DƏRBƏNDİM

post-img

Dağları, düzləri güllü, çiçəkli,

Gülü yaz gönçəli teli ləçəkli.

Havası həzin meh, çəməni şehli,

Qədim tarixlərin sözü Dərbəndim.

Qalası baş tacı, Xəzəri sərin,

Adının, özünün mənası dərin.

Çeşmə bulaqları mirvarim, zərim,

Ulu babaların izi Dərbəndim.

Peyğəmbər süfrəsin çırpıbdır səndə,

Bərəkəti səpələnib hər bəndə.

Sənlə ruhlanıram, inan ki, mən də,

Bütün millətlərin gözü Dərbəndim.

Zeynəbin gözündə dağdan ucasan,

Nə olsun qədimsən, ya ki qocasan.

Məni anam kimi sevib qucasan,

Bu qəmli şairin üzü Dərbəndim.

Zeynəb DƏRBƏNDLİ

PAYIZ

Payızın təmtəraq sorağına bax,

Yarpağın qızaran yanağına bax,

Zoğalın alışan çırağına bax,

Əbədi açılmaz sirdi bu payız.

Gilavar dalınca ötür gilavar,

Küləklər bir-birin qaça-qaç qovar,

Belə bir payızdan, söylə, harda var,

Elə bil əzəldən birdi bu payız.

Qəlbimin evinə çəkdim selini,

Duman əzizləyir dağın belini.

Şair Qəribsəsin könül telini,

Bir üsyan qopardı, qırdı bu payız.

Fəxrəddin Oruc QƏRİBSƏS

KİMİMSƏN MƏNİM 

Əgər isidirsə qəlbimi odun -

Sən niyə bilmirsən, kimimsən mənim?

Ruhu ulu babam Dədə Qorqudun

Sazında olmayan simimsən mənim.

Əgər çiçəksənsə, seyranın ollam,

Ömrüm boyu sənin heyranın ollam.

Qaçırsan yuxumu, qurbanın ollam,

Çağır - hənirtimsən, himimsən mənim.

Çörəyə xor baxan duzdan da olar,

Qışı bəyənməyən yazdan da olar.

Deyim, çox istəyən azdan da olar,

Qoy olsun, azımsan, kəmimsən mənim.

Sandım, istəyinin qayəsiyəm mən,

Demə, qəmlərinin baisiyəm mən.

Məhəbbət dininin banisiyəm mən-

Təzə yaratdığım dinimsən mənim.

Təhmiraz İMAMOV

XƏYAL

Dünənki axşamdı xəyallarımda.

Tərk etdik səninlə aulu bir an.

Sükut çəpər çəkdi dağ yollarında

Sükutla bərabər, məndim oxuyam...

Xəyallar günümü dünənə açdı,

Çiçək gözlərində açan mən idim.

Ah, səni xoşbəxtlik necə qucmuşdu,

Sənin həsrətini qucan mən idim.

Dünənki axşamdı, dağ yollarında

Qoy gecə uzansın, Ay pıçıldasın.

Elə hey danışır xəyallarım da, 

Səninlə... sevgidən qoy pıçıldasın.

Elman ABBAS

TƏNHAYAM

Sənsiz bircə gün də dözülməz olur,

Mən heç özümə yer tapa bilmirəm.

Axı dağlar boyda dərd nəyə lazım?

Mən acı dərdlərlə çox üzülürəm.

Bütün acılara dözüb durardım,

Təkcə həmişəlik ayrılığa yox.

Biz necə ayrıldıq, mən anlamadım,

Sanki, ürəyimə sancıldı bir ox.

Artıq aramızda eşq odu yoxdur,

Həsrətdən ürəyim donub üşüyür.

Əgər istəsəydin bunlar olmazdı,

Ayrılıq həsrəti qəlbimi oyur.

Bir kəlmə demədən, sağollaşmadan,

Öz əllərinlə qapını bağladın.

Verdiyin o yalan vədələrinlə,

Gülə-gülə ürəyimi dağladın.

Sızır pəncərəmdən payız yağışı,

Ürəyim tək-tənha döyünür yenə.

Bilirəm ki, sənsən tək xilaskarım,

Baxıram qapıya mən dönə-dönə.

Safiyat CALĞANLI

NARINQALA

Qoca tarix bizi salanda qana

Dərbənd ocağında bir od qaladı.

Anatək yer verdi qoynunda ona,

Adı da qəribə - Narınqaladı.

Uca dağ döşündə yerləşən qala

Azğın düşmənlərə sinə gəribdi.

Neçə əsrləri salsa da yola,

İndi tək-tənhadı, indi qəribdi.

Şəninə nəğmələr yazmaqçın bu gün

Min yol boşalasan, dolasan gərək.

Onun şöhrətini artırmaq üçün

Divarının daşı olasan gərək.

Tahir SALEH











Mədəniyyət