Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığı dərinləşdirən güclü potensial var. Məsələn, hər iki dövlət bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə fəaliyyət göstərir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi mənbələrini hərəkətə gətirir.
Hazırda Azərbaycan və Litvada bu istiqamətdə bir sıra layihələr gerçəkləşdirilir. Respublikamızda enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, Azərbaycanın qarşısında ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən yararlanmaq önəmli vəzifə kimi durur. Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan tərəfindən “Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumu”nun imzalanması da bunun bariz ifadəsidir. Respublikamız məhz həmin memorandumun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.
Yeri gəlmişkən, əgər 2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olubsa, həmin göstəricinin bu il 12 milyard kubmetrə çatdırılacağı və bunun 2027-ci ilə qədər 20 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur. Dövlətimizin başçısının sözlərinə əsasən, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur.
Ölkəmiz hazırda mövcud yataqlardan daha çox qaz hasil edir. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanacağı gözlənilir. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradır. Buna görə də Avropanın etibarlı təchizatçısı kimi, Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Hazırda isə ölkəmiz hidrogeni, o cümlədən “yaşıl hidrogen”i tədarük etməyi planlaşdırır. Bütün bunlar respublikamızın Avropa İttifaqı ilə əməkdaşlığının strateji çərçivəsinin bir hissəsidir.
Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan–Litva biznes forumundakı çıxışında işgüzar dairələrin nəzərə alacaqları digər mühüm sahəyə–logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala da toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük”.
Həqiqətən də, ölkə rəhbərinin nitqində vurğulandığı kimi, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu isə Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq zərurəti yaradır. Onu da deyək ki, bu zərurətin gerçəkləşməsi neçə ildir ki, davam edir. Avropanın enerji xəritəsinin Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişməsi də məhz bunun əyani nümunəsidir. Bu məsələdə enerjidaşıyıcıları amili, neft-qaz xətlərinin şaxələndirilməsi önəmli rol oynayır. Başqa sözlə, Azərbaycan neft və qaz boru kəmərləri ilə regionda tamamilə yeni vəziyyət yaradır. Prezident İlham Əliyevin fikirlərinə əsaslanaraq, eyni sözləri daşımalara da aid etmək mümkündür. Azərbaycanın qonşuları və tərəfdaşları ilə yeni bağlantılar yaratması da bunun təsdiqidir. Bakının dəniz limanı infrastrukturuna, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə böyük investisiya qoyması təbii ki, qeyd edilən bağlantıların möhkəmlənməsini, daşımaların həcminin daha da artmasını şərtləndirir. Litvanın biznes dairələrinin də bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Bir sözlə, Azərbaycanın yükdaşımaları sistemində böyük imkanlar var. Belə bir şəraitin hazırkı geosiyasi vəziyyətdə əlavə dəyərin əldə olunmasına da mühüm təsiri danılmazdır.
Dövlətimizin başçısı biznes forumda iki ölkə arasında qarşılıqlı əməkdaşlığı ifadə edən iqtisadi göstəricilərə diqqət yetirərkən, Azərbaycanın dinamik inkişaf yolunda uğurlu addımlar atdığını, xarici borcumuzun çox aşağı səviyyədə, ümumi daxili məhsulun 10 faizindən də az olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, milli valyutamızın sabit qaldığını, bunun isə xarici ticarət balansında artıqlıq yaranması ilə bağlılıqdan irəli gəldiyini söyləyib. Prezident İlham Əliyev daha sonra deyib: “Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq”.
Litva Prezidenti Gitanas Nauseda da çıxışında Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirib. Dost ölkə rəhbəri çıxışında Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi gördüyünü, Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələrinin litvalı iş adamlarını cəlb etdiyini bildirib və keçmişdə Litvanın özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə yararlanmaq bacarığını sübuta yetirdiyini söyləyib.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Litva–Azərbaycan iqtisadi əlaqələrinin zəngin tarixi ənənələri mövcuddur. Belə ki, hələ keçmiş Sovet İttifaqı dövründən respublikalar arasında iqtisadi-mədəni əlaqələr yüksək səviyyədə olub. Müstəqillik dövründə Litva bizim müstəqilliyimizi tanıyan ilk respublikalardan biri kimi tanınıb. 2007-ci ildə ölkələrimiz arasında strateji əməkdaşlıq haqqında dövlətlərarası saziş imzalanıb. Hazırda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il ölkələrimiz arasında iqtisadi dövriyyə 32 milyon 911 min dollar həcmində olub.
Belə bir göstərici deməyə əsas verir ki, Litva–Azərbaycan iqtisadi əlaqələrinin geniş potensialı var və onun inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur.
İqtisadi inkişaf baxımından Litva və Azərbaycan arasında oxşar cəhətlər də çoxdur. Belə ki, respublikamız Cənubi Qafqazın ən inkişaf etmiş iqtisadiyyatına malikdirsə, Litva da Baltikyanı ölkələrdən ən inkişaf etmiş iqtisadiyyata sahibdir. Həmçinin Litvanın da ölkəmiz kimi nəqliyyat–loqistika infrastrukturu şaxələndirilib, müasir tələblərə cavab verən yollar var.
Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcək töhfələr çoxdur. Belə ki, Litva Avropa İttifaqının təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkəsidir. Burada ali təhsilli gənclərin sayı 56 faizdən yuxarıdır və bu göstəriciyə görə, Litva Avropa İttifaqında lider mövqedədir.
Litvada 7 Azad İqtisadi Zona fəaliyyət göstərir ki, bu zona investisiya mühiti və Avropa İttifaqı bazarlarına çıxış əldə etmək üçün çox əlverişli bir məkandır. Bu, bizim sahibkarlar və qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün Avropa bazarlarına çıxışa əlverişli şərait yarada bilər.
Ölkələrimiz arasında müxtəlif sahələrdə–energetika, yaşıl enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əleyhinə layihələr üzrə əməkdaşlıq üçün sazişlər imzalanıb. Gələcəkdə işğaldan azad olunan bölgələrimizdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasının qurulmasında, İT sahəsində mütəxəssislərin yetişdirilməsində, qeyri-neft sektorunun inkişafında Litva əhəmiyyətli töhfələr verə bilər.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


