Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı uğurla davam edir. Son illər ölkəmiz özünü bu sahədə etibarlı tərəfdaş kimi təqdim etməyi bacarıb. Məhz bunun nəticəsidir ki, indi Avropa təbii qaza olan ehtiyacının ödənilməsində Azərbaycana daha böyük ümidlər bəsləyir. Elə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson da bu yaxınlarda Azərbaycanı Ümumavropa qaz təchizatçısı adlandırıb. Bu da təsadüfi deyil. Belə ki, Beynəlxalq Enerji Agentliyinin ötən həftə yaydığı hesabata əsasən, 2022-2023-cü illər istilik mövsümündə Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki istilik mövsümü ilə müqayisədə 15 faiz (yaxud 0,8 milyard kubmetr) artıb.
Məlum olduğu kimi, Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də də başlayıb. Ötən müddətdə Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri vasitəsilə kommersiya istismarı başladıqdan sonra, ümumilikdə, 22 milyard kubmetr qaz nəql olunub. Bu il isə ölkəmiz Avropaya daha 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Bununla yanaşı, Azərbaycan qazının əsas alıcısı sayılan Türkiyəyə də qaz ixracı ildən-ilə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin fevralında Azərbaycan qardaş ölkəyə 815,73 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68,21 milyon kubmetr və ya 9,12 faiz çoxdur. Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin ötən cümə axşamı yaydığı məlumata görə, Azərbaycan bu dövrdəTürkiyəyə təbii qaz ixracının həcminə görə üçüncü yer tutub.
Mütəxəssislər Azərbaycanın ümumi qaz ehtiyatlarını 2,6 trilyon kubmetr həcmində qiymətləndirirlər. Mövcud ehtiyatlar isə bundan daha çox ola bilər. Belə ki, “Şahdəniz” yatağından qaz hasilatının ildən-ilə artırılması ilə yanaşı, yaxın gələcəkdə “Ümid-Babək”, “Abşeron”, “Qarabağ” və “Şəfəq-Asiman” kimi yataqların da istismara veriləcəyi gözlənilir. Bununla yanaşı, “Azəri-Çıraq-Günəşli”də “dərin qaz” adlanan layihəyə də ümidlər böyükdür. Bu isə onu deməyə əsas verir ki, artan qaz həcmləri fonunda Azərbaycanın ixrac imkanları bir qədər də genişlənəcək. Məlum olduğu kimi, hazırda Cənub Qaz Dəhlizinin mühüm seqmentləri olan TANAP-ın illik ötürücülük gücü 16 milyard kubmetr, TAP-ın gücü isə 10 milyard kubmetr təşkil edir. Avropanın təbii qaza artmaqda olan tələbatı hər iki kəmərin genişləndirilməsi zərurətini yaradır. Hazırda bu istiqamətdə də müvafiq işlər görülür.
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev qazın nəqli üçün imkanların olduğunu diqqətə çatdıraraq, ilk növbədə, Trans-Adriatik kəmərinin genişləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı qeyd edib ki, TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir: “TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.
Azərbaycanın yaxın illərdə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyini əminliklə söyləyən Prezident İlham Əliyev bildirib ki, bütün layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyac var. Dövlət başçısı bununla bağlı deyib: “Biz elə bir vəziyyətə düşmək istəmirik ki, planlaşdırmadığımız halda milyardlarla dollar sərmayə yatıraq və sonra bizə desinlər, bizim artıq hidrogenimiz var, təşəkkür və əlvida”. Bu da onu deməyə əsas verir ki, Avropanın “yaşıl keçid”ə istiqamət aldığı hazırkı şəraitdə qazın alqı-satqısı ilə bağlı müqavilələr uzunmüddətli olmalı və konkret şərtlərə əsaslanmalıdır.
Mərkəzi Asiya qazının Avropa məkanına Azərbaycan üzərindən nəqlinə gəldikdə isə, Prezident İlham Əliyevin bununla bağlı da mövqeyi aydın və konkretdir. Şuşa konfransında bu qərarın təbii ehtiyatların sahibləri tərəfindən verilməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, neft və qaz satışından əldə etdiyimiz gəlirin fonunda tranzitdə əldə edə biləcəyimiz vəsait o qədər də böyük deyil: “Yəni, bunun mühüm iqtisadi əhəmiyyəti yoxdur. Bu, sadəcə, enerji təhlükəsizliyinə töhfədir, Şərq və Qərbdə olan dostlarımız üçün vasitəçi olmaqdır. Bir sözlə, biz bu layihənin təşəbbüskarı və onu maliyyələşdirən ola bilmərik”.
Göründüyü kimi, regionda həyata keçirilən mühüm enerji və nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası enerji təhlükəsizliyinə töhfə verə biləcək istənilən təşəbbüsü dəstəkləməyə hər an hazırdır.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən məlum tədbirdə bəyan edib ki, biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atırıq. Bu o deməkdir ki, rəsmi Bakı, əvvəllər olduğu kimi, indi də Avropa İttifaqı ölkələri ilə uzunmüddətli enerji əməkdaşlığını gerçəkləşdirmək üçün hökumət səviyyəsində fəal iş aparır.
Buna bariz sübut kimi mayın 2-də Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunu misal göstərmək olar. Belə ki, Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun yaydığı məlumata görə, Brüsseldə tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı, qaz təchizatı ilə bağlı vəziyyəti, Cənub Qaz Dəhlizinin genişləndirilməsini, “təmiz enerji”yə keçid üzrə əməkdaşlığı müzakirə ediblər.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanla əməkdaşlıqdan məmnunluq hissi keçirdiyini ifadə edərək deyib ki, Avropa İttifaqı bu qışı yarım dolu qaz anbarları, daha sabit qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla başa vurub. O buna Avropa İttifaqı ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşların atdığı addımlar sayəsində nail ola bildiklərini deyib. Xanım Simson, həmçinin Azərbaycanla strateji əməkdaşlığı reallaşdırmaq əzmində olduqlarını bəyan edib.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də Şuşada keçirilən tədbirdə xanım Simsonun Azərbaycanı Ümum Avropa qaz təchizatçısı adlandırdığını beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”