləcə də imzalanmış yeni sənədlər ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı ticarətin həcminin artırılmasına imkan verəcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


