Gəncə
“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransa qatılmaq üçün Gəncə Dövlət Universitetində (GDU) çoxsaylı alim, politoloq və pedaqoqlar bir araya gəliblər. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Əvvəlcə unudulmaz dahi şəxsiyyətin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ulu öndərin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs ediblər. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu və Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Novruzov müxtəlif məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfransda mövzu ilə bağlı təqdim edilən 616 məqalə 6 cilddə nəşr olunub. Konfrans 15 bölmədə işini davam etdirib.
Sumqayıt
Gənclik şəhərindəki ali təhsil ocağında – Sumqayıt Dövlət Universitetində (SDU) “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramı ulu öndərin mənalı həyat yolundan bəhs edən videoçarxın nümayiş olunması ilə başlayıb. Sonra universitetin əməkdaşı Xalidə Quliyevanın ifasında şair Ramiz Duyğunun müəllifi olduğu “Ulu öndər” şeiri təqdim edilib.
Daha sonra Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Rauf Məmmədov kimi bəstəkarların əsərləri və musiqisi Sevil Əliyevaya məxsus “Ana” mahnısı SDU və Sumqayıt Musiqi Kolleci tələbələrinin ifalarında təqdim olunub.
Kollecinin kamera orkestri və xalq çalğı alətləri ansamblının üzvləri və digər musiqiçilər ümummilli liderimizə həsr olunan mahnı və simfoniya əsərləri ilə bərabər, Vətən, qəhrəmanlıqla bağlı nəğmələr təqdim ediblər.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov və Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva iştirakçıları salamlayıb və tələbələrin uğurlu çıxışlarını yüksək dəyərləndiriblər. Qeyd ediblər ki, tariximizə qızıl hərflərlə həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız dahi rəhbəri özünün tarixində və qəlbində əbədi yaşadacaq.
Masallı
Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının birgə dəstəyi ilə Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “O, Heydər Əliyevdir!” mövzusunda tədbir keçirilib.
YAP fəallarının, kollecin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışaraq dünya liderlərinin dahi şəxsiyyət haqqında fikirlərindən sitatlar səsləndirib. Qeyd olunub ki, öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söhbət açıb. Tədbirdə YAP rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar siyasi və ictimai fəallara fəxri fərmanlar verilib.
Yekunda Masallı Xalq Teatrı aktyorlarının və Masallı Dövlət Regional Kolleci tələblərinin ifasında ulu öndərə həsr edilmiş “Möhtəşəm Qala” kompozisiyası nümayiş olunub.
Şəki
Ulu öndər Heydər Əliyev hər zaman böyüyən nəslin hərtərəfli inkişafı, uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması üçün zəruri tədbirlərin görülməsinin qayğısına qalırdı. Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalı da məhz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda festivalın ilk mərhələsi uğurla başa çatıb. İyirmi gün davam edən seçim turlarında Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından 638 fərdi ifaçı və 25 xalq çalğı alətləri, rəqs və xor kollektivi müxtəlif nominasiyalar üzrə öz istedad və qabiliyyətlərini sərgiləyiblər. Seçim turlarında fərqlənən ifaçılar və kollektivlər festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, 6-17 yaş arasında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda bədii-estetik zövqün formalaşdırılması, mədəniyyətin çeşidli sahələrinə marağın artırılması və yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.
Yardımlı
Rayon icra hakimiyyətinin, Yardımlı rayon Təhsil Sektorunun, həmçinin Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik ideyalarına əsaslanan həyatından və zəngin irsinin gələcək nəsillər üçün xəzinə olduğundan söhbət açıb, dünya şöhrətli dahi şəxsiyyətin irsinin daim öyrənilməsi və təbliğ edilməsinin vacibliyini xüsusi qeyd edib.
Təhsil sektorunun müdiri Kamal Təhməzov və Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev çıxış edərək bildiriblər ki, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu – ulu öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaq.
Biləsuvar
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda keçirilən elmi-praktik konfrans maraqla qarşılanıb.
Heydər Əliyev Mərkəzində keçirilən konfranda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Geniş məruzə edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, ümummilli lider çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Konfransda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat veriblər.
Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”