Ümummilli lider Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olub. Ulu öndər daxili imkanları hesabına ölkənin əsas ərzaq məhsulları ilə təminatına böyük önəm verib və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülüb.
Ümummilli liderin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülən işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılması reallaşıb.
Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi sayəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir. Ölkə rəhbərinin tövsiyəsi ilə iqtisadiyyatın ən vacib sahəsi olan kənd təsərrüfatında hazırda istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanıb. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilib, həmçinin aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılıb, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılıb.
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulur. Mütəxəssislər bu məqsədə nail olmaq üçün vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunmasını ön plana çəkirlər. Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına Azərbaycanda illik taxıl istehsalını 2,8-3 milyon tona çatdırmaq üçün real imkanlar var. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.
Bölgələrdə taxıl biçininin davam etdiyi indiki dövrdə bu sahədə əldə olunan göstəricilər də qarşıya qoyulan vəzifənin uğurla icrasından xəbər verir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, artıq 658 min 339 hektar sahədə biçin başa çatıb, 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edib. Bugünədək 16 rayonda taxıl sahələrinin 90 faizindən çoxunda isə biçin başa çatıb.
Bundan əlavə, ölkə üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333 min 88 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb. Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beyləqan rayonunda yaratdığı “ağıllı kənd təsərrüfatı” taxıl sahəsində isə 1 hektar sahədən 80 sentner məhsul yığılıb.
Xatırladaq ki, layihədə əsas məqsəd ölkədə ərzaq təhlükəsizliyinin təminatına töhfə verməkdən ibarətdir. AEBA-nın təşəbbüsü ilə buğda istehsalında “ağıllı kənd təsərrüfatı təcrübəsi” 3 bölgədə yaradılan fermer təsərrüfatlarında tətbiq edilib. Agentliyin koordinatoru Nəzakət İsmayılzadənin sözlərinə görə, ərzaq təhlükəsizliyinin icrası məqsədilə ötən il nazirliklə birgə təbii resursların, yəni torpaq, su, qida maddələrinin səmərəli istifadəsi hesabına buğda istehsalının artırılması konsepsiyası hazırlanıb.
Azərbaycanda qlobal istiləşmə şəraitində buğda istehsalının artırılması üçün “ağıllı kənd təsərrüfatı” təcrübəsinin yayılması üçün Bərdə, Beyləqan və Sabirabad rayonlarında 3 hektar ərazidə 3 metod əsasında təcrübə əkinləri həyata keçirilib. Yeri gəlmişkən, “ağıllı kənd təsərrüfatı” təcrübələri əsasında digər metodlardan fərqli olaraq hər hektara minimum həddə toxum səpilib. Bitkinin becərilməsi zamanı azot və fosfor olmaqla digər fərqli qida maddələri tətbiq olunub. Həmçinin bitkinin yemləmə və suvarılması da təklif olunan təcrübəyə əsasən aparılıb. Nəticədə yüksək məhsuldarlıq əldə olunub.
Səpin işləri zamanı yerli “Şəfəq-2”, eləcə də “Tanya” və “Alekseyeviç” kimi xarici sortlardan istifadə edilib. Yerli sortun məhsuldarlığı isə digərlərinə nisbətən daha yüksək olub.
V. BAYRAMOV,
“Xalq qəzeti”