“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Balakən” gəmi-bərəsi əsaslı təmir edilib.
Gəmiçilikdən verilən məlumata görə, Zığ gəmi təmiri və tikintisi zavodunda gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip “İnmarsat-C” peyk rabitə stansiyası, radiolokasiya cavabvericiləri, avtomatik identifikasiya sistemi və radiolokasiya stansiyaları quraşdırılıb. Bundan əlavə, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.
Təmir işləri çərçivəsində, həmçinin gəmi-bərənin sualtı və suüstü hissəsi, baş göyərtəsi də təmizlənərək rənglənib. İşlər başa çatdırıldıqdan sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb.
Qeyd edək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan “Balakən” gəmi-bərəsinin maksimal sürəti 13,9 uzeldir. Bərənin göyərtəsinə 54 vaqon yükləmək mümkündür.
“Xalq qəzeti”