Kənd tərəqqinin önəmli cəbhəsidir

post-img

Son illər ölkəmizdə ərzaq təhlükəsizliyi həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Qlobal bazarlarda baş verən hadisələr isə bu amilə diqqəti daha da gücləndirib, bir sıra zəruri məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün görülən davamlı tədbirlərlə bərabər, yeni yanaşmalardan da istifadəni önə çıxarıb.

Dövlətimizin başçısı tərəfindən qəbul edilən müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə qurulan çoxşaxəli dövlət dəstəyi siste­mi mütəmadi olaraq təkmilləşdirilir, yeni mexanizmlər işlənib hazırlanır, ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən geniş­miqyaslı layihələrlə bu sahənin potensialı gücləndirilir. Belə bir şəraitdə isə, təbii ki, kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımı aydın nəzərə çarpır. Bütün bunların ifadəsi statistik göstəricilərdə də diqqət çəkir. Belə ki, təkcə cari ilin yan­var-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib. Bu məbləğin 2 milyard 372,3 mil­yon manatı heyvandarlıq, 743,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Yeri gəlmişkən, aqrar sektorda məh­sul istehsalının artımında meliorasiya-ir­riqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi xüsusi rol oynayıb. Xatırladaq ki, bu məqsədlə dövlət büdcə­si vəsaiti hesabına reallaşdlrılan böyük miqyaslı layihələrin icrası nəticəsində son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaş­dırılıb, 188 min hektar sahə yeni suvarı­lan torpaqlar qrupuna əlavə edilib. Həm­çinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı 5 faizdən çox artıb. 

Artıq ölkədə kənd təsərrüfatı sahə­sində innovasiyaların tətbiqi ilə bağlı çox­saylı təcrübələr də mövcuddur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfin­dən isə kommersiya məqsədilə torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunur.

Fermerlərin gübrə, pestisid və kənd təsərrüfatı texnikası ilə təminatının yaxşı­laşdırılması üçün göstərilən dövlət dəstə­yi tədbirləri də öz müsbət nəticələrini verib. Kənd təsərrüfatı üzrə texnika par­kının genişləndirilməsi hesabına artıq bir traktora düşən əkin sahəsi 45 hektar, bir taxılyığan kombayna düşən əkin sahəsi 269 hektar, bir pambıqyığan kombayna düşən əkin sahəsi isə 203 hektar təşkil edib. Bu da ölkədə kənd təsərrüfatı tex­nikası ilə təminatın kifayət qədər yüksək olmasını xarakterizə edən göstərici kimi diqqət çəkir. 

Burada ən mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləşdiril­məsidir. Başqa sözlə, ölkədə nəzərdə tutulan həcmdə istehsal oluna bilməyən buğda, şəkər və bitki yağları xammalı və s. məhsullar daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlar yaradılır, emal olunur və hətta ixrac edilir. Dövlət dəstəyi hesa­bına regionlarda 400 min ton tutumlu so­yuducu anbarlar, 1,9 milyon ton tutumlu müasir taxıl elevatorları və digər logistika obyektlərinin istifadəyə verilməsi bunun bariz ifadəsidir. 

Aqrar sahədə göstərilən dövlət xid­mətlərinin optimallaşdırılması, səmərəlili­yinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə institusional islahatların icrası da diqqət mərkəzində saxlanılıb. “Elekt­ron kənd təsərrüfatı” informasiya sistemi­nin tətbiq edilməsinə başlanılıb, 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandar­lıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq adıçəkilən sistem vasitəsilə verilməsi təmin edilib.

Kənd təsərrüfatı məhsulları istehsal­çılarının dövlət qayğısı ilə əhatə olunma­sı bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifa­dədə kənd təsərrüfatı məhsulları istehsalı 4,8 faiz (o cümlədən, bitkiçilik məhsulları istehsalı 53 faiz, heyvandarlıq məhsulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz yüksəlib ki, bu da xüsusilə ilkin kənd təsərrüfatı məh­sullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına baş verib.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələ­rindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq aqrar sektorun əsasını təşkil edərək əhalinin çörək və çörək məmulat­larına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemlə təminatında mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafı prioritet istiqamət­dir. 

Yeri gəlmişkən, Azərbaycanda 2022-2023-cü təsərrüfat ilində 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlə­rin sahəsi 2021-2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çox olub. Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğ­da, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edib. Bun­dan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb. Ötən təsərrüfat ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edib.

Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası ilə bağlı mühüm önəm daşıyan bir məsələyə də toxunmaq istərdik. Prezident, Ali Baş Komandan İl­ham Əliyevin rəhbərliyi ilə müzəffər ordu­muz tərəfindən torpaqlarımızın işğaldan azad olunması respublikamızda kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edil­məsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 27 aprel tarixli fərmanının icrası çərçivəsin­də ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfa­tı əkinlərinin həyata keçirilməsi işlərinə başlanılıb. Artıq on min hektarlarla tor­paq sahələri əkinə cəlb edilib, Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına arı ailələrinin, qoyunçuluq təsərrüfatlarının köçürülməsi gerçəkləşdirilib.

Mütəxəssislər işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası nəticəsində taxıl və yem bitkiləri, həmçi­nin heyvandarlıq məhsulları istehsalında artımın təmin ediləcəyini bildirirlər. Eyni zamanda, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalını təqribən 400 min tona, ət istehsalını 45 min tona və süd istehsalını 240 min tona çatdırmağın mümkünlüyü vurğulanır. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat