Bu il də aqrar sahədən bol məhsul gözlənilir

post-img

Azərbaycanda ərzaq təhlükə­sizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrü­fatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ölkənin ixrac potensialının artırılması məqsə­dilə mühüm tədbirlər həyata ke­çirilir. Bu da öz növbəsində kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın bir dövr ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının is­tehsalı iki dəfəyə yaxın artıb. 

Ölkədə məhsul bolluğuna nail olun­ması yazlıq bitkilərin aqrotexniki qay­dada aparılmasından çox asılıdır. Bu məqsədlə ilin əvvəlindən başlayaraq ölkə üzrə dənli və dənli paxlalı bitkilərin, dən üçün günəbaxan, pambıq, şəkər çuğun­duru, tütün, kartofun, eləcə də tərəvəz və bostan bitkilərinin əkin sahələri xeyli genişləndirilib. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkə üzrə cari ilin məhsulu üçün 266 min 789,3 hektar sahədə yazlıq səpin aparı­lıb. 

Cari ilin yanvar-aprel aylarında ölkə üzrə 21 min 687, 2 hektar sahədə qar­ğıdalı əkilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 713,3 hektar çoxdur. İlin ötən 4 ayı ərzində dənli və dənli pax­lalı bitkilərdən sayılan buğda və vələmirin əkinində nisbətən azalma baş versə də, çəltik əkinində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, hesabat dövründə çəltikçi­liklə məşğul olan təsərrüfat sahibləri 311 hektarda sahədə əkin aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 110 hektar və ya 54,7 faiz çoxdur. Bu isə son illər ölkədə qədim əkin növünə marağın getdikcə artması ilə izah olunmalıdır. Bundan əlavə, ilin ötən 4 ayında ölkə üzrə 4314,5 hektar şəkər çuğunduru, 72 min 181 hektar pambıq, 1242,6 hektar tütün, 45 min 907,7 hektar kartof, 42 min 943 hektar tərəvəz, 10 min 788,5 hektar bostan bitkiləri əkilib. 

Yazlıq bitkilərin bölgələr üzrə əkininə gəldikdə isə, bu sahədə ən böyük artım Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb. Belə ki, yanvar-aprel aylarında adıçəkilən iqtisadi rayon üzrə 27 min 504,3 hektar sahədə əkin aparılıb ki, bu da əvvəlki ilin ilk dörd ayı ilə müqayisə­də 3434,2 hektar və ya 14,3 faiz artım deməkdir. Hesabat dövründə Quba-Xaç­maz və Lənkəran-Astara iqtisadi rayon­larında da yazlıq bitkilərin əkinində artım baş verib. 

Yanvar-aprel aylarında dənli və dənli paxlalı bitkilərin əkini üzrə ən yüksək ar­tım Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Belə ki, hesabat dövründə adıçə­kilən iqtisadi rayon üzrə 1520 hektar əra­zidə əkin aparılıb ki, bu da 2022-ci ilin eyni dövründəkindən 152 dəfə çoxdur. Bununla yanaşı, ilin 4 ayı ərzində Gən­cə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında, habelə Naxçıvan Muxtar Respublikasında da dənli və dənli paxlalı bitkilərin əkinində artım müşahidə olu­nub. Eyni zamanda, hesabat dövründə Şəki-Zaqatala, Şərqi-Zəngəzur, Mil-Mu­ğan, Gəncə-Daşkəsən və Lənkəran-As­tara iqtisadi rayonları üzrə qarğıdalı əki­nində əhəmiyyətli artım baş verib. 

Dən üçün günəbaxan əkininə gəl­dikdə isə, ilin ötən dövründə ölkə üzrə bu sahədə müəyyən azalma müşahidə olunub. Bununla belə, Şərqi Zəngəzur, Mil-Muğan, Mərkəzi Aran və Qazax-To­vuz iqtisadi rayonlarında əkin sahələri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artırılıb. 

2023-cü ilin yanvar-aprel aylarında ölkədə şəkər çuğundurunun əkinində 2,8 faiz artım baş verib. Göstərilən dövrdə bu sahədə ən yüksək artım Şəki-Zaqa­tala (2,6 dəfə) iqtisadi rayonunda qeydə alınıb. Bununla yanaşı, ilin ilk 4 ayında Dağlıq Şirvan, Gəncə-Daşkəsən və Qa­zax-Tovuz iqtisadi rayonlarında da şəkər çuğundurunun əkinində artım dinamikası yüksək olub. 

Bu ilin ötən dövründə Azərbaycan­da tütün əkinində də əhəmiyyətli artım qeydə alınıb. Tütün əkini sahəsində ən yüksək artım isə Şəki-Zaqatala iqtisadi rayonunda baş verib. Belə ki, hesabat dövründə adıçəkilən iqtisadi rayon üzrə 1193,6 hektar sahədə tütün əkilib ki, bu da əvvəlki ilin ilk 4 ayı ilə müqayisədə 446,2 hektar və ya 59,7 faiz çoxdur. 

Cari ilin yanvar-aprel aylarında ölkə üzrə kartof, tərəvəz və bostan bitkiləri­nin əkinində azalma müşahidə olunsa da, Abşeron-Xızı, Qarabağ, Qazax-To­vuz, Lənkəran-Astara, Dağlıq Şirvan və Şirvan-Salyan iqtisadi rayonlarında əkin sahələri xeyli genişləndirilib. 

Göründüyü kimi, ölkə əhalisinin ya­rısından çoxunun yaşadığı regionlarda sosial-iqtisadi inkişafa dair dövlət proq­ramları çərçivəsində həyata keçirilən təd­birlərin iqtisadi səmərəsi getdikcə artır. Ötən 20 ilə yaxın müddətdə reallaşdırılan dövlət proqramları aqrar sektorda böyük canlanmaya səbəb olub. Bütövlükdə isə, son illər ölkə üzrə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısının nəticəsi olaraq bölgələrdə aqrar sahə ilə məşğul olan fermerlərə hərtərəfli yar­dımlar edilir. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlərdəndir. Mühüm növ kənd təsər­rüfatı məhsullarının istehsalı üçün verilən subsidiyalar, bir sıra vergi güzəştləri, fer­merlərin texnikaya, maşın və mexanizm­lərə əlçatanlığının təmin edilməsi isə əkin sahələrinin genişləndirilməsi üçün yaxşı imkanlar yaradır.

Bütövlükdə isə, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu rəqəm ildən-ilə daha da yüksələcək. Yeri gəlmişkən, Prezi­dent İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azər­baycan Respublikasında kənd təsərrü­fatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ənənəvi təsər­rüfatçılıqdan bazaryönümlü əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi hesabına rəqabətqabiliy­yətli aqrobiznesi formalaşdırmağı nəzər­də tutur. 

...Bir qədər əvvəl ölkədə bəzi möv­sümi kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. Bunun nəticəsidir ki, hazırda dükan-bazarlarda kartof və tərəvəz məhsullarının bolluğu müşahidə olunur. Yaxın vaxtlarda digər kənd təsər­rüfatı məhsullarının, o cümlədən dənli və dənli paxlalıların da yığımına başlanıla­caq. Mövsüm ərzində havaların nisbətən yağmurlu keçməsi sahələrdə bol məhsu­lun yetişməsinə səbəb olub. Bu isə həm fermerlər, həm də alıcılar üçün müsbət haldır. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat