Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ulu öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə tanınmış yerli mütəxəssislərlə yanaşı, Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, Çexiya, Avstriya və İtaliyadan alim və mütəxəssislər əyani və onlayn rejimində iştirak ediblər.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkəmizin dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna rolundan söhbət açıb. O, ulu öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yoluna nəzər salıb.
Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının, mədəniyyətinin, elm və təhsil sistemlərinin inkişafında ümummilli liderin əvəzolunmaz rolundan söz açan nazir müavini qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib.
ADHTİ-nin rektoru, professor Nazim Qasımov ulu öndərin tibb kadrlarının hazırlanmasında, diplomdansonrakı tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafındakı əvəzolunmaz rolunu vurğulayıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ulu öndərin müasir Azərbaycanın inkişaf və tərəqqisindəki rolundan, Milli Məclisin deputatı İlham Məmmədov ümummilli liderin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasından, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsindən bəhs ediblər.
Konfransın işində iştirak edən türkiyəli alimlər – Ümumdünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Hacəttəpə Universitetinin professoru Metin Önerçi və Türkiyə Cümhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrdən söhbət açıblar. Qeyd olunub ki, səhiyyə sahəsində bu əlaqələrin təcəssümü çoxsaylı azərbaycanlı gənclərin Türkiyənin qabaqcıl universitetlərinin tibb fakültələrində təhsil almaları, əldə etdikləri müasir təcrübəni Vətənə qayıdaraq iş yerlərində tətbiq etməklə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdir.
Amerika Ailə Həkimləri Assosiasiyasının üzvü, professor Stiv Stoun Haus Heydər Əliyevin xalqlarımız arasında dostluq əlaqələrinin yaranmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə ulu öndərin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Beynəlxalq elmi-praktik konfrans öz işini panel iclaslarla davam etdirib. Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə, eyni zamanda, tibb elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”