İnflyasiya tempi azalır

post-img

Mərkəzi Bankın məlumatına əsasən, ötən ayda əvvəlki aya nəzərən 0,4 faizlik deflyasiya qeydə alınıb, illik inflyasiya 11,5 faiz təşkil edib ki, bu da keçən ilin sentyabr ayında qeydə alınan pik səviyyə ilə müqayisədə 4,1 faiz aşağıdır.

Məlumatda illik ər­zaq inflyasiyasının 12,7 faizə enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymət­lərin aşağı düşməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiya­dan əvvəlki səviyyədə qeydə alınması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, elə­cə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması vurğulanıb. 

Bankın məlumatında daha sonra deyilir ki, qlobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtə­lif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozu­nun azaldılmasına şərait yaradır.

“Xalq qəzeti”

İqtisadiyyat