Son illər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabətqabiliyyətli müasir istehsal sahələri yaradılır, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu da sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanşı, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,1 faiz artım baş verib.
ÜDM istehsalının 46,8 faizi ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin payına düşüb. Bu ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 24,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma isə ölkənin neft-qaz sektorunda məhsul istehsalının 3,3 faiz aşağı düşməsi ilə bağlı olub. Belə ki, cari ilin ilk dörd ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,9 faiz artıb.
Bununla belə, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verib. Elə bu ilin yanvar-aprel aylarında ölkənin qeyri-neft sektorunda baş vermiş 6,1 faizlik artım da bunu təsdiqləyir. Hesabat dövründə sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Cari ilin yanvar-aprel aylarında emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatlar istehsalı 90,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, poliqrafiya məhsullarının istehsalı 44,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5 faiz, kağız və karton istehsalı 40,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, tikinti materiallarının istehsalı 20,5 faiz, içkilərin istehsalı 18,1 faiz, neft məhsullarının istehsalı 18,1 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 9,8 faiz, mebel istehsalı 7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb.
Bu ilin 4 ayında ölkə sənayesinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz çoxalıb.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da ölkəmizdə qeyri-neft sənayesində mühüm növ malların istehsalının getdikcə artmasına səbəb olur. Qeyri-neft sənayesində məhsul istehsalının artması isə ölkənin ixrac potensialının genişləndirilməsinə mühüm töhfələr verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm növ sənaye məhsulllarından sayılan polipropilen ixracı 80,3 faiz, polietilen 21,1 faiz, metallardan borular 20 faiz, mineral gübrələr 17,2 faiz, pambıq ipliyi 14,8 faiz, emal olunmamış alüminium isə 0,8 faiz artıb.
Yeri gəlmişkən, bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC ixrac gəlirlərini 2,2 dəfə artırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın məlumatına görə, hesabat dövründə adıçəkilən müəssisə tərəfindən 45,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 milyon dollar və yaxud 2,2 dəfə çoxdur. Xatırladaq ki, ölkənin əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olan “Azəralüminium” MMC-nin istehsal etdiyi boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.
Azərbaycanda qeyri-neft sənayesi müəssisələrinin yaradılması dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Yerli xammal hesabına ölkənin qeyri-neft sənayesində rəqabətqabiliyyətli, ixrac yönümlü məhsulların istehsalı üçün isə imkanlar olduqca genişdir. Bu baxımdan son illər yaradılmış sənaye parkları və məhəllələri müstəsna rol oynayır. Təsadüfi deyil ki, sənaye zonalarında yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr ölkənin sənaye potensialının artmasında, ixrac yönümlü məhsulların istehsalında mühüm yer tutur.
Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. İqtisadi Zonaların İnkişafı Agentliyi idarə heyətinin sədri Elşad Nuriyevin bildirdiyinə görə, ötən müddətdə sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb. Bunun da hesabına ölkədə 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən, ümumilikdə, 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşüb. Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,8 faiz artıb.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

