Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət bildirib ki, ümummilli lider Heydər Əliyevin ömür yolu yeni nəsillər üçün ən mükəmməl örnəkdir. Məktəblilər ulu öndərin ideya-mənəvi irsini dərindən öyrənməli, ondan dövlət və dövlətçilik təcrübəsini əxz etməlidir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, ümummilli lider Azərbaycan dövlətini ən təlatümlü bir mərhələdə böyük bəlalardan xilas edərək sabitlik yoluna çıxarıb. O, Heydər Əliyevin istər milli, istərsə də beynəlxalq miqyasda ən sayılıb-seçilən siyasi liderlərin önündə getdiyini deyib.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dönəmində Azərbaycanı milli maraqlar çərçivəsində idarə etməsinə diqqət çəkib, ulu öndər barədə xatirələrini söyləyib.
BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət isə istər sovet dönəmində, istərsə də müstəqillik illərində ulu öndərin Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutduğuna diqqət çəkib.
Sonra məktəbin bədii özfəaliyyət kollektivlərinin çıxışları təqdim edilib.
Anar ƏLİ, "Xalq qəzeti"