Avtomobillərin icbari sığorta yığımı 60 faiz çoxalıb

post-img

2023-cü ilin yanvar-may aylarında ölkədə avtomobillərin icbari sığortası üzrə yığımlar 62 milyon 945,3 min manata çatıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz və ya 23 milyon 613,3 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-may aylarında bu sahədə 39 milyon 332,5 min manat sığorta haqqı yığılıb. 

Cari ilin 5 ayında avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 39 milyon 101,5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz və ya 3 milyon 159 min manat çoxdur. Xatırladaq ki, ötən ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 35 milyon 942,5min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə avtomobillərin icbari sığorta­sı üzrə zərərliliyi 32 faiz azaldıb. Belə ki, 2022-ci ilin yanvar-may aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 91,4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 5 ayında bu rəqəm 62,1 ma­nata enib.

“Xalq qəzeti”

İqtisadiyyat